PDF Oxu

Müsahibə

  • 377

Ermənistan PKK terror təşkilatını açıq şəkildə dəstəkləyir

Ermənistan PKK terror təşkilatını açıq şəkildə dəstəkləyir

- Mübariz müəllim, ABŞ-da 2001-ci ilin 11 sentyabrında baş verən terror aktını insanlığa qarşı kütləvi qətliam kimi dəyərləndirmək olarmı?

- 2001-ci il 11 sentyabr hadisələrindən artıq 10 il ötür. 10 il bundan əvvəl dünya yeni bir faciə ilə üz-üzə gəldi. Terrorun ən müdhiş formalarından biri Amerikanın Nord şəhərində baş verdi. 21-ci əsrin başlanğıcında baş vermiş bu hadisə terrorun yeni bir mərhələyə qədəm qoyduğunu göstərdi. Əslində, terrorun tarixi çox qədimdir və terror təşkilatları tarixən də mövcud olub. İyirminci əsrin sonlarında yaradılan terror təşkilatları, faktiki olaraq, yeni mərhələni ortaya qoydu. Yəni texnologiya və texnologiyada əldə olunmuş yeniliklər terror aktlarının həyata keçirilməsində tətbiq olunmağa başladı. Əvvəllər terror hadisələri birbaşa hədəfə yönəlirdisə, sonradan heç bir günahı olmayan əhaliyə, mülki vətəndaşlara qarşı yönəldi. Terrora qarşı mübarizə ümumbəşəri xarakter daşıyır. Terrorizmlə mübarizə tək bir ölkənin işi deyildir, bu, qlobal problemdir. BMT-də dünyanın qlobal problemləri sıralanmış şəkildə verilibdir. Qlobal problemlər içərisində əgər iyirminci əsrin ortalarında dünya müharibəsi təhlükəsi birinci yerdə dayanırdısa, bu gün demək olar ki, qlobal problemlər içərisində terror və terrorun yaratdığı problemlər dünya miqyasında ən təhlükəli problemlərdən biri sayılır. Heç bir ölkə terrordan sığorta olunmayıb və heç bir ölkə terroru təkbaşına aradan qaldıra bilməz. Bəzən düşünürlər ki, texnoloji cəhətdən yüksək inkişaf səviyyəsinə çatmış ölkələrdə kütləvi ölümlə nəticələnən terror aktlarını törətmək o qədər də asan deyil. Lakin 2001-ci il 11 sentyabr hadisələri göstərdi ki, dünyanın ən yüksək inkişaf etmiş və ən böyük hərbi gücə malik ölkəsi olan ABŞ-da dəhşətli terrorun qurbanına çevrildi. Minlərlə insan bu terrorun qurbanı oldu. Bu terror aktında yeni bir metoddan istifadə olundu, hava nəqliyyatından mülki və hərbi xarakterli ictimai-siyasi əhəmiyyət daşıyan obyektlərə zərbələr endirildi. Bu terrorun miqyası daha geniş ola bilərdi. Dərhal ABŞ-da görülmüş qabaqlayıcı tədbirlər terrorun miqyasını qismən də olsa, azaltmağa şərait yaratmış oldu. Həqiqətən də, terrorla mübarizə apararkən, onu yaradan səbəbləri axtarmalıyıq. Nədən bu gün terror qurupları yarana bilir? Onlar haradan qaynaqlanır, ideya mənbəyi nədir? Bu təşkilatların maddi qaynağı haradandır, bura üzvlərin cəlb olunması və özünü qurban kimi fəda etməyə hazır olan insanlar necə hazırlanır və bunların qarşısını almaq mümkündürmü? Əlbəttə, yalnız təbliğatla, profilaktik tədbirlərlə bu cür problemlərin qarşısını almaq mümkün deyil. 2011-ci il sentyabr hadisələrindən sonra ABŞ terrorun qarşısını almaq üçün geniş hərbi əməliyyatlara başladı. Əfqanıstanda, İraqda da bu cür hərbi əməliyyatlar aparılır. ABŞ bu gün ayrı-ayrı bölgələrdə terrorla mübarizə aparmaq üçün hərbi əməliyyatlaranı davam etdirir. Amma bəzən təsir əks-təsirə bərabər olur. Yəni separatçı terror təşkilatları nə qədər küncə sıxılsa, bir o qədər daha dəhşətli formada onun təzahürünü görürük. Terrorla mübarizə bəzən elə təəssürat yaradır ki, terror təşkilatının sonu çatıb və artıq bitmiş hesab olunur. "Əl-Qaida"nın başçısı Üsamə bin Laden Pakistanda Amerikanın xüsusi təyinatlıları tərəfindən qətlə yetirildi. Belə təəssürat yarandı ki, Üsamə bin Ladenin öldürülməsi ilə terror səngiyəcək. Amma bunun əksini gördük. "Əl-Qaida" rəhbərinin öldürülməsi terroru aradan qaldırmadı. Ora yeni rəhbər gəldi və Pakistanda Qərb ölkələrinin ərazilərində ayrı-ayrı terror aktları həyata keçirdi və bu gün də o təhlükələr yaşanmaqdadır.

- Deməli, dünya dövlətləri yeni bir 11 sentyabr terror aktından sığortalanmayıb?

- Bəli, bu cür faciələr baş verə bilər. Terrora qarşı mübarizə üçün dünya miqyasında dövlətlərin bir araya gələrək əvvəl bölgədə olan problemləri çözməsi, o cümlədən, dünyada mövcud olan iqtisadi qeyri-bərabərliyi aradan qaldırmaq üçün ciddi addımlar atmasına ehtiyac vardır. 2001-ci il hadisəsindən dərhal sonra bu terroru qətiyyətlə pisləyən ölkələr sırasında Azərbaycan birinci onluqdadır. Ulu Öndər Heydər Əliyev qlobal miqyasda gedən problemlər, onların törətdiyi fəsadlar və bu fəsadların aradan qaldırılması yolları ilə əlaqədar dəfələrlə fikirlərini açıqlamışdır. Hələ 1994-də Nyu-Yorkda BMT Baş Məclisində çıxışı zamanı Ulu Öndər Heydər Əliyev dünyanı gözləyən təhlükələr, xüsusilə də, Ermənistanın Azərbaycana qarşı təcavüzü və bu təcavüz nəticəsində yaranmış problemlər barədə fikir bildirmişdir. Ulu Öndər, həmçinin, bu cür halların qarşısını almağın zəruriliyini də bildirmişdir. 2001-ci il 11 sentyabr hadisəsi baş verəndən dərhal sonra Ulu Öndər Heydər Əliyevin bəyanatı səsləndirildi. Həmin bəyanatda terror aktı qətiyyətlə pislədildi və Ulu Öndərimiz bunu insanlığa, dünyaya qarşı törədilmiş cinayət kimi xarakterzə etdi. Azərbaycan terrordan ən çox əziyyət çəkən ölkə kimi hər zaman terrora qarşı mübarizə aparan ölkələrin yanında olub. Terrorun, xüsusilə də, bunu yaradan səbəblərin aradan qaldırılması üçün dünya miqyasında dövlətlərin səylərinin artırılmasına böyük ehtiyac var. İkinci Dünya müharibəsinin getdiyi bir dövrdə dünya böyük bir fəlakətlə üz-üzə idi. Belə şəraitdə sürətlə inkişaf etmiş və digər tərəfdən aclıq və səfalət içində yaşayan ölkələr arasında böyük bir uçurum yaranmışdı.

- Necə düşünürsünüz, 11 sentyabr terror aktından sonra dünya dövlətlərinin terrora qarşı mübarizəsini gücləndirdiyini söyləmək olarmı?

- Bəli, 11 sentyabr hadisələrindən sonra terrora qarşı dövlətlərin dünya miqyasında vahid bir xətt üzrə çıxış etdiyini görməkdəyik. Əgər belə demək mümkün olarsa, 11 sentyabr hadisələri, əslində, dünyanı bir az dəyişdirdi. Amma yenə də terroru yaradan səbəblərin aradan qaldırılması üçün lazımi səviyyədə addımlar atılmır. Bu gün Somali əhalisi aclıqdan ölür. Dünya miqyasında bu problemləri görüb ona biganə qalan ölkələr var. Azərbaycan başda olmaqla, bir sıra dövlətlər Somaliyə yardım göstərib. Amma Qərb dövlətləri müəyyən yardımlar göstərsə də, bu problemlərin, bütövlükdə, çözülməsi üçün lazımi addımlar atmırlar.

- Mübariz müəllim, terroru nə yaradır?

- Təbii ki, terroru sosial və siyasi ədalətsizlik, beynəlxalq münasibətlərdə ikili standart və elmi baxımdan gerilik yaradır. Bunları düşünərək, onu aradan qaldıracaq işlər görülməlidir. Bu istiqamətdə ən vacib şərtlərdən biri isə, beynəlxalq münasibətlərdə ədalətin bərqərar olmasıdır. Azərbaycan antiterror koalisiyasına dərhal qoşuldu və terrora, separatizmə qarşı aparılan mübarizədə fəal iştirak etdi və bu gün də bunu davam etdirməkdədir. Hal-hazırda Azərbaycan Silahlı Qüvvələri Əfqanıstan və İraqda antiterror koalisiyasının tərkibində iştirak edir. Dövlətimiz terrora qarşı mübarizənin əzablarını öz üzərində hiss edən ölkələrdəndir, xüsusən də, erməni terrorunu. Beynəlxalq təşkilatlarda buna yanaşarkən ikili standartlara yol verilirsə, bu, olduqca mənfi haldır. Fələstin problemi uzun müddətdir ki, həll olunmur və burada ikili standarta yol verilir. Bu isə, müəyyən terror üçün ideoloji əsas və yenidən həyata keçirmək üçün bir növ zəmin yaradır. Ona görə də, bununla mübarizə yalnız hərbi əməliyyatda yox, iqtisadi və mənəvi sahədə də gizli şəkildə aparılmalıdır. 11 sentyabr hadisəsindən sonra təbii ki, terrorla mübarizə daha kəskin xarakter alıb. Bütövlükdə, terrora qarşı mübarizədə ölkələr bir araya gəlməlidir. İndi hava gəmisinin qaçırılması ehtimalı 20 il əvvəlki illə müqayisdə daha azdır. Ümumilikdə, 11 sentyabr hadisəsi bütün sahələrə sirayət edib. Azərbaycan antiterror koalisiyanın üzvü kimi bundan sonra da terrorla mübarizədə bütün ölkələrlə birgə fəaliyyət göstərəcək.

- Antiterror koalisiyasının üzvləri İraqda, Əfqanıstanda terrorçuları məhv etmək üçün hərbi əməliyyatlara başladığı halda, niyə terrorun qurbanı olan Azərbaycan və işğal edilən Dağlıq Qarabağda terrorun kökünün kəsilməsinə dünya birliyi səylər göstərmir?

- Erməni terrorçu təşkilatların beynəlxalq səviyyədə tanınması istiqamətində Azərbaycanla Türkiyə birgə səylər göstərir və həmin təşkilatlar terrorçu təşkilat kimi tanıdılıb. Ermənistan dövlət səviyyəsində terroru himayə edən ölkələrdəndir. Son dövrlərdə üzə çıxan faktlar bunu aydın şəkildə göstərməkdədir. Terror təşkilatlarının erməni rəhbərləri ilə sıx əlaqədə olması faktdır və bunu erməni mətbuatı dəfələrlə yazıb. Ermənistan PKK terror təşkilatını açıq şəkildə dəstəkləyir və Ermənistan ərazisində PKK terror təşkilatları təlimlər keçirir, hazırlıq işləri aparırlar. Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunub və bu ərazilərin azad edilməsi isə, BMT nizamnaməsinə uyğun olaraq, Azərbaycanın müstəsna hüququdur. Ermənistanın terroru himayə edən bir ölkə olması məsələsi beynəlxalq miqyasda özünə yer tapacaqdır.


AYLANA RZAYEVA

Digər xəbərlər