1994-cü ildən bu günə qədər ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nəzəri cəlb edən mexanizm ortaya qoya bilməyib. Bu da həmsədr ölkələrin Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili standartlardan yanaşması kimi dəyərləndirilir. Ən azı ona görə ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə, Azərbaycanın hərbi varianta əl atacağı ilə bağlı verdiyi bəyanatlardan sonra, ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ və Fransa buna etiraz bildirən mövqe ortaya qoyublar. Daha konkret desək, Fransa prezidenti hərbi variantdan çəkinməklə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə məktubla müraciət edib. Eyni məktubu Ermənistan prezidenti Serj Sarkisyana göndərən Fransa prezidenti, bununla da, sülh danışıqlarının nəticəsiz qaldığını bilə-bilə problemin uzanmasında maraqlı olduğunu nümayiş etdirmişdir. Təbii ki, Azərbaycan səslənən bu cür bəyanatlarla razılaşmayacaqdır. Ölkəmiz haqlı olaraq BMT nizamnaməsində əks olunan müddəalara əsasən, bu problemi, hansı yolla olursa-olsun həll etməklə, işğal olunan əraziləri azad etməyə, 1 milyondan çox qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına qayıtmasına çalışacaqdır.
Politoloq Elşad Mirbəşiroğlu bizimlə söhbətində qeyd edərək, vurğuladı ki, bu variantın ədalətli olduğunu və hərbi variantın istisna olunacağı təqdirdə, əksər ölkələr tərəfindən dəstəklənəcəyini söylədi:
- Birmənalı şəkildə, demək olar ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri işğalçı ölkə olan Ermənistanı himayə edir. ATƏT-in Minsk Qrupu həmsədr ölkələrin Ermənistana dəstək verməsi göz qabağındadır. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin başlandığı vaxtdan bu günə qədər Ermənistana qarşılıqsız hərbi yardım etməsi, hərtərəfli siyasi dəstək göstərməsi buna misal ola bilər. Eyni zamanda, heç vaxt ermənipərəst mövqeyini gizlətməyən Fransa da Ermənistana siyasi, iqtisadi dəstək verib. Digər tərəfdən, ABŞ da hər zaman işğalçı ölkə olan Ermənistana bir çox maliyyə yardımları göstərib. Həmsədr ölkələrin Ermənistana qarşı belə yardımlar etməsi, işğalçı ölkənin davamlı olaraq, işğal altında olan ərazilərdə möhkəmlənməsini şərtləndirdi. Belə olan təqdirdə, sözügedən münaqişənin tənzimlənməsi prosesinin uzanmasına səbəb olur. Təbii ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin özündə ermənipərəst mövqe özünü göstərir. Demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında ATƏT-in Minsk Qrupunun fəaliyyəti tamamilə yararsızdır. Əgər Dağlıq Qarabağ probleminin həlli istiqamətində Minsk Qrupunun iş fəaliyyəti belə davam edərsə, onlardan nə isə gözləmək düzgün olmazdı. Biz dəfələrlə ATƏT-in Minsk Qrupunun bu münaqişə ilə bağlı iş faəliyyətini müşahidə edərək, görmüşük ki, onlar heç bir iş görməyib. İstər ATƏT faktaraşdırıcı missiyasını həyata keçirən zaman, istərsə də Ermənistanın bu və ya digər addımlarına münasibət bildirən zaman ATƏT-in Minsk Qrupunun həmsədrləri çox böyük ehtiyatla çıxışlar edərək, bəyanatlar veriblər. Burada həmsədr ölkələr açıq şəkildə işğalçı ölkənin mövqeyini dəstəkləməsələr də, onlar bu və ya digər şəkildə Ermənistanın separatçılıq hərəkatını, ən azı, ən yüngül şəkildə təqdim etməyə çalışırlar. Təbii ki, onların işğalçı ölkəylə belə davranması, bu münaqişə üçün kifayət qədər qeyri-məqbul bir məqamdır. Bu isə münaqişənin tənzimlənməsi prosesində irəliyə doğru addımların atılmasını ləngidir.
- ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili standartdan yanaşmalarının səbəbi nə ilə bağlıdır?
- Bunun birinci səbəbi Ermənistanın özünün bir alət rolunda çıxış etməsidir. Hər zaman region ölkələri işğalçı Ermənistandan alət kimi istifadə etməyə çalışıb. Çünki ermənilər çox məkrli xalqdır. Demək olar ki, Ermənistanın vasitəsi ilə regionda qalmaqal salmaq çox asandır. Bu, tarixən belə olub. Tarix boyu Ermənistanı "böyük Ermənistan" xülyası ilə aldatmaq mümkün olub. Bu gün də işğalçı ölkə əvvəlki məntiqlərindən bir addım olsa belə irəli gedə bilməyib. Hər zaman olduğu kimi, bu gün də Ermənistan həmin xülyaları ilə yaşayır. Ermənilərin bu xülyalarından da regionda maraqları olan xarici qüvvələr istifadə etməkdədir. Xüsusi olaraq, Rusiya. Xaricdə erməni lobbisinin bir çox təsir imkanları var ki, onlar mövcud olaraq fəaliyyət göstərdikləri ölkələrin ali instansiyalarına təsir edərək, onların ermənipərəst mövqedən çıxış etməsinə bu və ya digər formada rəvac verirlər. Bu səbəblərdir ki, bu günə qədər Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamasına imkan verir.
GÜLYANƏ AĞAKƏRİMOVA