- Musa müəllim, Azərbaycanın dünyada neft ölkəsi kimi tanınmasında "Əsrin müqaviləsi"nin rolu və əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Sovet dönəmində SSRİ-nin başqa yerlərində neft-qaz yataqlarının aşkar olunması və oradakı daha rahat şəraitdə neft çıxarmaq imkanlarının mövcud olması Azərbaycan neftinin istehsalını ikinci plana keçirmişdir. Azərbaycan neftinin ikinci həyatı yalnız 1994-cü ilin 20 sentyabrında bağlanmış "Əsrin müqaviləsi" ilə bir daha öz təsdiqini tapdı. "Əsrin müqaviləsi" təkcə Azərbaycan neftini dünyaya təqdim etmədi, eyni zamanda, Azərbaycanın özünü müstəqil dövlət kimi bütün dünyada tanıtdı. Bu müqavilə, əslində, Azərbaycanın həm iqtisadi imkanlarının, hüquqi əsaslarının, həm də beynəlxalq aləmdə imicinin möhkəmlənməsinə gətirib çıxaran böyük bir layihədir. Dünyanın yeddi böyük neft şirkəti ilə birgə Azərbaycan dövlətinin bağladığı müqavilə Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin bariz nümunəsidir. Və bununla bərabər dövlətimizin gələcəyinin həm iqtisadi, sosial, hərbi, həm də milli təhlükəsizliyinin əsasını qoyan və bu təhlükəsizliyin əsasında dayanan çox mühüm bir layihədir.
- "Əsrin müqaviləsi"ni təkcə iqtisadi deyil, eyni zamanda, siyasi layihə hesab etmək olar?
- Bu müqavilənin imzalanmasından sonra bir neçə istiqamətdə çəkilən neft və qaz boru xətləri Azərbaycanı möhkəm bağlarla bütün dünyaya bağladı. Bir tərəfdən şimal, bir tərəfdən də qərb istiqamətində çəkilən Bakı-Ceyhan, Bakı-Supsa və digər neft-qaz boruları Azərbaycanın həm iqtisadi, həm də hərbi təhlükəsizliyinə çox ciddi əsaslar yaratdı. Neft müqavilələrinin işə düşməsi Azərbaycanın iqtisadiyyatının qısa müddətdə çox sürətlə inkişaf etməsinə səbəb oldu və Azərbaycanı dünya iqtisadi birliyinə daha çox bağladı. İndi artıq neft müqavilələrinin əyani nəticələrini görməkdəyik. Azərbaycanın dövlət büdcəsi ildən-ilə artırılır. Azərbaycanın regionları, eyni zamanda, elmi intellektual və əqli potensialı çox sürətlə inkişaf edir. Bunun da əsasını həmin müqavilələr təşkil edir. Azərbaycan artıq neft kapitalından insan kapitalına keçir. Azərbaycanın həm daxilində, həm də xaricində çox istedadlı gənclərimiz təhsil alır, müxtəlif peşələrə yiyələnir. Gənclərimizin müasir texnologiyalardan bəhrələnərək yeni idarəçilik üsullarını mənimsəmək istiqamətində uğurlar, nailiyyətlər əldə etməsi də məhz bu müqavilələrin nəticəsidir. Bu müqavilələr Azərbaycanı dünyaya həm neft ölkəsi kimi, həm də Azərbaycan xalqını dünyaya etibarlı tərəfdaş və partnyor kimi tanıtdı.
- Musa müəllim, sizcə, qeyri-neft sektorunun inkişafının iqtisadi resurslarda payı qənaətbəxşdirmi?
- Hələ ki, qane etmir və gələcəkdə də bu istiqamətdə addımlar atılması üçün ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə müxtəlif dövlət proqramları işlənib hazırlanıb. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramını qəbul etmişik. Yoxsulluğun azaldılması və gənclərin inkişafı ilə bağlı da ikinci Dövlət Proqramını və s. qəbul etmişik. Çox qısa müddət ərzində regionlarımızı inkişaf etdirmək və qeyri-neft sektorunu gəlirli sahəyə çevirmək üçün ölkəmizdə xeyli sayda əsaslı işlər görülüb. Təbii ki, bunun da nəticələrini hər birimiz bu gün görməkdəyik. Doğrudur, elə sahələr var ki, investisiya qoyulduqdan yarım il sonra bəhrəsini görmək mümkün olar. Məhz qeyri-neft sektorunun da müəyyən hissələri belə sahələrdəndir. Aqrar sektorda bəhrəni görməkdən ötrü gərək çoxlu sayda ağaclar əkilsin, bağlar salınsın, yaxud da mal-qara xeyli sayda artırılsın və Azərbaycanın şəraitinə uyğunlaşdırılsın. Eyni zamanda, emal sənayesi fomalaşdırılsın. Təbii ki, bu, bir gündə həll olunan məsələ deyil. Amma heç şübhəsiz ki, Azərbaycanın həm torpağı, həm iqlim şəraiti, həm də ölkəmizdə sahibkarlığa göstərilən qayğı və yaradılan şərait əsas verir ki, aqrar sektor sahəsində özümüz özümüzü təmin edə bilək.
- Buna nail olmaq üçün daha nələr edilməlidir?
- Bunun üçün hər cür imkanlar mövcuddur. Təbii ki, bütün bunlar mərhələ-mərhələ keçilməlidir. Əgər biz 5-6 il bundan qabaq regionlarda çox ciddi işıq, qaz və yanacaq probleminin olmasından danışırdıqsa, artıq bütün bunlar bu gün həll olunub. İndi isə, regionlarda keyfiyyətli su ilə təhcizat məsələsindən, yeni texnologiyaların tətbiq olunmasından danışırıq. Bunlar da Dövlət Proqramına uyğun mərhələli şəkildə gedir və uğurlar da əldə edirik. Düşünürəm ki, yaxın illərdə Azərbaycanın dövlət büdcəsində qeyri-neft sektorunun payı da artacaq və bu, təbii ki, regionların inkişafına da dəstək vermiş olacaq. Eyni zamanda, kəndlərdə, şəhərlərdə əhalinin çoxalması və yüksək əmək haqqı ilə təmin olunan iş yerlərinin açılmasına səbəb olacaq.
AYLANA RZAYEVA