- Mübariz müəllim, radikal müxalifətin yenidən fəallaşaraq ölkədə "inqilab edəcəklər"ini bəyan etmələri xarici maraqlı qüvvələrin tapşırığı sayıla bilərmi?
- Əslində, radikal müxalifətdə heç bir fəallaşma yoxdur. Radikal müxalifət nümayəndələri tez-tez toplaşaraq belə bir illüzuya yaratmaq istəyirlər ki, guya onlar cəmiyyətdə hansısa bir qüvvəyə malikdirlər. Amma reallıqda onların heç bir qüvvəsi yoxdur və ictimai rəy onların tərəfində deyil. Ümumilikdə, Azərbaycan cəmiyyəti radikalizmi tamamilə inkar edir və radikal çağırışları qətiyyən qəbul etmir. Radikal müxalifətin Azərbaycan cəmiyyətinin istəyinə uyğun gəlməyən bu cür sərsəm, məntiqsiz çağırışları heç bir nəticə verməyəcək. O ki qaldı radikal müxalifətin müəyyən xarici qüvvələrlə bağlılığı məsələsinə, Azərbaycan müstəqil, azad, demokratik bir dövlətdir. Bu gün ölkəmiz, işğalçı Ermənistan istisna olmaqla, bölgə və dünya dövlətləri ilə çox sıx əlaqələrə malikdir. Azərbaycan dünyanın aparıcı ölkələri ilə bir sıra ticari-iqtisadi əlaqələr qurur. Əslində, Azərbaycanda mövcud olan radikal qruplar (onları heç partiya adlandırmaq da düzgün deyil. Partiyanın cəmiyyətdə müəyyən yeri və tərəfdarı olur M.Q.) heç vaxt dəstək qazana bilməyəcək. Vaxtilə siyasi hakimiyyətdə olmuş və hakimiyyəti itirmiş qrupların yenidən əvvəlki statuslarını qazanmaq üçün müxtəlif vasitələrə əl atmaları hansısa bir xarici dövlət səviyyəsində heç vaxt müdafiə oluna bilməz. Yəni xarici ölkələrin hökumətləri səviyyəsində Azərbaycanda olan radikal müxalifətə müəyyən bir dəstək verilməsi qeyri-mümkündür. Çünki xaricdə normal prosesi, siyasi gedişi izləyən bir sıra ekspertlər, şərhçilər çox yaxşı bilirlər ki, Azərbaycanda radikal çağırış edənlər həmin cəmiyyət tərəfindən heç bir dəstəyə malik deyillər. Ona görə də, radikal müxalifətçilərə əgər bu və ya digər formada müəyyən dəstək verənlər varsa, bunlar da erməni lobbisi ilə bağlı olan dairələr ola bilər. Və yaxud da Azərbaycana bu və ya digər formada təsir və təzyiq göstərib öz maraqlarını həyata keçirmək istəyən qruplar ola bilər. Bu gün ABŞ, Fransa, Böyük Britaniya, eləcə də, Avropanın qabaqcıl ölkələrində elə qruplar var ki, onlar bütövlükdə, ayrı-ayrı dövlətlərdə gedən ictimai-siyasi proseslərə təsir və təzyiq etmək istəyirlər. Bu qruplar da hökumətlə bağlı olmayan qruplar ola bilər. Əlbəttə, Azərbaycanda olan radikalların müəyyən xarici dairələrlə əlaqələri ola bilər. Amma düşünsək ki, hökumət səviyyəsində böyük dövlətlər onlara mənəvi, psixoloji dəstək verir, bu bir qədər düzgün səslənməzdi. Radikal müxalifətçilərə heç kim dəstək verməyəcək. Ölkəsində dəstəyi olmayan müxalifətə hansısa kənardan dəstək verilə bilməz. Digər tərəfdən Azərbaycan azad, demokratik ölkədir. Burada siyasətlə məşğul olanlar üçün heç bir məhdudiyyət yoxdur. Azərbaycanın açıq ölkə olması, Avropa ilə münasibətlərinin yüksək səviyyədə qurulması dövlətimizlə bağlı hər hansı bir problem yaratmır. Azərbaycanın üzləşdiyi əsas problem Ermənistanın ölkəmizə təcavüzü məsələsidir. Bununla əlaqədar da beynəlxalq təşkilatlar Azərbaycan hökumətinə böyük dəstək verir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət ölkə ictimaiyyəti tərəfindən, birmənalı olaraq, müdafiə olunur. Ona görə də, radikal qrupların çağırışları Azərbaycanda heç bir dəstəyə malik deyil.
- "İctimai Palata"nın "Yol xəritəsi" deyilən qondarma layihə ilə çıxış etməsi və bunu demokratiyaya keçid kimi dəyərləndirməsini avantürüst addım kimi dəyərləndirmək olarmı?
- "İctimai Palata" adlanan qrumun "Yol xəritəsi" haqqında fikirlərimizi bildirmişik. Düşünürəm ki, bu qurumun təqdim etdiyi "Yol xəritəsi" mövcud reallığı əks etdirmir. Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu istiqamətində böyük addımlar atılıb, QHT-lərin inkişafı üçün dövlət kifayət qədər səy göstərir. Azərbaycan cəmiyyətinin irəliyə getməsi, iqtisadi, siyasi islahatların aparılması, demokratik proseslərin sürətləndirilməsi üçün kifayət qədər beynəlxalq təşkilatlar tərəfindən dəstək almışıq. Dövlətimizin bununla bağlı reytinqi böyükdür və islahatçı ölkə adını qazanmışıq. Belə olan şəraitdə "İctimai Palata" adlandırılan qurumun "Yol xəritəsi" adı altında demokratiyaya yumşaq keçid adı altında bir sənədi ortaya qoyması, əlbəttə, başa düşülən deyil və cəmiyyət tərəfindən qəbul olunmur. Ümumilikdə isə, o, xəritə deyil, hətta xəritə kimi yanaşsaq belə, bu, Azərbaycanı irəliyə aparan xəritə deyil. Əksinə, ölkəmizi geriyə çağırır. Azərbaycan 1991-ci il öz müstəqilliyini bərpa etdikdən sonra böyük bir yol keçib. Bu yaxınlarda müstəqilliyimizin bərpa olunmasının 20 illiyini qeyd edəcəyik. Təəssüf ki, bu gün "İctimai Palata"da təmsil olunanlar o dövrdə hakimiyyətdə idilər. O dövrdə də demokratiyaya keçidlə bağlı lazımi məsələləri yerinə yetirə bilmədilər. Ona görə də, hakimiyyətdən qaçıb getdilər. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda siyasi-iqtisadi baxımdan demokratiyaya keçid üçün lazım olan addımları atdı və ölkəmizin demokratiyaya keçidini həyata keçirdi. Azərbaycanda, bütövlükdə, keçid dövrü arxada qalıbdır. İndi keyfiyyətcə yeni mərhələdəyik və bu yeni mərhələ ölkəmizin dünya miqyasında inkişaf etmiş ölkələr sırasına aparan yoldan ibarətdir. Ona görə də, "İctimai Palata" adlanan qurumun təqdim etdiyi "Yol xəritəsi" cəmiyyətdə haqlı olaraq tənqidə məruz qalıb. Əgər keçid lazımdırsa, bu radikal müxalifətin təfəkküründəki keçiddən ibarət ola bilər. Yəni radikal müxalifət özünün radikalizmdən konstruktivizmə keçidi haqqında "Yol xəritəsi" hazırlasa idi daha yaxşı olardı. Qoy bu barədə həmin "Yol xəritəsi"nin müəllifləri özlərinin yumşaq keçidi haqqında düşünsünlər. Onların təqdim etdiyi "Yol xəritəsi" gerçəkliyi əks etdirmir.
- 10 il bundan əvvəlki partiyaların sosial bazası bu gün yoxdur. Bəzi partiyalar isə, fəaliyyətlərini dayandırıblar. Amma dövlət qeydiyyatları var. Sizcə, "Siyasi partiyalar haqqında" qanuna ediləcək əlavə və dəyişikliklərdən sonra həmin partiyaların qeydiyyat məsələsinə yenidən baxıla bilərmi?
- Azərbaycanda demokratik dəyərlərin ən mühüm göstəricilərindən biri də siyasi plüralizmin tam şəkildə özünə yer tapmasıdır. Azərbaycanda 100-dən çox siyasi təşkilat özünü bəyan edib. Amma təxminən 40-dan çox siyasi partiya rəsmən fəaliyyət göstərməkdədir. Onların bu fəaliyyətləri o qədər də qabarıq şəkildə nəzərə çarpmır. Bunun da səbəbi odur ki, həmin siyasi partiyaların əksəriyyəti sosial bazaya malik deyil. İrəli sürdükləri fikirlər cəmiyyət tərəfindən qətiyyən dəstək almır. Bəzi siyasi partiyalar var ki, onlar yalnız KİV-də, görünür, bəziləri də müəyyən qədər fəaliyyətdədir. Ona görə də, hansısa siyasi partiyaların qeydiyyatı ilə bağlı məsələlər haqqında düşünmürük. Bu, YAP-ın səlahiyyətlərinə aid olan məsələ deyil. Əgər "Siyasi partiyalar haqqında" yeni qanun qəbul olunarsa, bunu müzakirə etməyə hazırıq. Bununla belə, siyasi baxımdan istənilən partiya ilə ideoloji fikir mübadiləsi aparmağa hazırıq. YAP-ın söykəndiyi ideoloji prinsiplər tamamilə Azərbaycanın maraqlarına uyğundur. Adları olub, fəaliyyət göstərməyən partiyalar var. Əgər fəaliyyət göstərmirlərsə, deməli, ortada lazımi nəticə də yoxdur. Lazımi nəticə yoxdursa, onda nəticəsiz fəaliyyət göstərsinlər.
AYLANA RZAYEVA