- Teyyub bəy, "İctimai Palata" deyilən qurumun ölkədə "inqilab edəcəyi" kimi qeyri-qanuni çağırışlar etmələri xarici maraqlı qüvvələrin sifarişi ola bilərmi?
- Son vaxtlar regionda çox qəribə hadisələr baş verir. Xüsusilə də, Türkiyə ilə İsrail arasında münasibətlərin gərginləşməsi diqqətçəkən məsələlərdəndir. Bildiyiniz kimi, beynəlxalq güclər və xristian dövlətləri bu məsələdə İsrail dövlətinin tərəfindədilər. Burada Azərbaycan da, təbii olaraq, qardaş Türkiyənin tərəfini tutur. Bu da regionda marağı olan beynəlxalq güclərin xoşuna gəlməyən bir haldır. Ona görə də, bu və ya digər vəziyyətdən istifadə edərək, Azərbaycanda aranı qarışdırmağa cəhd göstərilə bilər. Yəni, radikal müxalifət liderlərinin ölkədə "inqilab edəcəkləri" kimi qeyri-konstitusion çağırışlar etmələri xarici maraqlı qüvvələrin sifarişi ola bilər. Dəfələrlə Azərbaycan bu və ya digər məsələlərdə özünün haqlı mövqeyini müdafiə edəndə və haqq səsini ucaldan dövlət olduğundan danışanda, həmin qüvvələr ölkəmizdə problemlər yaratmağa çalışırlar. Belə olan halda, həmin xarici qüvvələr, ölkəmizdə fəaliyyət göstərən bəzi siyasi qüvvələrdən istifadə etməyə çalışırlar. Biz ölkəmizdə fəaliyyət göstərən bütün siyasi qüvvələrə müraciət edirik ki, Azərbaycanın mənafelərinə xələl gətirə biləcək hər hansı bir hərəkətə yol verməsinlər. Çünki Azərbaycan dövləti bizim hamımızındır. Yəni, burada iqtidar və müxalifət olmasından asılı olmayaraq, bu dövlət hər bir vətəndaşındır. Düşünürəm ki, Azərbaycan xarici təsirlərə qarşı mübarizədə vahid bir qüvvə kimi çıxış etməlidir.
- Radikal müxalifət pozuculuq aktları törətməyə daha çox meyil göstərir. Sizcə, bununla nəyəsə nail olmaq mümkündür?
- İlk öncə, ölkədə belə halların baş verməsinə cəhdlər göstərilməsinə yol vermək olmaz. Əgər radikal müxalifət qüvvələrinin müraciətləri Konstitusiya və mövcud qanunlar çərçivəsindədirsə, onlara istinad edərək, həmin qüvvələrə müvafiq yerlərdə aksiyalar keçirməyə icazə vermək olar. Qanunlar kimlərinsə xoşuna gəlmirsə, bu, onların səhvlərindəndir. Fikrimcə, Azərbaycan dövlətinin qanunlarına hər bir vətəndaş əməl etməlidir. Əgər burada radikal müxalifət qüvvələrinə aksiyalar keçirməyə icazə verilmirsə, deməli, əsaslar var. Çünki bir qayda olaraq, ölkədə keçirilən icazəsiz aksiyalardan xalq, müxtəlif qurumlar və kommersiya strukturları əziyyət çəkirlər. Bu aksiyaların keçirilməsi də nəticədə xalqa ziyandır. Bir sözlə, ölkədə hər hansı pozuculuq aktları törətməklə nəyə isə nail olunmasını qətiyyətlə pisləyirik. Hesab edirik ki, bu cür hallara yol vermək olmaz.
- "6-lar", "İctimai Palata" kimi qurumların yaradılması müxalifətin parçalanmasına xidmət etmir ki?
- Ölkədə fəaliyyət göstərən partiyaların bir-biri ilə siyasi mübarizə aparmaları təbii bir haldır. Həmin liderlər qarşılarına qoyulan məqsədə çatmaq üçün hər bir yoldan istifadə edirlər. Düşünürəm ki, bu məqsədlə yalnız Konstitusiyanın yollarından istifadə etmək lazımdır. Yəni radikal müxalifət liderlərinin öz məqsədlərinə çatmaq üçün müxtəlif yollara əl atması düzgün hal deyil.
GÜLYANƏ AĞAKƏRİMOVA