- Mais müəllim, radikal müxalifətin ortaya konkret ideya qoyub onun həyata keçirə bilməməsinin səbəbini nə ilə izah etmək olar?
- Uzun illərdir ki, müxalifət düşərgəsində fəaliyyət göstərən partiyalar ortaya konkret ideya qoya bilmirlər. Onların ortaya hər hansı ideya qoya bilməmələrinin səbəbi odur ki, bu partiyaların əksəriyyəti hansısa ideologiya əsasında formalaşan partiyalar deyil. Bir sözlə, həmin partiyalar ayrı-ayrı şəxslər ətrafında formalaşaraq fəaliyyət göstərirlər. Belə olan halda da, sözügedən partiyaların iş fəaliyyəti də həmin şəxslərin şəxsi maraqlarına yönəlir. Məhz bu partiyaların ölkədə keçirilən seçkiləri uduzmasının və onları dəstəkləyən mühitin daralması səbəblərini özlərində axtarmaq lazımdır.
- "6-lar", "İctimai Palata" və bu kimi qurumlar yaratması müxalifətin dağınıq halda fəaliyyət göstərməsini şərtləndirən amillərdən sayıla bilərmi?
- Heç vaxt müxalifət düşərgəsində birlik olmayıb. Yəni, həmin partiyalar heç vaxt bir araya gələ bilməyiblər. Həmin şəxslər hansısa bir birlik yaratsalar belə, onların yaratdıqları birliklər uzun ömürlü olmayıb. Bunun da əsas səbəbi uzun illər müxalifət partiyalarına rəhbərlik edən şəxslərin ambisiyaları ilə bağlıdır. Ona görə də, radikal müxalifət düşərgəsi dağınıq və pərakəndə haldadır.
- "İctimai Palata"nın mitinqlərə son qoyduğunu bəyan etməsi, qurum üzvlərinin özlərinə olan inamsızlıqdan və sosial bazaların olmasını dərk etmələrindən irəli gəlmir ki?
- Onlar "İctimai Palata" deyilən qurumu yaradan zaman düşünürdülər ki, "İctimai Palata" adı altında bir çox qüvvələri öz ətraflarına toplaya biləcəklər. Həmin müxalifət düşərgəsində olan şəxslərin fikrincə, iğtişaşlar vasitəsilə ölkədə öz maraqlarını gerçəkləşdirə biləcəklər. Amma praktika göstərdi ki, onların istəkləri gerçəkliyə uyğun deyil. Ona görə ki, həmin partiyalar öz qüvvələrini dəyərləndirə bilmirlər. Bir sözlə, radikal müxalifət partiyalarının heç bir qüvvəsi yoxdur. Müxalifət partiyalarında fəaliyyət göstərən şəxslər normal tərzdə icazəli mitinq keçirə bilmirlər. Həmin şəxslər gördülər ki, kütləvi aksiyalar ilə heç nə əldə etmək mümkün deyil. Bunun nəticəsi olaraq, onlar daha da gözdən düşdülər. Onlar belə qərara gəliblər ki, bu aksiyaları keçirməsinlər. Əslində, Azərbaycanda normal şəkildə kütləvi aksiyaların keçirilməsi üçün şərait var. Yəni, Azərbaycan qanunları və Konstitusiyası bu aksiyaların keçirilməsinə yol verir. Sadəcə olaraq, radikal müxalifət partiyalarının cəmiyyət tərəfindən heç bir dəstəyi olmadığı üçün onlar bu aksiyaları həyata keçirməkdən əl çəkiblər. Bununla da, onlar öz zəifliklərini bir daha sübut etdilər.
- 20 ilə yaxındır ki, partiya sədri kreslosunda oturanların yeniləri ilə əvəz olunması, həmin partiyaların cəmiyyətdə öz layiqli yerini tutmasına və güc mərkəzinə çevrilməsinə imkan verə bilərmi?
- Radikal müxalifət partiyalarının normal tərzdə inkişaf edə bilməməsi və cəmiyyətdəki ictimai-siyasi proseslərə təsir edə bilməməsinin səbəblərinin, məhz həmin liderlərlə əlaqələndirmək lazımdır. Düşünürəm ki, bu partiyalar da həmin liderlərin şəxsi maraqları üzərində qurulub. Demək olar ki, adıçəkilən partiyalar ancaq bir şəxsin iradəsindən asılıdır. Ona görə də, bu kimi partiyalar normal bir partiyaya çevrilərək, fəaliyyət göstərə bilmirlər. Əgər bu partiyalar daxilində demokratik proseslər təmin olunsa, həmin liderlər yeniləri ilə əvəz oluna bilər. Belə olan halda da, sözügedən partiyalar normal şəkildə inkişaf edər. İndi gördüklərimiz isə bütün bunların əksinədir. Bunun da əsas səbəbi, uzun illərdir ki, bu partiyaların başında oturan öz şəxsi maraqlarını güdən liderlərlə bağlıdır.
GÜLYANƏ AĞAKƏRİMOVA