- Elşən müəllim, radikal müxalifətin konkret ideya ilə çıxış edib, onu həyata keçirə bilməməsinin səbəbini nə ilə izah etmək olar?
- Siz yəqin ki, "İctimai Palata" da təmsil olunan müxalifətin "Yol xəritəsi" adlı sənədi nəzərdə tutursunuz. "İctimai Palata"da təmsil olunan şəxslərin konkret bir konsepsiyanı ortaya qoya bilməmələrinin səbəbi onların düzgün ideya ilə çıxış etməmələridir. Konsepsiyaya görə, parlament seçkiləri yenidən keçirilməlidir. Bu ideya bir qədər anlaşılan deyil. Çünki Azərbaycan parlamentinin legitimliyi həm xalq tərəfindən, həm də bu seçkilərin gedişatını izləmiş beynəlxalq institutlar tərəfindən, o cümlədən, regional dövlətlər tərəfindən tanınıb. Bu baxımdan, "İctimai Palata"da təmsil olunan siyasi qüvvələrin qeyri-ciddi siyasi xətt götürdüklərini söyləmək olar. Hazırda ölkədə həyata keçirilən sosial-iqtisadi siyasi kursa münasibətdə nə vətəndaş qarşıdurmasın, nə də ki, "İctimai Palata"nın özü tərəfindən istiqamətləndirdiyi iğtişaşları görürük. Bildiyiniz kimi, Milli Məclisin payız sessiyasında siyasi partiyaların maliyyələşməsi ilə bağlı yeni qanunun qəbul olunması nəzərdə tutulur. Təbii ki, sözügedən qanunun qəbul olunmasında sonra ölkənin siyasi sistemində də ciddi islahatların aparılacağı şübhəsizdir.
- "İctimai Palata"nın mitinqlərə son qoyduqlarını bəyan etmələri, onların özlərinə olan inamsızlıqdan və sosial bazalarının olmadığını dərk etmələrindən irəli gəlmir ki?
- Ölkədə mitinqlərin keçirilməsi ilə bağlı səslənən fikirlər 90-cı illərdə qaldı. Bu gün ölkədə aksiyaların keçirilməsi heç nəyi dəyişən deyil. "İctimai Palata" bu ilin aprel ayından başlayaraq ölkədə bir neçə dəfə aksiyalar keçirməyə cəhdlər göstərib. Amma həmin aksiyaların keçirilməsində xalq tərəfindən heç bir dəstək olmadığı üçün bu aksiyalar baş tutmadı.
- 20 ilə yaxındır ki, partiya sədri kreslosunda oturanların yeniləri ilə əvəz olunması, həmin partiyaların cəmiyyətdə öz layiqli yerlərini tutmasına və güc mərkəzinə çevrilməsinə imkan verə bilərmi?
- Bu və ya digər partiyanın başında konkret bir siyasi rəhbərin olması, təbii ki, həmin partiyanın əsasnaməsi və nizamnaməsi ilə nizamlanmalıdır. Əgər burada partiya rəhbərliyi əsasnamənin və nizamnamənin tələblərini kobud şəkildə pozaraq, konyuktur maraqlar naminə, nəyin bahasına olursa-olsun, partiya idarəçiliyindən çəkilmək istəmirsə, düşünürəm ki, bu, ən azı həmin partiyaların demokratiya ilə bağlı mövqelərinə xələl gətirir. Hesab edirəm ki, sözügedən partiyalara yeni simaların gəlməsinə və yeni baxışların formalaşmasına ehtiyac var.
- Ümumiyyətlə, uzun illərdir ki, partiya sədrliyində oturub yerini digərlərinə verməyən sədrlərin fəaliyyətsizliyini və sədrlik kreslosundan möhkəm yapışmalarını nə ilə izah etmək olar?
- Düşünürəm ki, həmin liderlərin öz kreslosunda oturub-oturmaması öz işidir. Həmin şəxslərin partiya rəhbərliyindən getməsi, təkcə onların özlərindən asılı deyil. Yəni, Qərbdəki müəyyən dairələrdən sifariş gələcəyi təqdirdə, partiya sədrləri postlarını təhvil verəcəklər. Bir sözlə, xaricdən sifariş olmadığı üçün onlar öz yerlərini tərk etmirlər.
G.AĞAKƏRİMOVA