- Musa müəllim, Azərbaycan XİN-başçısı Elman Məmmədyarov BMT Baş Məclisində Ermənistanı işğalçı dövlət kimi bir bir daha qeyd etməsi dünya birliyinin Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartların yaranmasını aradan qaldıra bilərmi?
- Bildiyimiz kimi, BMT-nin Dağlıq Qarabağ konflikti ilə bağlı 4 qətnaməsi qəbul edilib. Ancaq təəssüflər olsun ki, bu qətnamələr hələ bu günə kimi həyata keçirilməyib. Düşünürəm ki, qurum olaraq və dünya düzənini müəyyənləşdirən beynəlxalq təşkilat kimi öz qərarlarına hörmətlə yanaşmalı, bu qərarların həyata keçirilməsinə və nizamlanmasına nəzarət mexanizmi tapmalıdır. Əgər bu qərarlar həyata keçirilmirsə, sözsüz ki, istər həmin qurumlara, istərsə də, həmin qərarlara inamsızlıq yaranır. Beləliklə də, beynəlxalq quruma hörmət etməyən dövlətlər BMT-ni də çıxılmaz vəziyyətdə qoyurlar. Bu baxımdan da, belə qərarlar qəbul etməkdənsə, icrasına yönələn tədbirləri və yaxud regionda müəyyən sülhpərvər dövlətlərin qüvvələrindən istifadə etməklə həmin ölkənin ərazi bütövlüyünü ədalətlə bərpa etməyə gücü çatar və buna haqqı da var.
- Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi nə dərəcədə mümkündür?
- Düşünmürəm ki, bu, təkcə Dağlıq Qarabağın həlli üçün bizə lazımdır. Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə öz yüksək imicinin, nüfuzunun regionda aparıcı dövlət olduğunun bir daha təsdiqi olardı və bir daha əyani nümayişi olardı. Həmçinin, bu, Azərbaycanın nə qədər sülhpərvər, ədalətsevər və qanunsevər bir dövlət olduğunu dünya birliyinə bir daha çatdıra bilərdi. Hər halda, Azərbaycanın bu quruma müşahidəçi bir qurum kimi daxil olması növbəti uğurumuz kimi dəyərləndirilə bilər.
- Sizcə, buna mane ola biləcək qüvvələr mövcuddurmu?
- Hesab edirəm ki, əldə edəcəyimiz bu uğura mane ola biləcək bir qüvvələr də ola bilər, yəni Ermənistan və onu dəstəkləyən qüvvələr. Ancaq bu, təkcə Azərbaycanın özü üçün deyil, həmçinin, regionda, o cümlədən, Yaxın Şərq regionunda sülhün bərpa olunmasına, ədalətin və hüququn öz yerini tapmaqda təmin olunmasına dəstək verən bir addım olacaq.
RƏFİQƏ