PDF Oxu

Müsahibə

  • 457

Radikal müxalifət xarici qüvvələrdən asılı vəziyyətdədir

Radikal müxalifət xarici qüvvələrdən asılı vəziyyətdədir

- Teyyub bəy, "İctimai Palata"nın mitinqlərə son qoyduğunu bəyan etməsi nə ilə bağlıdır?

- Düşünürəm ki, "İctimai Palata"nın mitinqlərə son qoyması ilə bağlı səsləndirdiyi bəyanatın müxtəlif səbəbləri ola bilər. Bu isə onu göstərir ki, "İctimai Palata" bu mitinqlərin keçirilməsinə tam şəkildə hazır deyil. Digər tərəfdən də, ölkədə bu cür aksiyaların keçirilməsi üçün heç bir əsas səbəb yoxdur. Bu baxımdan, hesab edirəm ki, hazırkı mərhələdə mitinqlər keçirilməsinə ehtiyac yoxdur.

- 20 ilə yaxındır ki, partiya sədri kreslosunda oturanların yeniləri ilə əvəz olunmasının zamanı çatmayıbmı?

- Bəli, uzun müddət siyasi arenada fəaliyyət göstərərək, hər hansı bir müvəffəqiyyət qazana bilməyən partiya sədrləri öz yerlərini digərlərinə verməsi haqqında qərar verməlidirlər. Burada həmin partiyaların iş fəaliyyətini genişləndirməsi və yeni siyasi qüvvələrin meydana çıxması üçün şərtlər var. Birincisi, ölkədə sosial-siyasi sabitliyin vəziyyəti, hakimiyyətin müxalifət partiyalarına münasibəti, müxalifət partiyalarının maliyyələşmə səviyyəsi və onların iş fəaliyyətinə imkan yaradılması şərtləri, yəni bunlar daxilində hər hansı bir fəaliyyət həyata keçirmək mümkün ola bilər. Amma sadaladığım istiqamətlərin hər birində çoxsaylı partiyalar qarşısında müəyyən problemlər var. Bu problemləri var deyə, irəlidə gedən partiyalara qısqanclıqla yanaşırlar. Bölgədə fəaliyyət göstərən elə siyasi partiyalar var ki, onlar siyasi fəaliyyətlərində bütün məqbul olan variantları seçərək istifadə edirlər. Hesab edirəm ki, siyasi fəaliyyətin həyata keçirilməsi üçün bütün variantlardan istifadə etmək olmaz. Əgər sənin siyasi fəaliyyətinin nəticəsi milli mənafelərə, dövlət mənafelərinə ziddirsə, bu zaman fəaliyyət və gündəmdə olmaq xatirinə həmin variantlardan istifadə etmək məqsədəuyğun deyil. Bəzi partiyalar var ki, bunu özlərinə rəva görür, bəzilər isə rəva görmür.

- Uzun illər partiya sədrliyində oturub yerini digərlərinə verməyən sədrlərin fəaliyyətsizliyini nə ilə izah etmək olar?

- Burada siyasi partiyaların yaradılmasının iki əsas istiqaməti var. Birincisi, siyasi partiyalar hər hansı bir ideya ətrafında toplaşan insanların birliyindən ibarət olur. İkincisi isə, fəaliyyət göstərən siyasi partiyalar hansısa bir liderin ətrafında toplaşırlar. Amma təəssüflər olsun ki, Azərbaycanda siyasi partiyaların əksəriyyəti hər hansı bir ideya ətrafında yaranan insanlar birliyindən yox, hər hansı bir lider ətrafında yaranan insanlar birliyindən ibarətdir. Ona görə də, həmin liderlərin dəyişdirilməsi prosesi bir çox bəhanələr ilə gündəmdən çıxır. Çünki partiyanı formalaşdıran və partiyaya rəhbərlik edən liderin ətrafına toplaşan şəxslər, başqa bir lideri qəbul etməkdə çətinlik çəkirlər.

- Demək olarmı ki, radikal müxalifət partiyaları xaricdən maliyyələşir?

- Bəzi siyasi partiyalar var ki, fəaliyyətlərini həyata keçirmək üçün müxtəlif çirkin vasitələrdən istifadə etməyi özlərinə rəva görürlər. Demək olar ki, radikal müxalifət partiyaları dolayı yollarla xaricdən qrant alır. Xaricdə olan qüvvələr ölkəmizdə fəaliyyət göstərən partiyalara bu qrantları heç vaxt elə-belə vermirlər. Xaricdə olan qüvvələr öz məkrli planlarını həyata keçirmək üçün ölkədə fəaliyyət göstərən qüvvələrdən istifadə edirlər.


GÜLYANƏ

Digər xəbərlər