- Qərib müəllim, ölkəmizin ikinci dəfə müstəqillik əldə etməsindən 20 il ötür. Ötən bu müddət ərzində əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş torpaq islahatının həyata keçirilməsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin üzərinə böyük məsuliyyət düşmüşdür. Sizcə, torpaq islahatının aparılması hansı zərurətdən yaranmışdı və bu 20 ildə əldə edilən nəticələr Sizi qane edirmi?
- Məlumdur ki, 1991-ci ildə Sovetlər Birliyinin dağılmasından sonra mövcud olan asılı iqtisadiyyat sistemi digər respublikalar kimi, Azərbaycanı da ağır iqtisadi böhrana saldı. Respublikanı bu böhrandan çıxarmanın yeganə və düzgün yolu ölkə iqtisadiyyatını qısa bir müddətə yeni iqtisadi əsaslarla bərpa etmək idi ki, bunun da həyata keçirilməsi üçün ilk növbədə aqrar-torpaq islahatları aparmaq lazım gəlirdi. Müstəqillik əldə edilməsinin ilk üç ili (1991-1993) ərzində ölkə qarşısında duran çoxsaylı iqtisadi, ictimai-siyasi və başqa problemlər nəinki həll olunmur, əksinə, qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində daha da dərinləşirdi. Bu təcavüz nəticəsində bir milyona yaxın həmvətənimiz qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bu illər həm də dövlət çevrilişi cəhdləri və siyasi intriqalar dövrü kimi səciyyələnir. O zamankı ölkə rəhbərliyinin səriştəsizliyi ucbatından respublikada sənaye məhsulları istehsalı 62%, kənd təsərrüfatı məhsulları - 44%-ə düşmüş, əhalinin həyat səviyyəsi xeyli pisləşmişdi.
Belə ağır günlərdə xalqımız öz xoşbəxtliyinin xilaskarı kimi Ulu öndərimiz Heydər Əliyevə üz tutdu. Çünki onlar yaxşı bilirdilər ki, Ümummilli liderimiz hələ sovetlər dönəmində respublikamıza rəhbərlik etdiyi 1969-cu ildən torpaq amilinə yüksək qiymət vermiş, Azərbaycan Respublikasının başçısı kimi xalq təsərrüfatının bütün sahələrini, o cümlədən kənd təsərrüfatında yaranmış geriliyin səbəblərini avqust plenumunda geniş təhlil edib, 1970-ci ilin iyul ayında SSRİ Nazirlər Sovetində "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi tədbirləri haqqında" qərar qəbul etdirmişdir. Təbii ki, həmin dövr üçün bu istək böyük cəsarət və əzmkarlıq tələb edirdi.
Nəhayət, Azərbaycan xalqının bütöv əksəriyyətinin təkidli xahiş və tələbi ilə hakimiyyətə gələn Ulu öndərimiz Heydər Əliyev tarixdə heç vaxt Azərbaycan kəndlisinə aid olmayan torpağı kəndliyə verməklə, tarixi ədaləti bərpa etmək qərarına gəldi.
"Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 1996-cı ildə qəbul edilməsinə baxmayaraq, bu məsələnin təməli, əslində, Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə, 1992-ci ildə Culfa rayonunun Şurut və Gal kəndlərindəki torpaqların kəndlilərə verilməsi ilə qoyulmuşdu.
Torpaq - vətəndaş münasibətlərində həyata keçirilən tarixi və inqilabi hadisənin birinci mərhələsinin yekunlarını Ulu öndər Heydər Əliyev olduqca yüksək qiymətləndirərək demişdir: "Biz torpaq islahatının aparılmasında radikal tədbirlərə əl atmışıq. Deməliyəm ki, nəticə idealdır. Özü də bu, hələlik başlanğıcdır".
Torpaq islahatları nəticəsində respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək, onların əkinə yararlı münbit torpaqları əhaliyə paylanıldı. İşğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Bu, 3 442 778 subyekt demək idi. Torpaq islahatları nəticəsində torpaq üzərində üç mülkiyyət forması müəyyənləşdi. Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8 641 506 hektar torpaq sahəsindən 4 913 639 hektarı, başqa sözlə 56,9 faizi dövlət mülkiyyətində saxlanıldı; 2 032 744 hektarı, yəni 23,5 faizi bələdiyyə mülkiyyətinə verildi; 1 695 123 hektarı, yəni 19,6 faizi isə xüsusi mülkiyyətə ayrıldı.
Torpaq islahatları həmişə inkişafda olan dinamik bir prosesdir ki, bu proses də digər proseslərlə kompleks şəkildə həyata keçirilir. Torpaq islahatlarının birinci mərhələsi olan torpaqların xüsusi mülkiyyətə verilməsi ilə yanaşı, ölkədə vahid torpaq fondu üzrə dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin də həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb etdiyindən bu işlərin nizama salınmasının hüquqi əsaslarını tənzimləyən "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir (12 mart 1999-cu il). Bu Qanuna və digər qanunvericilik aktlarına uyğun olaraq "Torpaq-kadastr sənədlərinin aparılması qaydaları" və eləcə də, "Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında", "Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında", "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında" əsasnamələr hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq torpaqlardan istifadə edilməsinin hüquqi əsasları, növləri, torpaq mülkiyyətçiləri, istifadəçiləri və kateqoriyaları üzrə bölüşdürülməsi, torpaqların kəmiyyət xarakteristikası, habelə, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi haqqında lazımi məlumat və sənədlər sistemini əks etdirən dövlət torpaq kadastrı yaradılmışdır.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Dünya Bankının "Təsərrüfatların özəlləşdirilməsi" layihəsi çərçivəsində respublikanın Lənkəran, Salyan, Ucar, Bərdə, Xaçmaz rayonları və Naxçıvan MR-da 6 nümunəvi özəl pilot təsərrüfatlar üçün zəruri kompleks yerquruluşu layihələri hazırlamaqla vətəndaşların (ailələrin) adına tərtib edilmiş hüquqi sənədlərə dair kadastr və qeydiyyat işlərinin aparılmasını təmin etmişdir. Dünya Bankının 2-ci layihəsi olan "Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi" layihəsi çərçivəsində işlərin həyata keçirilməsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də iştirak etmişdir. Belə ki, həmin layihə çərçivəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində olmuş ABŞ, Kanada, Yaponiya, Fransa, İsveçrə, Finlandiya, Almaniya, Hollandiya, Türkiyə və s. kimi ölkələrdən gəlmiş mütəxəssislər Komitənin müasir avadanlıq və informasiya texnologiyası ilə təmin olunma səviyyəsini çox yüksək qiymətləndirmişlər. Respublikamızda aparılan torpaq islahatları digər MDB ölkələrinin daima marağına səbəb olmuş, bu istiqamətdə Azərbaycanda torpaq islahatlarının aparılması prosesini əhatə edən hüquqi bazanın öyrənilməsinə maraq göstərilmiş və bu prosesin idarə edilməsi və həyata keçirilməsi mexanizmlərinə xüsusi diqqət yönəldilmişdir. Bu məqsədlə, həmçinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində "Heydər Əliyev torpaq islahatı" məktəbi yaradılmış və hal-hazırda da bu məktəbdə mütəxəssislərin bilik səviyyəsinin artırılması istiqamətində treninqlər və seminar-məşğələlər davam etdirilir.
- Bu gün respublika əhalisinin yarısının yaşadığı kənddə aqrar islahatların yeni mərhələsi başlanmışdır. Ona görə də dövlət başçısı kəndin sosial-iqtisadi strukturunun yaxşılaşdırılması, burada müasir tələblərə cavab verən istehsal, sosial infrastrukturun yaradılması, aqrar sektorun inkişafında müşahidə olunan müsbət meyllərin daha da güclənməsi, regionlarda istehsal edilən məhsulların səmərəliliyinin və keyfiyyətinin yüksəlməsi və s. istiqamətlərdə görülən işlərin miqyasının genişləndirilməsini prioritet vəzifə kimi qiymətləndirir.
- Bu tarixi bir həqiqətdir ki, cənab İlham Əliyev Azərbaycan xalqının xoşbəxt gələcəyi və həmin gələcəyin əbədi qoruyucuları olan Azərbaycan gəncliyinin sağlam və vətənpərvər ruhda böyüməsi üçün əlindən gələni əsirgəmir. Cənab Prezident hələ 2000-ci ildə bu sağlam siyasəti Milli Olimpiya Komitəsinin prezidenti olarkən bütün bölgələrdə müasir tipli idman komplekslərinin inkişaf etdirilməsi ilə başlamışdır. Bu qayğı indinin özündə də cənab Prezident İlham Əliyev tərəfindən göstərilir. Bu komplekslərin müasir tələblərə cavab verən səviyyədə inşası üçün tələb olunan torpaq sahələri Komitə tərəfindən struktur vahidləri ilə birlikdə qısa müddətdə naturada və yerquruluşu sənədləri ilə müəyyən edilmişdir.
1988-ci ildən Azərbaycana torpaq iddiası edən Ermənistanla qanlı toqquşmaların dayanması məqsədilə 1994-cü ildə Moskvada Ermənistanla Azərbaycan arasında atəşkəsin müvəqqəti elan edilməsi haqqında müqavilənin imzalanmasından sonra 1994-cü ilin sentyabrında Azərbaycan hökumətinin xarici neft şirkətləri ilə imzaladığı "Əsrin müqaviləsi"nin mühüm bir vasitəsi olan, Supsada uzunluğu 830 km, gündəlik maksimum ötürmə gücü 115 min barel, hər birinin tutumu 250 min barel olan dörd terminalın tikintisinə başlanıldı və 1999-cu il aprel ayının 17-də Supsada ilkin Xəzər neftinin Qərb istiqamətində nəqli üçün Bakı-Supsa ixrac boru kəmərinin və Supsa yerüstü terminalının təntənəli rəsmi açılış mərasimi oldu.
Bu dövrdə yalnız iqtisadi deyil, həmçinin, çox böyük geopolitik əhəmiyyət daşıyan, region ölkələrinin gələcək ictimai-siyasi və iqtisadi həyatında ciddi dəyişikliklərə yol açan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istifadəyə verilmişdir. Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin çəkilməsi Azərbaycan qazının birbaşa dünya bazarına çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir və dövlət büdcəsinin gəlir hissəsinin formalaşmasında vacib rol oynayır. Həmçinin, ötən dövr ərzində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası istiqamətində böyük işlər görülmüş, bəzi dövlətlərin və beynəlxalq qurumların təzyiqlərinə baxmayaraq, Azərbaycan layihənin maliyyələşdirilməsi ilə bağlı məsələləri qətiyyətlə öz üzərinə götürmüş, bu istiqamətdə mühüm razılaşmalar əldə etmişdir. Bu layihələr birlikdə Avropanın enerji təhlükəsizliyi baxımından müstəsna rol oynayır və ölkəmizin dünya üçün geopolitik əhəmiyyətini xeyli dərəcədə artırır.
Prezident İlham Əliyevin bəyan etdiyi regionların sosial-iqtisadi inkişafı siyasətində ölkəmizdə yoxsulluğun azaldılmasına yönəldilmiş tədbirlər sistemində yeni iş yerlərinin yaradılması həlledici amillərdən biri kimi qarşıya əsas məqsəd kimi qoyuldu.
Heç şübhəsiz ki, yoxsulluğun sürətlə azalması, millətin genefondunun qorunması, ailələrin, uşaqların xoşbəxtliyi, ölkənin iqtisadi qüdrətinin artmasına xidmət edən əsas amillərdən biridir. Bu reallıq Prezident İlham Əliyevi daim narahat edən əsas məsələlərdən biri olmuşdur.
Azərbaycan ta qədimdən ənənəvi kənd təsərrüfatı istehsalının inkişafı üçün əlverişli şəraitə və unikal imkanlara malik ölkə hesab edilir. Aqrar sektor onilliklər boyu ölkəmizin iqtisadiyyatında mühüm yer tutmuşdur, bu meyl indi də davam edir. Müasir dövrün fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, kənd təsərrüfatının idarə edilməsi sahəsində köklü dəyişikliklər edilmiş, kəndlilər əsrlər boyu həsrətlə gözlədikləri arzuya qovuşmuş və nəticədə onlar torpağa sahiblik əldə etməklə, xüsusi mülkiyyətçiyə çevrilmişlər. Aparılan müqayisəli təhlillərdən görünür ki, aqrar islahatların birinci mərhələsinin nəticələri uğurlu olmuşdur: istehsalın həcmi xeyli artmış, yerli mənbələr hesabına əhalinin ərzaqla təchizat səviyyəsi yaxşılaşmış, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün real şərait yaranmışdır.
- Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" əslində "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nın davamı kimi qiymətləndirilir. Bu Dövlət Proqramlarının icrası məqsədilə Komitə tərəfindən nə kimi işlər görülmüşdür?
- "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın (2004-2008-ci illər) icrası ilə əlaqədar respublikamızın ayrı-ayrı rayonlarının ərazisindəki torpaqların şorlaşmaya, şorakətləşməyə, eroziyaya və deqradasiyaya uğrama dərəcəsinin müəyyənləşdirilməsi məqsədilə irimiqyaslı torpaq-meliorasiya tədqiqat işləri aparılmışdır. Belə ki, əvvəlki illərdə olduğu kimi, dövlət və xüsusi mülkiyyətdə olan torpaq sahələrində torpaqların münbitlik vəziyyəti haqqında, xüsusən, onların təbii və antropogen təsirlərə (təkrar şorlaşma, qrunt sularının dərinlik səviyyələri və minerallaşma dərəcələri, eroziyaya, deqradasiyaya uğrama dərəcələri, bataqlaşma, sürüşmə, təsərrüfat yerlərinin deformasiyaya uğrama vəziyyəti, məhsuldar torpaq-bitki örtüyünə malik sahələrdə tikinti işlərinin aparılması vəziyyəti və s.) məruz qalmaları, torpaq istifadəçilərinin istifadəsindəki torpaqların texniki uçot vəziyyəti haqqında məlumatlar öyrənilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" üzrə tapşırıqlar Komitə tərəfindən uğurla yerinə yetirilir.