- Tahir müəllim, "İctimai Palata"nın mitinqlərə son qoyduqlarını bəyan etmələri nə ilə bağlıdır?
- Təbii ki, "İctimai Palata"nın aksiyalara son qoyması ilə bağlı bəyanatı özlərinə olan inamsızlıqdan irəli gəlir. Eyni zamanda, onların sosial bazasının olmaması ilə bağlıdır. Açıq şəkildə görünür ki, "İctimai Palata"nın xalq tərəfindən dəstəyi yoxdur. Radikal müxalifət qüvvələri düşünürlər ki, "biz ölkədə aksiyalar keçirsək belə, bu aksiyalara heç kəs gələn deyil". Ona görə də, onların bu mitinqləri keçirməyə heç bir gücü yoxdur.
- 20 ilə yaxındır ki, partiya sədri kreslosunda oturanların yeniləri ilə əvəz olunmasının zamanı çatmayıbmı?
- Düşünürəm ki, ölkədə fəaliyyət göstərən müxalifət partiyalarında dəyişiklik edilməsinə ehtiyac var. Şübhəsiz ki, partiyanın rəhbəri dəyişən də, həmin partiyada bir çox yeniliklər olur. Ancaq müxalifət düşərgəsinə diqqət yetirsək, görərik ki, onlarda aftoritar rejim hökm sürür. Şübhəsiz ki, bu partiyada sədr dəyişikliyi baş verərsə, həmin partiyalarda ciddi inkişaf baş verəcək. Amma qəribə proses ondan ibarətdi ki, AXCP (i) və Müsavatda heç liderlərin getməsini gözləmədən kütləvi şəkildə köhnə qvardiya üz tutub gedir. Düşünürəm ki, sözügedən partiyaların sədrlərinin dəyişilməsi həm cəmiyyətdə, həm də partiyaların içərisində müəyyən dəyişiklik və rəqabət hissini oyadar.
- Uzun illər partiya sədrliyində oturub, yerini digərlərinə verməyən sədrlərin fəaliyyətsizliyini nə ilə izah etmək olar?
- Radikal müxalifət partiya sədrlərinin öz kreslolarından möhkəm yapışmalarının səbəbini onunla izah etmək olar ki, onlar sədrliyə gəlir mənbəyi kimi baxırlar. Ona görə də, bu liderlər öz oturacağından möhkəm yapışırlar. Əslində, həmin sədrlərin partiyalarda liderlik etmələri həmin partiyaya mənfi təsir edir. Çünki sözügedən partiyalarda belə rəhbərlərin mövcud olması onlara heç vaxt müvəffəqiyyət qazandırmayıb.
- Radikal müxalifət partiyalarının xaricdən maliyyələşməsi "Siyasi partiyalar haqqında" qanunun tələblərinə zidd deyilmi?
- Bu sirr deyil ki, ölkədə fəaliyyət göstərən bəzi partiyalar xarici qüvvələr tərəfindən maliyyələşir. Digər tərəfdən müxalifət partiyalarına dəstək verən kimdir? Təbii ki, xaricdə olan qüvvələrdir. Təəssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən əksər partiyalar xaricdən dəstək alır. Bu isə yolverilməzdir. Həmin partiyaların məsuliyyətə cəlb olunması üçün kifayət qədər hüquqi əsaslar mövcuddur.
GÜLYANƏ