Poçt rabitəsi beynəlxalq standartlara cavab verən yüksək səviyyəyə çatdırılıb
- Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü, eləcə də, Azərbaycan respublikasında telefon rabitəsinin yaradılmasının 130 illiyi tamam olur. Bu illər ərzində bütövlükdə Azərbaycan rabitəsinin, o cümlədən, Azərbaycan poçt rabitəsinin inkişafında hansı uğurlar qazanılıb? Bu inkişafı hansı mərhələlərə bölmək olar?
- Məlum olduğu kimi, Sovetlər İttifaqının dağılması nəticəsində yeni yaranmış bütün müstəqil respublikalarda olduğu kimi Azərbaycanda da poçt rabitəsinin inkişafı demək olar ki, tam dayandı və tənəzzül dövrü yaşanmağa başlandı. Nəticədə illərlə bu sahədə təcrübə qazanmış çoxlu sayda mütəxəssislər məcburiyyət qarşısında ixtisara düşərək işsiz qaldılar. Bununla da müəssisənin gəlirləri get-gedə azalmağa başladı və nəticədə poçt sistemi dövlət dotasiyasından asılı vəziyyətdə qaldı.
Poçt rabitəsinin inkişaf mərhələsinin ən çətin dövrü hesab edilən bu dövr, 1997-ci il yanvar ayının 1-dən etibarən poçt rabitəsinin elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi fəaliyyətə başlaması ilə başa çatdı. Elə bu ildən başlayaraq Poçt Rabitəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Həyata keçirilən məqsədyönlü tədbirlər və uğurlu kadr islahatları nəticəsində Poçt Rabitəsinin inkişafına start verildi.
1997-ci ilin mart ayında poçt rabitəsinin qısa müddətli "Dirçəliş və inkişaf proqramı" qəbul olundu, dekabr ayında isə 1998-2003-cü illər üçün poçt rabitəsinin inkişaf konsepsiyası" təsdiq edildi.
1999-cu il sentyabr ayının 29-da "Azərpoçt" İstehsalat Birliyi, "Azərpoçt" Dövlət Müəssisəsi adlandırılaraq ona Dövlət Müəssisəsi statusu verildi. 2000-ci ildən Poçt rabitəsi rentabelli fəaliyyət göstərməyə başladı. Poçt rabitəsinin tarixində ilk dəfə olaraq 2002-ci ildə "Poçt Rabitəsi Qaydaları" hazırlanaraq təsdiq edildi.
2004-cü il iyun ayının 29-da Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Poçt rabitəsi haqqında" Azərbaycan Respublikası Qanununun imzalanması Poçt rabitəsinin inkişafını daha da sürətləndirdi.
Qeyd etmək lazımdır ki, respublikamızda poçt xidməti, xüsusilə də dövlət poçtunda, digər xidmətlərə nisbətən çox ucuz və əlverişli xidmət vasitəsidir. Belə olmasa idi minlərlə insanlar uzun zamanlardan bəri mövcud olan ənənəvi poçt xidmətləri ilə yanaşı müasir dövrün zəruriyyətindən yaranmış 50-dən çox qeyri-ənənəvi poçt xidmətlərindən , o cümlədən pensiya və müavinətlərin, qəzet və jurnalların, teleqramların, telefon danışıq qəbz lərinin evlərə çatdırılması, komunal haqlarının yığılması və s. xidmətlərin poçt işçiləri vasitəsilə onlara xidmət göstərməsinə imkan yaratmazdılar.
"Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti ölkənin bütün ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə və eləcə də hüquqi şəxslərə ən aşağı qiymətlərlə ənənəvi və qeyri-ənənəvi poçt xidmətlərinin və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir.
"Azərpoçt" MMC tabeliyində olan 10 regional, 53 rayon və şəhər poçt filalı, 7 rayon rabitə qovşağı, 1499 poçt şöbəsi və 71 poçt agentliyi vasitəsilə müştərilərə 50-dən artıq müxtəlif növ poçt xidmətləri ğöstərir.
Bütün poçt şöbələrinin müasir standartlara uyğun kompüterləşməsi, texniki avadanlıqlarla tam təchizatı və informasiya texnologiyalarının ən son nailiyyətlərinin bu sahədə geniş tətbiqi göstərilən xidmətlərin yüksək keyfiyyətinə və etibarlılığına tam təminat verir.
Poçtun daşınması üçün "Azərpoçt" MMC-də 263 ədəd müxtəlif markalı avtomaşınlardan istifadə olunur.
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) 07.10.2004-cü il tarixli 122 saylı əmri ilə "Azərpoçt" Dövlət Müəssisəsinə Milli operator statusu verilmişdir.
1999-cu ildə Dövlət Müəssisəsi kimi qeydiyyatdan keçən və 15 avqust 2009-cu ildə MMC-yə çevrilən Azərpoçtun fəaliyyətinə əsasən RİTN nəzarət edir. Azərpoçt 29 iyun 2004-cü il tarixində qəbul olunmuş və 02 oktyabr 2008-ci il tarixində əlavə və dəyişikliklər edilmiş "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununun əsasında fəaliyyət göstərir.
"Poçt haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən respublikanın bütün ərazisində universal poçt xidmətlərinin (UPX) göstərilməsi "Azərpoçt" MMC-yə həvalə edilmişdir.
Respublikada vahid dövlət poçt operatoru olan "Azərpoçt" MMC digər mövcud 30-dan çox özəl poçt operatorlarından fərqli olaraq hüquqi və fiziki şəxslərə dövlət tərəfindən təyin olunmuş ucuz və sərfəli tariflərlə ölkənin ən ucqar yaşayış məntəqələrində universal poçt xidmətləri göstərir.
Qüvvədə olan normativlərə uyğun olaraq "Azərpoçt" MMC-nin şəbəkəsində qəbul olunmuş bütün növ poçt göndərişlərinin respublikanın istənilən rayon, kənd və qəsəbələrinə 1-4 gün müddətində, Bakı və digər şəhərlərdə isə 1 gün müddətində çatdırılmasına zəmanət verilir.
- Siz Azərbaycan rabitəsinin inkişafında müstəqillik dövrünün xüsusi bir mərhələ təşkil etdiyini vurğuladınız. Təbii ki, bütün bunlar Ulu öndər Heydər Əliyevin Azərbaycanda rabitənin inkişafına xüsusi diqqət və qayğısı sayəsində mümkün olmuşdur. İstərdik ki, Ümummilli liderin bu sahənin inkişafı ilə bağlı həyata kecirdiyi tədbirlərdən bəhs edəsiniz.
- Azərbaycanda rabitənin inkişaf tarixinə nəzər saldıqda görə bilərik ki, istər çar imperiyası dövründə, istərsə də Demokratik Cümhuriyyət dövründə o vaxtın tələblərinə uyğun rabitə şəbəkəsi yaradılmışdır. Sovet hakimiyyəti illərində isə Azərbaycan rabitəsində müəyyən işlər görülsə də, 60-cı illərdə respublikamız bu sahədə ittifaqın digər respublikalarından çox-çox geri qalırdı.
Yalnız 1969-cu ildə ulu öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra digər sahələrlə bərabər rabitə sahəsi, o cümlədən poçt rabitəsi də güclü inkişaf yoluna qədəm qoymuşdur. Bu inkişaf ötən əsrin 70-ci illərində sürətlənmiş və diqqətəlayiq nailiyyətlər əldə olunmuşdur.
1970-ci ildə 1940-cı ilə nisbətən respublikada rabitə müəssisələrinin sayı 3 dəfə artaraq 1590-a, o cümlədən kənd yerlərində 1171-ə çatmış, məktub korrespondensiyasının sayı 3 dəfə artaraq 75 milyon təşkil etmiş, bağlamalar 2 dəfə, qəzet və jurnallar 6,5 dəfə artmış, poçt marşrutlarının məsafəsi 3 dəfə artaraq 20023 km.olmuşdur.
Sovetlər birliyi dövründə Azərbaycanın Dövlət Müstəqilliyyinin uzaqda olmadığını dərk edən, böyük öndər Heydər Əliyev uzaqgörənlik nümayiş etdirərək rabitə sahəsinə marağın, diqqətin və qayğının təzahürü olaraq, eyni zamanda bu sahənin ölkənin müstəqilliyi üçün vacibliyini bilərək, Azərbaycan gənclərinin digər sahələrdə olduğu kimi bu sahə üzrə də ali təhsilə yiyələnməsinə qayğı göstərmiş və yüzlərlə azəri məzunlarının Rusiyanın və digər MDB ölkələrinin ali məktəblərində yüksək səviyyədə rabitə təhsili almalarına nail olmuşdur. İndi iftixar hissi ilə deyə bilərik ki, dünyanın ən qabaqçıl texnologiyasını və xidmət sahələrini peşəkarcasına idarə edə bilən rabitə üzrə kadr potensialımız vardır. Ulu Öndər onları "ölkəmizin milli sərvəti" adlandırırdı.
Poçt rabitəsinin də pillə-pillə inkişaf edərək bugünkü beynəlxalq standartlara cavab verə biləcək bir səviyyəyə çatdırılması məhz Heydər Əliyev siyasətinin bariz təzahürüdür.
Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrə qədər Bakı şəhərində mövcud olan Bakı Poçtdaşıma şöbəsinin istehsalat sahələrinin və şəraitsizliyi bütün çeşidləmə proseslərinin əl əməyi ilə fasiləsiz həyata keçirilməsi, tələb olunan səviyyədə poçt göndərişlərinin, qəzet və jurnalların vaxtında göndərilməsinə imkan vermirdi. Bu hal ölkə rəhbərinin diqqətindən yayınmadı. Mövcud problemlərin qısa müddətdə aradan qaldırılması məqsədi ilə Heydər Əliyev Bakı şəhəri Dəmiryolyanı Poçtamt binasının tikintisinə başlamaq qərarı verdi və onun başa çatdırılmasını nəzarət altında saxladı. Məhz onun dəstəyi sayəsində müasir texnika və avadanlıqlarla təchiz edilmiş bina tikilərək poçt işçilərinin istifadəsinə verildi. İndi həmin binada eyni zamanda daxil və xaric olan bütün növ beynəlxalq poçt göndərişlərinin qəbulu, işlənməsi və göndərilməsi əməliyyatları həyata keçirilir. 1970-ci illərin əvvəllərində həmçinin poçt göndərişlərinin də rayonlara çatdırılması çətin həyata keçirilirdi. Bu problemin aradan qaldırılması yollarından biri təyyarədən istifadə etmək idi. Lakin o dövrdə respublikanın cəmi 3 bölgəsində-Gəncə, Yevlax və Naxçıvanda aerodrom vardı.
Respublikada yeni aeroportların tikintisi məqsədi ilə Heydər Əliyevin sayəsində Rabitə Nazirliyinin Hava-Nəqliyyat İdarəsi ilə birlikdə keçirdiyi tədbirlər nəticəsində respublikanın ayrı-ayrı rayonlarında otuza qədər yeni aeroportlar açıldı, istifadədə olan aeroportlar isə xeyli genişləndirildi. Beləliklə dövri mətbuatın və poçt göndərişlərinin bölgələrə çatdırılması işi xeyli sürətləndirildi, nəticədə qəzetlərin 80%-nin çapdan çıxan gün oxuculara çatdırılması təmin edildi, eyni zamanda qəbul edilən poçt göndərişləri ən ucqar yerlərə, öz ünvançılarına 2-3 günə çatdırılması həyata keçirildi.
Heydər Əliyevin respublikamızın iqtisadiyyatının bütün sahələrinin inkişafına paralel diqqəti və qayğısı nəticəsində ötən əsrin 70-80-cı illərində iş həcmi gündən-günə artırdı. Poçt rabitəsi gəlirlə işləyirdi. Əhalinin poçt rabitəsinə olan tələbatı artırdı. Əhaliyə rabitə xidmətinin yüksək səviyyədə təşkil edilməsi üçün müasir tipli Poçtamt və poçt şöbələrinin tikintisi zərurəti yaranmışdı. Bakı şəhərində və respublikamızın digər şəhər, rayon və kəndlərində poçt rabitəsinin əlavə xidmətlərinin gəliri hesabına yüzlərlə poçt rabitəsi üçün binalar tikilib istifadəyə verildi.
Bu illərdə eyni zamanda, hal-hazırda "Azərpoçt" MMC-nin yerləşdiyi müasir tipli "Rabitə evi"nin binası da istifadəyə verilmişdir.
- Azərbaycan Respublikasında informasiya cəmiyyətinin formalaşdırılması üzrə Ulu öndər Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyadan (2003-2012-cı illər)" irəli gələn vəzifələrin reallaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş "Elektron Azərbaycan" Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər çərcivəsində hansı işlər görülmüş və nailiyyətlər qazanılmışdır?
- "Elektron Azərbaycan" Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər çərcivəsində "Elektron imzanın tətbiqi məqsədilə poçt şöbələrində elektron imza sertifikatının verilməsi üçün Qeydiyyat Mərkəzlərinin (QM-lərin) yaradılması və bununla əlaqədar poçt xidmətlərinin göstərilməsi barədə" müqavilə və təlimat Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən təsdiq olunaraq "Azərpoçt" MMC-yə təqdim olunmuşdur. Təsdiq olunmuş təlimatın surəti Bakı Poçt Filiallarına (PF) göndərilmişdir. Bununla yanaşı Elektron imza üçün smart kartların alınması ilə bağlı 18.08.2011-ci il tarixli MHM-ə müraciət olunmuşdur.
Elektron imza ilə bağlı MHM-də keçirilən kurslarda Bakı PF-lərin nümayəndələri iştirak etmiş və təlimatlandırılmışlar. Hazırda Abşeron və Sumqayıt PF-lərinin nümayəndələri kurslara cəlb olunmuşlar.
Digər rayonların kurslarda iştirak etməsi üçün MHM tərəfindən cədvəl hazırlanmış və həmin cədvələ əsasən PF-lər kurslarda iştirak edəcəklər. Belə ki, hazırda Bakı şəhərində Az1000, Az1006, Az1002, Az1044, Az1063 və Az1072 saylı poçt şöbələrində Elektron imza üçün sertifikat əldə etmək məqsədi ilə qeydiyyat mərkəzləri yaradılmışdır. Kart və sertifikatlar üçün müştəri ərizələrinin toplanılması, sertifikatların, kartların və ərizələrin emal statusu haqqında sorğulara baxılması prosesi qeydiyyat mərkəzlərində yerinə yetirilir. Qeydiyyat Mərkəzləri sertifikat almaq üçün Mərkəzə olan müraciətlərə baxılması, sertifikatların qüvvəsinin dayandırılması, bərpası və ləğvi ilə bağlı İmza sahiblərinə xidmətlər göstərir. Mərkəz İmza sahibi barədə yazılar yaradır, onun identikləşdirilməsini və məlumatların yoxlanılmasını, Sertifikat sorğusunun yaradılmasını və Mərkəzə göndərilməsini həyata keçirir.