- Baba müəllim, əvvəla Sizi və "Bakıelektrikşəbəkə"ASC-nin çoxminli kollektivini ölkəmizin dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü və 20 oktyabr energetiklərin peşə bayramı münasibəti ilə təbrik edir, işlərinizdə uğurlar arzulayırıq. Xalqımızın milli sərvəti olan dövlət müstəqilliyinin ildönümünü və peşə bayramını "Bakıelektrikşəbəkə"ASC necə qarşılayır?
- Hər bir Azərbaycan vətəndaşı bu günlər uzun illər həsrətində olduğumuz müstəqilliyimizin 20 illik yubiley sevincini yaşayır. Bir əsrdə ikinci dəfə müstəqilliyimizin əldə olunması çox ağır ictimai, siyasi və tarixi şəraitdə baş verdiyindən müstəqilliyimizin ilk illərində xalqımızın qarşılaşdığı çətinlikləri və məhrumiyyətləri düzgün qiymətləndirmədən bugünkü müstəqilliyimizi lazımınca dəyərləndirə bilmərik. Geridə qalan 20 ilin başlanğıcında bir tərəfdən müstəqillik sevincini yaşayan Azərbaycan digər tərəfdən Ermənistanın ölkəmizə təcavüzü nəticəsində son dərəcə ağrılı problemlər yaşadı. Mənfur qonşuların hərbi təcavüzü, habelə ölkə daxilində gedən çəkişmələr o zaman vətənimizin nəinki öz müstəqilliyini itirmək, hətta ölkəni parçalanmaq təhlükəsi qarşısında qoymuşdu. Yəni müstəqilliyə, azadlığa aparan yollar hamar olmadı, bu yolda qanlar töküldü, şəhidlər verildi. Sanki bu illərdə xalqımız tarix qarşısında növbəti mətinlik sınağından keçirdi. Azərbaycan dövlətçiliyinin taleyi həll edildiyi 1993-cü ilin iyun ayında dünya miqyaslı siyasətçi və dövlət xadimi Heydər Əliyevi yenidən hakimiyyətə təkidlə dəvət edən Azərbaycan xalqı parçalanıb dağılmaq və ikinci dəfə müstəqilliyini itirmək kimi fəlakətdən xilas oldu.Ümummilli liderimizin dərin zəkası sayəsində Azərbaycan tarixində "Milli Qurtuluş günü" kimi qeyd olunan 1993-cü ilin iyunundan başlayaraq ölkədə aparılan ardıcıl və məqsədyönlü siyasət vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyllərinə son qoydu. Məqsədli xarici siyasət nəticəsində erməni silahlı qüvvələrinin hücümları dəf edildi və cəbhədə atəşkəs təmin olundu. Dövlət idarəçiliyinin bütün sahələrinin dünya standartlarına uyğunlaşdırılması, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı demokratik islahatlara başlanıldı, iqtisadiyyatın dirçəlməsi istiqamətində tədbirlər həyata keçirildi.
Ulu öndər Heydər Əliyevin xalqımızın iftixarı və qürur mənbəyi adlandırdığı Azərbaycan müstəqilliyinin keçən 20 ili ərzində əldə olunmuş nailiyyətlər ictimai-siyasi həyatın bütün sferalarında olduğu kimi, iqtisadiyyatın mühüm sahələrindən olan elektroenergetikanın yüksəlişində də öz əyani təcəssümünü tapmışdır."Bakıelektrikşəbəkə" ASC dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün və 20 oktyabr energetiklərin peşə bayramının layiqli qarşılanması üçün xüsusi tədbirlər proqramı hazırlamışdır ki, bu proqrama əsasən artıq bir neçə yeni inşa edilmiş güc mərkəzləri istismara buraxılmış, enerji təchizatı və satışı idarəsi üçün yeni inzibati bina əməkdaşların istifadəsinə verilmiş, yaxın günlərdə daha bir neçə güc mərkəzinin istismara buraxılması gözlənilir.O cümlədən, müstəqilliyimizin 20 illik yubileyi ilə bağlı Səhmdar Cəmiyyətdə "Heydər Əliyev - Müasir Azərbaycanın memarıdır" mövzusunda elmi-praktik konfrans keçirilmişdir ki, tədbirdə respublikamızın keçdiyi şərəfli yoldan, müstəqilliyin ilk illərində ölkədə baş verən ictimai-siyasi hadisələrdən, paytaxtın elektrik paylayıcı şəbəkəsinin beş illik fəaliyyətindən ətraflı danışılmışdır.
- Ulu öndər Heydər Əliyevin Azərbaycanın enerji sisteminin inkişafına xüsusi diqqət və qayğısını necə xarakterizə edərdiniz? Ümummilli Lider müstəqil Azərbaycanın Prezidenti kimi ölkəmizin elektrik enerjisi sisteminin xarici ölkələrdən asılılığının aradan qaldırılması üçün atdığı addımları bir mütəxəssiz kimi necə qiymətləndirirsiniz?
- Azərbaycanın müstəqil enerji sisteminin formalaşması və ölkəmizin enerji təhlükəsizliyinin bu gün daha yüksək səviyyəyə çatdırılması bilavasitə xalqımızın böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Bunun real isbatı üçün təkcə bir faktı qeyd etmək kifayətdir ki, məhz Ümummilli liderin şəxsi təşəbbüsü ilə respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycanın energetika sistemində 3500 meqavata yaxın generasiya gücləri, 70 min kilometrə yaxın elektrik ötürücü xətlər istifadəyə verilib, enerji sisteminin real imkanları iki dəfədən çox artıb. Faktlar göstərir ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elektrik enerji sisteminin inkişafını prioritet məsələlər sırasına aid edərək bu istiqamətdə böyük işlər görüb. Bu mənada təsadüfi deyil ki, sözügedən sistemin əsas inkişaf mərhələsi öz başlanğıcını Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdən götürür. Məhz həmin vaxtdan başlayaraq, ölkənin elektrik enerjisi sisteminin sürətli inkişafını təmin etmək məqsədilə bir çox irimiqyaslı layihələrin reallaşdırılmasına start verildi. Həmin layihələr öz növbəsində Azərbaycanın elektrik enerjisinə olan təlabatının yerli imkanlar hesabına ödənilməsinə gətirib çıxardı. Bir-birinin ardınca yeni elektrik stansiyaların, yüksək gərginlikli elektrik verilişi xətlərinin və yarımstansiyaların inşa edilib istifadəyə verilməsi respublikanın sənaye potensialının artırılmasında mühüm addım oldu.
Ulu öndərin rəhbərlik etdiyi birinci dövrdə görülən işlər sonralar dövlət suverenliyini əldə edən Azərbaycanın müstəqil enerji sisteminin yaranmasında bazis rolunu oynadı. Lakin təəssüf ki, dövlət müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələr tərəfindən Heydər Əliyevin sovet dönəmində min bir zəhmət hesabına qurub-yaratdığı enerji sistemi dağıdıldı, istifadəyə yararsız hala salındı. Belə vəziyyət vətəndaşların durumuna, iqtisadiyyata təsirsiz ötüşmədi. Digər sahələrdə olduğu kimi, enerji sisteminin müstəqillik illərində yenidən qurulmasının müəllifi kimi yenə Ulu öndər çıxış etdi, bu sahənin böhrandan çıxarılması, onun maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi üçün məqsədyönlü, genişmiqyaslı tədbirlər həyata keçirdi.
Heydər Əliyev həm də Azərbaycanın elektrik enerjisi sistemində qanunvericilik bazasının formalaşdırılması, bu sahəyə dair hüquqi əsasların təkmilləşdirilməsi istiqamətində mühüm tədbirləri həyata keçirmişdir.
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015) üzrə Dövlət Proqramı" çərçivəsində rəhbərlik etdiyiniz Səhmdar Cəmiyyəti tərəfindən hansı işlər görülmüşdür? Ümumiyyətlə, Azərbaycan dövlət müstəqilliyinin 20-ci ildönümünə "Bakıelektrikşəbəkə" ASC hansı nailiyyətlərlə gedir?
- Ulu öndərin müstəqil enerji sisteminin formalaşması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Enerji sisteminin inkişafı sahəsində möhtərəm Prezident İlham Əliyevin atdığı mühüm addımlardan biri "Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) Dövlət Proqramı"nın qəbul olunmasıdır.
Bu Proqramda ölkənin yanacaq-enerji kompleksində qazanılmış uğurlar təhlil edilərək iqtisadiyyatın və əhalinin enerji resurslarına olan təlabatının daha dolğun ödənilməsini təmin etməyə yönələn konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Həmin dövlət proqramı çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər ölkədə makroiqtisadi sabitliyi təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş, əhalinin həyat səviyyəsini xeyli yaxşılaşdırmışdır. Dövlət başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" və eləcə də iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş müxtəlif dövlət proqramları enerji sistemin yenidən qurulması ilə bağlı həyata keçirilən tədbirlərin uğurla davam etdirilməsində hərəkətverici qüvvə olmuşdur. Məhz həmin proqramların yerinə yetirilməsi bütün ölkədə olduğu kimi Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi infrastrukturunun inkişafına daha da təkan vermiş, digər kommunal xidmətlərlə yanaşı istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsinə səbəb olmuşdur. Qeyd olunan dövlət proqramlarının icrası ilə əlaqədar "Bakıelektrikşəbəkə"ASC tərəfindən paytaxt və ətraf qəsəbələrin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, abonentlərə yüksək səviyyəli xidmət göstərilməsi, elektrik şəbəkəsinin dünya standartlarına uyğun yenidən qurulması istiqamətində geniş miqyaslı yenidənqurma işləri həyata keçirilir. İstehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması Bakı şəhərində beynəlxalq standartlara uyğun dairəvi sxem üzrə elektrik şəbəkəsinin yaradılmasını zəruri edirdi ki, bu məqsədlə yeni 110 kV-luq yarımstansiyaların tikintisi İnvestisya Proqramında əsas prioritet olaraq nəzərdə tutulmuşdur. 110 kV-luq dairəvi elektrik sisteminin yaradılması isə Bakı şəhərinin elektrik təchizatının fasiləsizliyinə və perspektivdə elektrik enerjisinə olan tələbatın tam ödənilməsinə təminat verən bir elektrik sxemidir.
Bu məqsədlə təsdiq olunmuş İnvestisiya Proqramına uyğun olaraq "Müşfiq"-"Bayıl", "Xırdalan"-203 hava xətləri əsaslı təmir edilmiş, 110 kV-luq "Bayıl", 227, 203, 215 saylı yarımstansiyalar yenidən qurulmuş, dairəvi sistemə daxil olan müasir tipli 110/35/10 kV-luq 2x50 MVA gücündə "Liman" yarımstansiyası inşa edilmiş və hazırda 110/35/6 kV-luq 2x50 MVA gücündə "İçərişəhər", 110/20/6 kV-luq 2x40 MVA gücündə "Yeni Bayıl" yarımstansiyalarının tikintisi isə başa çatdırılmaqdadır.
Bakı şəhərinin elektrik şəbəkəsinin müasir avadanlıq və yeni texnologiyanın tətbiqi ilə yenidən qurulmasını, şəhərsalmanın günbəgün geniş vüsət aldığı paytaxtda yeni güc mərkəzlərinin yaradılmasını nəzərdə tutan İnvestisiya Proqramı çərçivəsində həyata keçirilən tədbirlər ölkə başçısının gündəlik nəzarətində olmuş, dövlət əhəmiyyətli bu vəzifələrin uğurla həyata keçirilməsi və şəbəkənin maddi-texniki bazasının gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən daima dəstəklənmişdir.
Səhmdar Cəmiyyətin 5 illik fəaliyyyəti dövründə dövlət büdcəsindən ayrılmış vəsaitlər və müəssisənin daxili maliyyə imkanları hesabına müasir tipli 14 ədəd 110 kV-luq və 29 ədəd 35 kV-luq yeni yarımstansiyalar tikilmiş, 128 ədəd yeni Transformator Məntəqəsi inşa edilmiş və 400 ədəd Transformator Məntəqəsi əsaslı təmir olunmuş, 2000 km-ə yaxın elektrik veriliş xətləri, o cümlədən 100 km-dən cox 110 kV-luq kabel xətti və 400 km-ə qədər isə 35 kV-luq kabel xətti çəkilmişdir. Hazırda 5 ədəd 110 kV-luq və 16 ədəd 35 kV-luq yarımstansiyalarda tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Həyata keçirilən tədbirlər nəticəsində şəbəkənin güc qəbuletmə və paylama qabiliyyəti 2006-cı illə müqayisədə 70 faiz artmışdır.
Görülən tədbirlər nəticəsində şəbəkə üzrə texniki itkilərin səviyyəsi 6% azaldılaraq bu göstərici 10%-ə endirilmiş, ifrat yüklənmə halları tamamilə aradan qaldırılmışdır.
Paylayıcı şəbəkə üzrə aparılan yenidənqurma işlərinin, xüsusən də 0,4 kV-luq elektrik şəbəkələrinin özünüdaşıyan izolyasiyalı naqillərlə qurulmasının, elektrik enerjisi uçotunun aparılmasında müasir texnologiyaların, yeni inşa edilmiş yarımstansiyaların məsafədən idarə olunması üçün "SCADA" sisteminin və yarımstansiyalarda müasir rele mühafizəsi və avtomatika qurğularının tətbiqinin nəticəsidir ki, "Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyəti bərpa edilənədək istehlakçıların enerji təchizatında uzunmüddətli fasilələrlə müşayiət olunan qəza açılmalarının sayı minimuma enmişdir. Uçot sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərin şəbəkə üzrə itkilərin səviyyəsinin azaldılmasında çox mühüm əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq "Azərenerji" ASC-dən alınan elektrik enerjisinin uçotunun dəqiq aparılması məqsədilə yarımstansiyalardakı alış nöqtələrində uzaqdan oxunan avtomatlaşdırılmış "Elster Metronika" ölçü sistemi quraşdırılmış və istehlakçıların istifadəsində olan köhnə elektrik sayğacları müasir tipli elektron sayğaclarla əvəz edilmişdir.
Son beş ildə Bakı şəhəri üzrə paylayıcı elektrik şəbəkələrin beynəlxalq standartlara uyğun yenidən qurulması istiqamətində "Bakıelektrikşəbəkə" ASC tərəfindən həyata keçirilən genişmiqyaslı işlər istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təchizatında müsbət nəticələrə gətirib çıxarmışdır. Bu istiqamətdə işlərin davam etdirilməsi daha böyük uğurların əldə ediləcəyinə ciddi təminatdır.