- Bəxtiyar müəllim, bu günlər Azərbaycanın hər yerində dövlət müstəqilliyinin 20-ci ildönümü təntənəli şəkildə qeyd olunur, dövlətimizin uğurları haqqında danışılır, görülən işlər barədə məlumat verilir. İstərdik sizinlə müsahibəmizdə də Azərbaycan milli mətubatının 20 illik inkişaf yolu haqqında söhbətləşək. Söhbətə müstəqilliyin ilk illərində mətbuatımızın dövrün siyasi, ictimai reallıqları fonunda yaşadığı çətinliklər, üzləşdiyi problemlər haqqında fikirlərinizi öyrənməklə başlamaq istərdik...
- Hüquqi nöqteyi-nəzərdən Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə öz müstəqilliyini elan edib. Bu, bir tarixi faktdır. Amma nəzərə almaq lazımdır ki, o zaman Azərbaycanın müstəqilliyi formal xarakter daşıyırdı. Çünki iqtidarda olanlar xaricdən gələn tapşırıqlar əsasında dövləti idarə edirdi, hakimiyyətin müstəqil iradəsi yox idi, müstəqil şəkildə daxili və xarici siyasət yürüdülmürdü. Onların yarıtmaz siyasəti nəticəsində, ölkəmizdə sovet dönəmilərində yaradılmış güclü iqtisadi potensial tamamilə çökdü, torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi nəticəsində sosial sahədə total böhran başladı və bu tendensiya xaosa gətirib çıxardı. Xalqın ən böyük arzusu sayılan müstəqillik əldə olunsa da, onun qorunub saxlanılması və möhkəmləndirilməsi bəzi qüvvələrin korporativ maraqları ucbatından həyata keçirilmirdi. Geosiyasi gerçəklikləri, beynəlxalq situasiyanı düzgün qiymətləndirə bilməyən iqtidar yetkililərinin "səyləri" nəticəsində Azərbaycan beynəlxalq aləmdə də təklənmişdi. Yəni bütün istiqamətlərdə xaos, anarxiya, özbaşınalıq yaranmışdı. Təbii ki, bu proseslər mətbuata da təsirini göstərirdi. Doğrudur, milli-azadlıq hərəkatından ruhlanan bəzi yeni qəzetlər meydana gəlməyə başlamışdı. Lakin qeyri-ənənəvi formada çap olunan bu qəzetlərin fəaliyyəti üçün hüquqi baza yox idi. Hətta müstəqilliyin ilk illərində belə sovet dövründə qəbul edilmiş mətbuat haqqında qanun fəaliyyət göstərirdi. Azərbaycanda həmin dönəmdə söz və mətbuat azadlığını təmin edən qanunvericilik bazası olmadığından həmin müstəqil qəzetlərin də fəaliyyətinə qeyri-qanuni müdaxilələr olurdu. Bir çox qəzetlərdə hələ də partiya ab-havası, totalitar rejimin ünsürləri özünü göstərirdi, senzura nəzarəti qalırdı. Bu dövrdə senzuranın da olması müstəqil mətbuatın fəaliyyətini bərbad vəziyyətə salırdı. Bir sözlə, müstəqil mətbuat orqanları olsa da, onlar müstəqilliklərini reallaşdıra, azadlığı fəaliyyətlərində sərgiləyə birmirdilər.
İstər A.Mütəllibovun, istərsə də AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə senzura hələ də qalırdı, azad mətubat müxtəlif müdaxilələrlə üzləşir, hətta bu sahədə fəaliyyət göstərən jurnalistlərin həyatları təhlükə altına düşürdü. Özlərini demokratlar adlandıran AXC-Müsavat cütlüyü ölkəyə rəhbərlik etdiyi zamanda mətbuat sahəsində daha dəhşətli hadisələr baş verməyə başladı. Onlar daha bir maneə - hərbi senzura adlı sədd yaratmaqla müstəqil mətbuatın fəaliyyətini həddindən artıq məhdudlaşdırdılar. Hətta o dövrki daxili işlər naziri sərbəst fikir bildirdiyinə görə jurnalisti tutub maşının yük yerinə salırdı və ya müxbirin yazısı dərc olunmuş qəzeti özünə yedizdirirdi. Göründüyü kimi, 1993-cü ilə qədər müstəqil mətbuat normal fəaliyyət göstərə və ictimai-siyasi proseslərdə iştirak edə bilmirdi.
- Əlbəttə ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi Azərbaycanda bütün sahələrdə - iqtisadi, sosial, siyasi, mədəni, humanitar və s. sahələrdə əsaslı dəyişiklərə gətirib çıxardı. Bəs, bu dəyişikliklər, milli mətubatımızın inkişafında özünü necə göstərdi? Ümummili liderimiz Heydər Əliyevin atdığı addımlar müstəqil mətbuatımızın inkişafına hansı töhfələri verdi?
- İnkarolunmaz bir həqiqətdir ki, demokratiyanın əsas tələblərindən biri söz və məlumat azadlığı, müstəqil mətbuatın mövcudluğudur. Ona görə də dünyanın bütün inkişaf etmiş, demokratik dövlətləri mətbuatın inkşafına, onun azadlığının təmin olunmasına xüsusi əhəmiyyət verir. O da məlumdur ki, Azərbaycanda demokratik dəyər və normaların bərpası, ölkəmizin demokratik inkişaf yoluna qədəm qoyması Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heç də təsadüfi deyil ki, ölkəmizdə müstəqil mətbuatın formalaşması prosesinə də məhz Ulu öndər Heydər Əliyevin iradəsi ilə start verilmişdi. Birmənalı olaraq qeyd etməliyik ki, Azəbaycan mətbuatı gerçəkdən öz müstəqilliyinə yalnız 1993-cü ildə, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra nail oldu. Azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə-bütün bunlar ümummilli lider Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Ümummilli lider Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, mətbuata düzgün münasibət, onun problemləri ilə daim məşğul olmaq dövlət quruculuğunun mühüm bir sahəsidir. O, çox gözəl bilirdi ki, mətbuatda mütərəqqi dəyərlərin daim qorunması, azad fikrin və sözün möhkəmləndirilməsi üçün mütləq şəkildə bunu təmin edəcək hüquqi bazaya ehtiyac var. Ona görə də bu sahəyə çox ciddi diqqət ayırırdı. 1995-ci ildə Ulu öndərin birbaşa təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasında da bu sahə ilə bağlı hüquq və azadlıqlar dəqiq göstərilmişdir. Konstitusiyanın 47-ci maddəsində qeyd olunur ki, "Hər kəsin fikir və söz azadlığı var. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir".
Konstitusiyanın 50-ci maddəsi isə məlumat azadlığına həsr olunub. Həmin maddədə deyilir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.
Konstitusiyanın qəbulu zamanı ortaya qoyulan iradə digər hüquqi sənədlərin ərsəyə gəlməsində də özünü göstərdi. Mətbuat azadlığına verilən yüksək dəyər mətbuatın daha çox azadlıqlar almasına və müstəqil fəaliyyətinə zəmanət verən yeni qərarların qəbulunu şərtləndirirdi. Belə ki, 1998-ci il avqustun 6-da Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının inkişafında bir inqilab sayılan "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalandı. Bu fərmanın bir bəndi ilə mətbuatda dövlət sirlərini mühafizə edən Baş idarə ləğv olundu. Bu isə 1990-cı illərin əvvəllərində ölkəmizdə daha da ciddi şəkildə tətbiq olunmağa başlanmış senzuranın ləğvi demək idi!
- Bəxtiyar müəllim, senzuranın ləğvindən söz düşmüşkən, belə bir sual vermək istərdik. Müstəqil Azərbaycan mətbuatının tarixində çox mühüm, unudulmaz məqamlar var. Amma bunların sırasında Ulu öndər Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı "Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanı xüsusi olaraq vurğulamalayıq. İstərdik, sizin bu Fərman barədə, onun milli mətbuatımızın inkişaf tarixində yeri və rolu haqqında fikirlərinizi öyrənək...
- Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bütün sahələrdə olduğu kimi, mətbuat üçün də şərait tamamilə dəyişdi. Açıqlıq, müstəqillik, azadlıq kimi dəyərlər mətbuatımız üçün arxivə çevrildi. Sovet hakimiyyəti illərində kommunist ideologiyasının ruporuna çevrilən mətbuata müxtəlif epitetlər - "ən demokratik mətbuat", "xalqın tribunası", "milyonların mənafeyinə xidmət edən vasitə" və s. qoşulsa da, mətbu söz ciddi nəzarət altında saxlanılırdı. Sosializm dövründə faktiki surətdə mətbuata ikiqat nəzarət həyata keçirilirdi. Onlardan biri KİV-də dövlət sirlərinin qorunması adı altında senzura nəzarəti, digəri isə miqyasından, dövriliyindən və tirajından asılı olmayaraq gerçəkləşdirilən partiya nəzarəti idi. Yəni hər bir partiya (Sov.İKP-nin yerli qurumları) təşkilatı öz ərazisində buraxılan qəzet və jurnallara göz qoyurdu. Müstəqilliyimizin ilk illərində də mətbuatın həqiqi azadlığı mümkün olmadı. Özlərini demokrat adlandıran AXC-Müsavat cütlüyünün iqtidarı dövründə nəinki kütləvi informasiya vasitələrinə senzura nəzarəti aradan qaldırıldı, əksinə, bolşeviklərdən nümunə götürən "bəy"lər onu bir qədər də bərkitdilər. "Hərbi senzura" adı ilə qəzetlərə əlavə nəzarət də qoyuldu. Həmin dövrdə "Molla Nəsrəddin" jurnalından nümunə götürən bir sıra qəzetlər "senzor" tərəfindən çıxarılan materialın yerinə başqa yazı qoymayaraq qəzet səhifəsini ağ buraxırdılar.
Ulu öndər Heydər Əliyev isə mətbuata azadlıq verməklə çox böyük cəsarətli qərar qəbul etdi. Ona görə də bu gün haqlı olaraq deyirik ki, Heydər Əliyevin Azərbaycan mətbuatı qarşısında ən böyük xidmətlərindən biri ölkəmizdə sözün həqiqi mənasında söz və mətbuat azadlığını təmin etməsidir. Özünün sözdə yox, əməldə söz və mətbuat azadlığı, fikir müxtəlifliyi və demokratiya tərəfdarı olduğunu sübut edən ümummilli lider Heydər Əliyev 6 avqust 1998-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı ilə kütləvi informasiya vasitələrinə senzura nəzarətini tamamilə ləğv etdi. Bu tarixi fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirdi. Mətbuat və İnformasiya Nazirliyinin ləğvi isə bütövlükdə mətbuatı dövlət nəzarətindən çıxardı. Ulu öndərin bu cəsarətli addımından qorxuya düşənlər (xüsusən müxalifət tərəfindən), senzuranın ləğvinin tez olduğunu söyləyənlər də tapıldı. Amma zaman Ulu öndərin nə qədər uzaqgörən olduğunu və müdrik qərarlar qəbul etdiyini neçənci dəfə təsdiqlədi. Odur ki, Azərbaycanda müstəqil və azad mətbuatın yaranması ümummilli lider Heydər Əliyevlə bağlıdır. Senzuranın ləğvi ilə mətbuat azadlığının, söz azadlığının, jurnalistikanın inkişafı üçün yeni üfüqlər yarandı. Azərbaycanda sözün həqiqi mənasında müstəqil mətbuat formalaşmağa başladı.
- Sizin də qeyd etdiyiniz kimi, senzuranın ləğvi və digər hüquqi təminatların qəbulu Azərbaycanda müstəqil mətbuatın yaranmasına gətirib çıxardı. Yəni artıq ölkəmizdə müstəqil mətbuat yarandı və növbəti - yeni mərhələdə əsas vəzifə müstəqil mətbuatın inkişafını təmin etmək idi. Bəs, bu məqsədlə hansı addımlar atıldı?
- Azərbaycanda müstəqil mətbuat formalaşdıqdan sonra (burada söhbət onun mövcudluğunun hüquqi bazasının yaradılmasından və jurnalistin peşə fəaliyyəti ilə sərbəst məşğul olmasına təminat yaradan qanunların qəbulundan gedir) milli mətbuatla bağlı dövlət tərəfindən 3 mühüm sənəd imzalanmışdır. "Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında" ilk fərman 27 mart 2000-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən verilmişdir. "Azərbaycanın milli mətbuatının 130 illik yubileyinin keçirilməsi haqqında" 20 iyun 2005-ci il tarixli sərəncamı isə cənab İlham Əliyev imzalamışdır. "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" 10 iyun 2010-cu il tarixli sərəncam da Prezident İlham Əliyev tərəfindən verilmişdir. Hər üç sənəd arasında möhkəm varislik əlaqəsi mövcuddur. Belə ki, sənədlərin hər üçündə Azərbaycan milli mətbuatının şanlı tarixinə qısa nəzər salınır, xalqımız qarşısında xidməti olan qəzet və jurnalların adları çəkilir, müsbət cəhətlər vurğulanır, habelə yubileyin təntənəli şəkildə keçirilməsindən ötrü görüləcək işlər sadalanır. Təbii ki, müəyyən fərqlər də mövcuddur. Yaddaqalan ümumi cəhət isə ondan ibarətdir ki, həm Ulu öndər Heydər Əliyevin, həm möhtərəm Prezident İlham Əliyevin verdikləri fərman və sərəncamlar Azərbaycan milli mətbuatının inkişafına, qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin maddi və mənəvi cəhətdən həvəsləndirilməsinə xidmət etmişdir.