PDF Oxu

Müsahibə

  • 82

ABŞ- Ermənistan - İran “qardaşlığı” yaranır

ABŞ- Ermənistan - İran “qardaşlığı” yaranır

- Azay müəllim, ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər. Bu səfər Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa irəliləyişlər yarada bilərmi?

- ATƏT-in Minsk Qrupunun həmsədrlərinin üzərinə düşən konkret vəzifə, öhdəlik var. Həmsədrlər vasitəçilik missiyasını öz mandatlarına uyğun şəkildə həyata keçirməlidir. Əgər vasitəçi beynəlxalq hüququn norma və prinsipini pozan Ermənistana qarşı ciddi təsir və o cümlədən, sülhə məcbur etmirsə, o zaman bu formatın hansısa fəaliyyətindən danışmaq mümkün deyil. ATƏT-in Minsk Qrupu münaqişənin həlli istiqamətində beynəlxalq ictimaiyyəti səfərbər etməlidir. Çünki təcavüzkar Ermənistan heç bir halda öz istəyi ilə işğal etdiyi torpaqları azad etməyəcək. Ermənistanın tutduğu anormal mövqe həmsədrlərə çox yaxşı bəllidir. Ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun həmsədrləri təcavüzkar dövlətlə işğala məruz qalan ölkə arasında bərabərlik işarəsi qoymamalıdır. Əgər münaqişəni özümüz həll edəcəyiksə, o zaman hansısa vasitəçiyə nə ehtiyac vardı.

- ATƏT-in Minsk Qrupunun həmsədrləri 20 ildir ki, bölgəyə səfər edirlər, amma reallıqda heç bir nəticə yoxdur. Bu fakt nəzərə alınırmı?

- ATƏT PA-nın sessiyasında həmsədrlər çox açıq şəkildə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini, Dağlıq Qarabağın Ermənistanın nəzarətində olduğunu bildirdilər. Eyni zamanda, Dağlıq Qarabağ ətrafındakı bütün rayonların erməni separatçıları tərəfindən işğal olunduğunu qeyd etdilər. Lakin bütün bunların fonunda işğalçı Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini çox kobudcasına pozduğuna görə sanksiya tətbiq olunmasına toxunmadılar. Çox təəssüf ki, bu məsələyə öz münasibətlərini bildirmədilər. Münaqişənin üç həll yolu var. Birincisi, danışıqlar, ikincisi, sülhə məcbur edilmək üçün beynəlxalq ictimaiyyətin Ermənistana qarşı sanksiya tətbiqi, üçüncü isə hərb yoludur.

- Helsinki Yekun Aktında, istərsə də, BMT nizamnamələrində açıq şəkildə hər bir ölkənin özünü müdafiə etmək hüququ var. Bu, hüquqdan Azərbaycan istifadə edə bilməzmi?

- Helsinki Yekun Aktında göstərilir ki, istənilən ölkənin daxilində milli azlıqlar öz müqəddəratını təyin edən zaman beynəlxalq normalara və BMT-nin nizamnaməsinə, xüsusən, dövlətlərin ərazi bütövlüyünün toxunulmaması prinsipinə riayət etməlidir. Təcavüzkar ölkə isə, həmin prinsipləri çox kobudcasına pozmağa çalışır. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtkenin 6 elementi prinsip etibarilə, Azərbaycanın maraqlarına uyğundur. Sıralama məhz qrafik üzərindəki sadalamadırsa, onda sual yaranır ki, əgər köçkünlər geri qaytarılmadan onlar Dağlıq Qarabağda yerləşdirilmədən Qarabağın yekun statusu necə müəyyənləşdirilə bilər? Düşünürəm ki, heç bir halda, Azərbaycan icmasının nümayəndələrinin iştirakı olmadan, hər hansı bir formada yekun statusunu müəyyənləşdirmək mümkün olmayacaq.

- Son zamanlar İran-Ermənistan yaxınlaşması müşahidə olunur. Sizcə, bu yaxınlaşmada tərəfləri birləşdirən maraqlar nədən ibarətdir?

- Təəssüf ki, İran özünün elan etdiyi dəyərlərə, prinsiplərə heç bir halda riayət etmir. Bu gün hər kəs bilir ki, İran dövləti olmasa idi, Ermənistan çox pis vəziyyətə düşərdi. Son statistik məlumatlara görə, ən geridə qalmış ölkələrdən ikinci yerdə Ermənistan dayanır. İran dövlətinin dəstəyi olmasa idi, təcavüzkar ölkə çoxdan defolta uğrayardı. İran Ermənistanın ərzaq təminatının 70 faizini həyata keçirir. Azərbaycan tərəf həmişə İranı islam həmrəyliyi çərçivəsində hərəkət etməyə dəvət edir. Amma təəssüf ki, heç vaxt bunun konkret nəticəsini görməmişik. İran tranzit yolu vasitəsilə narkotik maddələri Dağlıq Qarabağdan Ermənistana ötürür.

- ABŞ-Ermənistan birliyi nə ilə bağlıdır?

- Ermənistan məsələsində ABŞ bütün prinsipləri unudub. Sözdə demokratiyadan, insan haqlarından danışır, əməldə isə, qeyd etdiklərinin tam əksini edir. ABŞ özünü Azərbaycanın ən yaxın dostu, müttəfiqi hesab edir. Bir çox hallarda ABŞ ölkəmizdən faydalansa da, antiterror əməliyyatlarında Azərbaycanın imkanlarından maksimum yararlansa belə, ölkəmizə qarşı öz haqsızlığını büruzə verdi. Azərbaycan işğala məruz qalan ölkə olsa da, ABŞ tərəfindən sanksiyaya məruz qalıb. Haqsız olaraq Dağlıq Qarabağa Azərbaycanın razılığı olmadan milyonlarla dollar məbləğində yardım göstərib. Yəni bir tərəfdən Dağlıq Qarabağı nəzarətsiz zona elan edir, digər tərəfdən isə, maliyyələşdirir. Hətta uydurma "erməni soyqırımı" məsələsini də zaman-zaman gündəmə gətirir. Əlbəttə, bütün bunlar ikili standartların nəticəsidir. Dövlətlərarası münasibətlərdə bu cür hallar olmamalıdır. Yəni ABŞ bir növ özünün qəbul etdiyi ideyaları saxtalaşdırır. Bu da Ermənistanı ruhlandırır, qeyri-konstruktiv mövqe tutmağa sürükləyir.


AYLANA RZAYEVA

Digər xəbərlər