- Ziyad müəllim, 2011-ci ilin 9 ayının yekunlarına dair Nazirlər Kabinetində Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən müşavirəni və orada səslənən sosial-iqtisadi göstəriciləri necə xarakterizə edərdiniz?
- Son on ilin inkişaf dinamikası bu fikiri deməyə əsas verir ki, Azərbaycan qısa zaman kəsiyində yeni iqtisadi sistemin yaranmasına nail olub. Əslində, bir sistemin başqa sistemə keçməsi prosesi ağrılı olur. İllər öncə bu ağrıları görmüşük. Ancaq düzgün siyasət, düşünülmüş idarəetmə sistemi olduqda, təbii ki, üzə çıxan problemləri də aradan qaldırmaq mümkündür. İlk növbədə, aparılan düzgün siyasət nəticəsində Azərbaycanda hüquqi, sosial və iqtisadi islahatlar aparıldı. İslahatların düzgün aparılması nəticəsində Azərbaycanda uğurlara imza atılıb. Dünyada çox tanınmış dövlətlər var. Amma bu, o demək deyil ki, həmin ölkələrin hamısı müstəqil siyasət yürüdür və iqtisadiyyatlarının dinamik şəkildə inkişafını təmin edirlər. Bundan əlavə, dünyada çox saylı neft hasil edən ölkələr mövcuddur. Amma o ölkələrin inkişaf səviyyəsi o qədər də ürəkaçan deyil. Ulu Öndər Heydər Əliyev dünya təcrübəsinə əsaslanaraq, Azərbaycanda uğurlu neft strategiyası həyata keçirdi. Əvvəllər Azərbaycanın dövlət büdcəsi heç bir milyard da deyildi. Amma bu gün düşünülmüş siyasət nəticəsində dövlət büdcəsi 15 milyardı keçib.
- Bu müddət ərzində uğurlu ixracyönümlü sənaye potensialı yarana bilibmi?
- 2012-2013-cü illərdə elektrik enerjisinin istehsalı daha da artacaq, bərpa olunan enerji layihələri icra olunacaq, ixracyönümlü sənaye potensialı yaranacaq. 1994-cü ildə "Əsrin müqaviləsi" bağlandı. Bu müqaviləyə mane olmaq istəyən bəzi üzdəniraq qüvvələr vardı. Lakin Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və prinsipiallığı imkan verdi ki, Azərbaycan bu müqaviləni bağladı. Məhz "Əsrin müqaviləsi"nin imzalanmasından sonra dünyanın bir neçə ölkəsinin neft şirkətləri ilə 30-dək sazişin imzalanması üçün yol açıldı. Bu saziş həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə bağlanan iri sazişlər siyahısına daxil olmuşdur. Azərbaycan iqtisadiyyatında "Əsrin müqaviləsi" imzalandıqdan sonra böyük bir dönüş yarandı və müxtəlif istiqamətdə geniş işlərə başlandı. İqtisadi aləmdə, ilk növbədə, ölkənin maraqları nəzərə alınır. Azərbaycanda neft kapitalı ilə yanaşı, qeyri-neft sektoru da çox dinamik sürətlə inkşiaf edir. Hər iclasda müvafiq tapşırıqlar verilir. Yanacaq-enerji sisteminin inkişafı, enerji və iqtisadi təhlükəsizliyin təmin edilməsinə xidmət edən infrastruktur layihələrin həyata keçirilməsi, ərzaq təhlükəsizliyin, ən əsası isə, əhalinin sosial-iqtisadi güzəranının yaxşılaşdırılması məsələsi daim dövlətin diqqət çəkdiyi məsələlərdəndir. Bir iqtisadçı kimi onu demək istəyirəm ki, bu gün Azərbaycanın iqtisadiyyatının gələcəyə hədəflənmiş strategiyası realdır və bu strategiyanın həyata keçirilməsi daim diqqət mərkəzindədir.
- Ziyad müəllim, "qara qızıl"ın insan kapitalına çevrilməsi siyasətinin uğurla həyata keçirildiyini söyləmək olarmı?
- Heç şübhəsiz, bu gün ölkəmizdə "qara qızıl"ın insan kapitalına çevrilməsi siyasəti uğurla həyata keçirilir. Bütövlükdə, Azərbaycanın problemlərinin həll olunmasında insan kapitalı başlıca vasitədir. Hesab edirəm ki, "qara qızıl"ın insan kapitalına çevrilməsi üçün ölkəmizdə kifayət qədər əsaslar var və biz bu əsasları həmişə qoruyub saxlamalıyıq. "Qara qızıl" qeyri-neft sektorunun və elmi-mədəni tərəqqinin inkişafına yönəldilməkdədir. Bu vəsaitlərin həcmi ilbəil artmaqdadır. Neft və qaz ehtiyatlarının satışından əldə olunan kapital bütün sahələrə sərf olunur. Ölkəmizdə aparılan siyasət nəticəsində "qara qızıl" insan kapitalına çevirilir. Son ildə dövlətimiz dünyada sürətlə və inkişaf edən ölkəyə çevrilib. Azərbaycanda baza üçün böyük resurslar da mövcuddur. Xarici ölkələrdə təhsil alan gənclərimizin getdicə sayı artır və həmin gənclərin tədris xərclərinin yüksəldilməsi ilə bağlı məqsədyönlü addımlar atılmaqdadır.
- 2012-ci il dövlət büdcəsinin layihəsi və makroiqtisadi proqnozları tərtib olunarkən neftin bir barreli üçün baza qiyməti 80 dollar müəyyənləşdirilir. Ötən illə müqayisədə fərqin artırılması nə ilə bağlıdır?
- Hər zaman dövlət büdcəsində enmələr və qalxmalar olur. Azərbaycan dövləti hər zaman çox təmkinli, düşünülmüş siyasət yürüdür. Dünya bazarında çox böhranlı, təlatümlü hallar baş verdiyi halda, Azərbaycan bir dövlət olaraq bu proseslərdən tamamilə kənarda qalır. 2012-ci ilin dövlət büdcəsinin layihəsi və makroiqtisadi proqnozları tərtib olunarkən neftin bir barreli üçün baza qiymətinin 80 dollar müəyyənləşdirilməsi tamamilə reallığa uyğun gəlir. Dövlətimiz dünyada müstəqil siyasət yürüdür. Günbəgün peşəkar gənc kadrlarımız çoxalmaqdadır. Bütün sahələrdə olduğu kimi, iqtisadi cəhətdən də tamamilə müstəqilik. Və zərrə qədər də kimdənsə asılı vəziyyətdə deyilik. Hər yerdə qətiyyətlə sözümüzü deyə bilirik. Bölgədə Azərbaycan ən güclü, söz və nüfuz sahibi olan dövlətə çevrilib. Xalqımızın maraqları bütün sahələrdə qorunur və təmin olunur.
Düzgün şəkildə, həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda texnologiya, o cümlədən, internet çox sürətli şəkildə inkişaf edir. Azərbaycanın dinamik şəkildə inkişafı nəticəsində əhalinin də sosial-iqtisadi güzəranı yaxşılaşır, yol- nəqliyyat infrasturukturu yenidən qurulur, təmir edilir. Bunlarla yanaşı, şəhər təsərrüfatı dayanmadan inkişaf etdirilir. Yeni-yeni iş yerləri yaradılır, müasir təhsil, səhiyyə, mədəniyyət ocaqları tikilib istifadəyə verilir. Bunların hamısı isə, Ulu Öndər Heydər Əliyevin tərəfindən qoyulan iqtisadi inkişaf strategiyasından irəli gəlir. Bu strategiya bu gün ölkə rəhbəri, Ulu Öndər Heydər Əliyev siyasətini layiqli formada davam etdirən ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir.
AYLANA RZAYEVA