- Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul edilməsi ilə siyasi partiyaların dövlətdən maliyyələşməsi məsələsinə baxılacaq. Sizcə, hansı siyasi partiyalar dövlətdən maliyyələşməlidir?
- Bəlli olduğu kimi "Siyasi partiyalar haqqında" qüvvədə olan qanun 1992-ci ildə qəbul edilib. Bu zaman kəsiyində Azərbaycanın siyasi sistemində kifayət qədər ciddi irəliləyişlər var. İndiki siyasi situasiya və siyasi partiyaların cəmiyyətdə artmaqda olan rolunun tənzimlənməsi ilə qüvvədə olan siyasi qaunun bir ziddiyət təşkil edir. Ona görə də siyasi partiya haqqında yeni qanun hazırlanması uzun müddət idi ki, müxtəlif səviyyələrdə müzakirə olunmaqdadır. Bu məsələ dəfələrlə Milli Məclisin tribunasından qaldırılıb və millət vəkilləri tərəfindən müzakirəyə qoyulub. Kütləvi informasiya vasitələrinin verdiyi məlumatlara görə, bu qanun Prezident Adminstrasiya tərəfindən hazırlanıb, Avropa Şurası Venesiya Komissiyasına göndərilib.
Dövlət öz imkanlarından istifadə edərək partiyaların maliyyələşdirilməsini üzərinə götürə bilər. O partiyalar ki, sözün həqiqi mənasında Azərbaycan cəmiyyətinin formaladırılmasında iştirak edir, ictimai institut kimi fəaliyyəti dövlətlə, dövlətçiliklə bağlıdır və bütövlükdə Azərbaycan vətəndaşlarının maraqlarına uyğundur maliyyələşdirilə bilər. Dünya təcrübəsinə diqqət yetirsək, görərik ki, xarici ölkələrdə partiyaların maliyyələşdirilməsinin müxtəlif variantları mövcuddur. Daha çox siyasi partiyaların seçkilərdə iştirakı və qazandığı səslərin miqdarı nəzərə alınır. Dünya ölkələrinin əksəriyyətində siyasi partiyaların fəaliyyəti seçki ilə əlaqələndirilir. Seçkidə iştirak etməyən siyasi partiyalar dövlət tərəfindən maliyyələşdirilmir.
Siyasi partiyaların fəaliyyətində maliyyələşmə məsələləsi çox ciddi rol oynayır. Azərbaycanda siyasi partiyaların maliyyələşməsinin iki forması bəllidir. Birinci kateqoriyaya daxil olan partiyalar, verilən ianələr və daxili imkanlar hesabına öz maliyyə problemlərini həll edir, digər kateqoriya isə öz daxilində yaratmış olduğu qeyri-hökümət təşkilatları vasitəsilə və yaxud başqa formalarda xarici donorlardan maliyyə yardımı almaqla öz işini qurur.
- Milli Məclisdə Ailə Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunacaq. Bu qanun ailə təməlinin möhkəmlənməsinə və boşanmaların sayının artmasına hansı müsbət təsirini göstərəcək?
- Milli Məclis tərəfindən Ailə Məcəlləsi Haqqında qəbul edilmiş qanunda nikah 17 yaş həddində müəyyənləşib. Dünya təcrübəsi və Azərbaycanın qoşulduğu konvensiya, eyni zamanda, Azərbaycan reallığı bu qanuna yenidən baxmağı aktuallaşdırıb. Oktyabr ayının 26-da Milli Məclisin Sosial siyasət və Hüquq və dövlət quruculuq komitələrinin birgə yığıncağında Ailə Məcəlləsinə dəyişiklik edildi. Nikah yaşının 18 yaş təyin edilməsi məqbul hesab edildi. 18 yaşına çatmayan qızların ailə qurması istisna olaraq iki halda ola bilər. Birincisi, 18 yaşına çatmayan qız hamilədirsə, bundan əlavə, valideynlərindən biri ağır xəstədirsə onda qızların 18 yaşdan tez ailə həyatı qurmasına icazə veriləcək. 18 yaşından aşağı olan qızların nikaha girməsinin fizioloji və psixoloji fəsadları olur. Bu da ailədə boşanmalara gətirib çıxarır. Dünya praktikasında da hər şeydən əvvəl insanın yetginlik yaşı vacib şərt kimi önə çəkilir. Düşünürəm ki, bu qanun dəyişikliyi və dünya praktikasına söykənməyimiz Azərbaycan reallığından irəli gəlir.
- Son vaxtlar İran-Ermənistan əməkdaşlığı genişlənməklə yanaşı rəsmi Tehran Azərbaycanın daxili işlərinə qarışmaq fəaliyyətini davam etdirir. İranın anti-Azərbaycan mövqe sərgiləməsi nə ilə bağlıdır?
- İran Azərbaycan Respublikası bərqərar olan gündən anti-Azərbaycan siyasəti aparır. Bu siyasətə külli miqdarda vəsait sərf olunur. İran hesab edir ki, Azərbaycan müstəqil, demokratik dövlət yaratdıqdan sonra İran İslam Respublikasının bütövlüyü üçün təhlükə kəsb edir. Orada qorxurlar ki, İranda yaşayan 35 milyondan çox azərbaycanlı nə vaxtsa ayrılaraq indiki Azərbaycanla birləşmək istəyər. İran Azərbaycanın müstəqil, demokratik və kübar cəmiyyət və dövlət olmasını istəmir. Buna görə İranın xüsusi xidmət orqanları maariflənməmiş və təhsilsiz insanlar arasında təbliğat aparır. İranı əsas narahat edən məsələlərdən biri də Azərbaycanın kübar dövlət olması, inkişaf etməsi və dünyada öz mövqeyini möhkəmlətməsidir.
Müsəlman ölkəsi olaraq Fələstini hər zaman müdafiə edən, silahlı yardım etməkdən çəkinməyən İran Azərbaycan torpaqlarının başqa dinə mənsub olan ölkə tərəfindən işğal olunmasına fərqli yanaşır. Deməli, İran əsl müsəlman ölkəsi kimi söyləmiş olduğu islam dəyərlərini sədaqətini konkret olaraq Azərbaycana münasibətdə ortaya qoymur. İranın hər zaman Azərbaycan qarşı göstərdiyi xoşagəlməz münasibət ən müxtəlif səviyyələrdə özünü göstərməkdir. Ayrı-ayrı məmurlar, hərbi qüvvələrin yüksək səviyyəli zabitləri tərəfindən Azərbaycana qarşı hər zaman mənfi fikirlər səsləndirilib. Azərbaycan isə İrandan fərqli olaraq islami dəyərləri daha yüksəkdə tutur. Iran bu cür hərəkətləri ilə islam dövləti olan Azərbaycanda getdikcə öz nufuzunu itirib. Bu gün Azərbaycanda demək olar ki, İranının nüfuzu yoxdur.