- Aydın müəllim, BMT Təhlükəsizlik Şurasına üzv seçilmək arzusunu ortaya qoyan işğalçı ölkə son anda üzləşə biləcəyi rüsvayçılığın qarşısını almaq üçün namizədliyini geri götürdü. Bu fakt işğalçı ölkənin zəif və dünya birliyi tərəfindən qəbul olunmamasının göstəricisi sayıla bilərmi?
- Bu, bir həqiqətdir ki, təcavüzkar Ermənistandan fərqli olaraq, Azərbaycan dövləti beynəlxalq aləmdə böyük nüfuz və hörmətə malikdir. BMT-nin 196 üzvü var. Dünyanın əksər ölkələri illərlə çalışırlar ki, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilsinlər. Amma istəklərini reallaşdıra bilmirlər. Qardaş Türkiyə BMT-yə üzvlüyündən 50 il sonra Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Qeyri-daimi üzv olmaq üçün Ermənistan da namizədliyini irəli sürmüşdü. Lakin səs toplaya bilmədi. Axırıncı səsvermədə 13 ölkə Azərbaycanın əleyhinə səs verdi. Düşünürəm ki, həmin bu 13 ölkə Ermənistanı dəstəkləyən ölkələrdir. Deməli, işğalçı ölkə səsverməyə çıxsa idi, cəmi 13 səs toplaya biləcəkdi. Bu isə, Ermənistanın beynəlxalq aləmdə nüfuzunun olmamasına, apardığı siyasətin qəbul edilməməsinə, zəif iqtisadiyyatının olmasına və digər ölkənin ərazisini işğal etməsindən irəli gələn məsələdir. Serj Sarkisyanın apardığı siyasətdir ki, erməni əhalisi ölkəni kütləvi şəkildə tərk edir. Hüquq-mühafizə orqanları insanların hüquqlarını qorumaq əvəzinə, daha da pozur. Belə də olmalı idi. Dağlıq Qarabağ dalğasında hakimiyyətə gələn zorakılıq və hakimiyyət hərisliyi güdən siyasi qrupların idarəçiliyi məhz işğalçı Ermənistana mütləq belə bir rüsvayçı imic qazandırmalı idi.
- BMT Təhlükəsizlik Şurasının üzvü kimi dövlətimiz Dağlıq Qarabağda mövcud status-kvonun dəyişdirilməsinə və problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olmaq üçün yeni imkanlar qazanacaqmı?
- 155 ölkənin Azərbaycanın lehinə səs verməsi Dağlıq Qarabağda status-kvonun dəyişdirilməsinin həmin ölkələr tərəfindən dəstəklənməsi deməkdir. Bu, həm Azərbaycanın Qarabağ məsələsində siyasətinin dəstəklənməsi deməkdir. BMT Baş Məclisində vaxtaşırı Dağlıq Qarabağla bağlı müzakirələr aparılır. Qarabağ məsələsi Azərbaycanın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi deyil, BMT-nin üzvü olduğuna görə tez-tez gündəliyə salınacaq. Dövlətimiz bütün səylə çalışacaq ki, Dağlıq Qarabağ mövzusu daimi BMT-nin diqqətində qalsın.
- Aydın müəllim, Ermənistan bütün hallarda acınacaqlı fiasko ilə üzləşir. Bu işğalçı dövlətin süqut etmək ərəfəsində olduğunu təsdiq edən fakt hesab oluna bilər?
- Erməni xalqının tarixin müəyyən bir kəsiyində əldə etdiyi müstəqillik onun qazancı deyil, kimdənsə qopardığı sərvətdir. Azərbaycan torpaqları, tarixi mədəniyyət abidələri üzərində dövlət qurmaq, əlbəttə, Ermənistana uğur və xoşbəxtlik gətirə bilməzdi. Bu gün kütləvi şəkildə əhali oranı tərk edir, xarici ölkələrə üz tutur. İnkişaf olmayan Ermənistanda sivil və səmərəli dövlət aparatı yaratmaq mümkün deyil. Çox az zaman keçdikdən sonra Ermənistan tamamilə perspektivsiz bir ölkəyə çevriləcək. Azərbaycanla heç zaman müqayisə oluna bilməz. Dövlətimizin əldə etdiyi uğurlar Ermənistanı və anti-Azərbaycan mövqeli qüvvələri çox ciddi narahat edir. Ona görə də, Azərbaycana qarşı çirkin texnologiyalardan istifadə etməklə, dövlətimizin beynəlxalq aləmdə güclənən imicinə, hörmət və nüfuzuna zərbə vurmağa çalışırlar. Onların bu cəhdləri isə, hər zaman uğursuzluğa düçar olub. Təbii ki, Azərbaycanın Təhlükəsizlik Şurasının qeyri-daimi nümayəndəliyinə üzv seçilməsi işğalçı Ermənistanı son dərəcə qıcıqlandırır və narahat edir. Bütün bu amillər erməni diaspor təşkilatlarında narahatçılıq hissi yaratmaya bilməz. Heç bir erməni və onun kimilər Azərbaycanın qazandığı uğurlara, nailiyyələrə qətiyyən hansısa bir kölgə sala bilməz. Ölkəmiz hər zaman inkişaf edir, güclənir, daha da qüdrətlənir. Bunlar bu gün hər bir kəsə bəllidir. Sadaladığımız bu amillər lider ölkəyə çevrilən Azərbaycanın uğurlu və düşünülmüş siyasətinin nəticəsidir. Ölkəmizin xarici siyasət strategiyasının əsas qayəsi milli maraqlara əsaslanan xətt üzrə inkişaf etdirməkdir. Dünyada gedən proseslərlə bağlı bir çox təşkilatların üzvüyük.
- Aydın müəllim, SSRİ-dən qalmış və artıq heç nəyə yaramayan hərbi texnikaya malik işğalçı Ermənistan bu gün nəyə arxalanır?
- İşğalçı Ermənistan ordusunun bu gün hər hansı bir gücündən- qüvvəsindən danışmaq qətiyyən olmaz. Azərbaycan ordusunun həm say etibarilə, həm texniki təhcizat, həm də hərbi hazırlığı baxımından qat-qat işğalçı ölkədən üstündür. Gizir Mübariz İbrahimovun ötən il göstərdiyi şücaət, qəhrəmanlıq isə, bir daha onu göstərdi ki, Azərbaycan Ordusu hər tərəfli döyüşlərə hazırdır. Və Ermənistan cəmiyyətində bir qorxu hissi yaradır ki, əgər danışıqlar nəticə verməzsə, Azərbaycan hərbi yolla mövcud problemi həll etməyə çalışacaq. Bu baxımdan biz Ermənistanın apardığı işğalçılıq siyasətinin bütün məsələlərdə, o cümlədən, ordu quruculuğunda iflasa uğradığını deyə bilərik.
Aylana RZAYEVA