- Əli müəllim, Yeni Azərbaycan Partiyasının yaranmasının 19-cu ildönümü qeyd olundu. YAP ötən bu dövr ərzində qarşısına qoyduğu məqsədə nə dərəcədə nail oldu?
- İlk növbədə, ətrafınızda olan insanları YAP-ın yaranmasının 19-cu ildönümü münasibətilə təbrik edirəm. Hesab edirəm ki, bu, təkcə YAP-ın həyatında əlamətdar hadisə olmaqla yanaşı, Azərbaycan cəmiyyətinin siyasi həyatında da ən əhəmiyyətli hadisələrdəndir. YAP-ın yaranması Azərbaycanda yeni həyatın başlanğıcının sanki bir müjdə xəbər verəni oldu. Müstəqil Azərbaycanın yeni tarixinin əhəmiyyətli mərhələsi, təbii ki, YAP-ın yaranmasından sonra başlayıb. Tam qətiyyətlə deyə bilərəm ki, YAP yarandığı gündən qarşısına qoyduğu vəzifələri tamamilə yerinə yetirə bilib. Xüsusi olaraq, onu da vurğulamaq istərdim ki, Azərbaycan xalqının bəslədiyi bütün ümidləri həm partiyamız, həm də onun rəhbəri Ulu Öndər Heydər Əliyev tamamilə doğrultdu. YAP yarandığı gündən 6 ay sonra hakim partiyaya çevrildi. Hökm sürən anarxiya, hərc-mərclik, özbaşınalıq, qeyri-sabitlik tədricən aradan qaldırıldı. Azərbaycan Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti və qətiyyətli qərarları sayəsində sabit, güclü bir məmləkətə çevrildi. Ən əsası, insanlar gələcəyə ümidlə baxmağa başladı.
- YAP yaranışı və fəaliyyəti ilə Azərbaycanın ictimai-siyasi həyatına hansı yeniliklər gətirdi?
- Əgər YAP yarandıqdan sonra, bütövlükdə, Azərbaycan yenilənibsə, buradan belə məntiqi nəticə çıxır ki, YAP mahiyyət etibarilə, yeni ideyaları, çağırışları özündə ehtiva edən bir təşkilatdır. Düşünürəm ki, YAP-ın məhz bu cür adlanması heç də təsadüfi deyil. Ulu Öndər Heydər Əliyev yaratdığı partiyanın adında Yeni Azərbaycan sözünü işlətməklə, əslində, bu partiyanın qarşısına qoyduğu vəzifələri ən ümumiləşmiş şəkildə ifadə edib. YAP yeni, müstəqil Azərbaycanı yaratmaqdan ötrü yaradılıb. Bu mənada, YAP-ın yaranması 1990-cı illərin əvvəllərinin ən mühüm yeniliyini özündə əks etdirən bir hadisədir. Digər bir tərəfdən isə YAP Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ideya və ideologiyası da mahiyyət etibarilə yeni idi. Bu ideyaların əsas qayəsi yeni bir Azərbaycanın yaradılmasından ibarət idi. 1990-cı illərin əvvəlləri üçün sadalanan ideya və prinsiplər insanları düşündürən əsas dəyərlər və çağırışlar idi. YAP yarandıqdan sonra ölkəmizdə, hər şeydən əvvəl, dövlətin, xalqın gələcəklə bağlı ümidləri yaranmış oldu. İnsanlar 1990-cı illərdə təkcə özbaşınalıqdan, anarxiyadan əziyyət çəkmirdilər. İnsanları narahat edən daha böyük amil ümidsizliyin yaranması idi, sabaha ümidlə baxa bilmirdilər. YAP yarandıqdan sonra insanların, hər şeydən əvvəl, özlərinə qayıdan ümidləri oldu. Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi proqramlar vardı ki, bu proqramlar da ardıcıl surətdə həyata keçirilirdi. Beləliklə də, mərhələ-mərhələ Azərbaycan yeniləndi, insanların rifahı yaxşılaşdı, Azərbaycan müasirləşdi. Azərbaycan vətəndaşı özünü müstəqil dövlətin vətəndaşı kimi dərk etməyə başladı. Ölkəmiz bu gün modernləşmə siyasətini uğurla həyata keçirməkdədir. Son illər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən düşünülmüş, məqsədyönlü siyasətin uğurları göz önündədir. Və bu uğurlar əzəmətli, qüdrətli Azərbaycanda xalqın sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasında, dövlətimizin beynəlxalq arenada yerinin və rolunun möhkəmlənməsində və digər məsələlərdə öz əksini tapmaqdadır.
- YAP müstəqilliyimizin 20 ili ərzində Azərbaycanda keçirilən bütün seçkilərin alternativsiz qalibi olub. Sizcə, bu uğuru, qalibiyyəti səciyyələndirən cəhətlər hansılardır?
- Düşünürəm ki, hər seçkidə əldə olunan nailiyyət o zamana qədər ölkədə mövcud olan ictimai-siyasi reallıqların əksindən başqa bir şey deyil. YAP Azərbaycanın dövlət müstəqilliyinin, 20 ili ərzində keçirilən prezident, parlament və bələdiyyə seçkilərində böyük uğurlar əldə edib. YAP-ın bu uğurları qazanmasını, hər şeydən əvvəl, onunla əlaqələndirirəm ki, Azərbaycan vətəndaşları YAP Sədrinə bəslədiyi bütün ümidlərin özünü doğrultduğunun şahidi oldu. YAP insanların gözləntilərinə uyğun addım atdı və bütün ümidlərimizi doğrultdu. Bunlar həll olunandan sonra yeni vəzifələr ortaya qoyuldu. İqtisadi tənəzzülün aradan qaldırılması, insanların yaşayışının yaxşılaşması 1990-cı illərin ortalarında ölkəmizin qarşısında dayanan və insanları düşündürən əsas problemlər idi. Ulu Öndər Heydər Əliyev və Onun rəhbərlik etdiyi partiya bu vəzifələrin öhdəsindən layiqincə gələ bildi. 1995-ci ildə parlament seçkilərində YAP qələbə qazandı, 1998-ci ildə isə, prezident seçkilərində yenə də hakim partiya uğur əldə etdi. Növbəti seçkilərdə də yenə həmin sözləri qeyd etmək mümkündür. Hakim partiyanın qələbə qazanması, hər şeydən əvvəl, onunla əlaqədar idi ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar öz bəhrələrini verməyə başlayırdı. YAP-ın dəfələrlə ölkədə keçirilən bütün seçkilərdə çox əzəmətli uğurlar qazanmasının səbəbi insanların bu partiyaya inamı ilə bağlı olub. Xalqımız ildən-ilə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasını ardıcıl surətdə dəstəkləyir. Bu dəstəyin isə, arxasında yalnız bir şey dayanır, inam. Bu inam isə, insanların partiyamız tərəfindən doğruldulan ümidləri ilə əlaqədardır.
- Bu gün YAP beynəlxalq əlaqələrini genişləndirmək istiqamətində səylər göstərir. YAP əməkdaşlıq qurarkən, hansı yönümlü partiyalara üstünlük verir. Bu əlaqələrdən YAP nələr qazanır. Ümumiyyətlə, YAP-ın beynəlxalq əlaqələrinin bugünkü səviyyəsi Sizi qane edirmi?
- Düşünürəm ki, Azərbaycan sürətlə inkişaf edirsə, dünya birliyində mövqelərini möhkəmləndirirsə, mötəbər beynəlxalq təşkilatlarda əhəmiyyətli yer tutursa, bu, bütövlükdə, ölkəmizin ictimai-siyasi proseslərinin həlledici və aparıcı qüvvəsi olan YAP-ın həyatında da öz təsirini göstərməlidir. YAP Azərbaycanın inkişafına uyğun münasib bir həyat yaşamaqdadır. Partiyamızın çoxşaxəli fəaliyyətinin vacib və əhəmiyyətli istiqamətlərindən biri də beynəlxalq əlaqələrdir və bu əlaqələr də durmadan genişlənir. Biz hakim partiya olaraq bir çox ölkələrin ən nüfuzlu, qüdrətli, cəmiyyət daxilində böyük hörmət sahibi olan partiyaları ilə ikitərəfli əlaqələr yaratmışıq. Fəaliyyətimizin, beynəlxalq əlaqələrimizin çox mühüm istiqamətindən biri də ayrı-ayrı beynəlxalq siyasi qurumlarda təmsil olunmaqdadır. Bu mənada, iki faktı xüsusilə ayrıca qeyd etmək istəyirəm. Bunlardan biri ondan ibarətdir ki, YAP Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının üzvüdür. 700-ə qədər partiyanın təmsil olunduğu konfransın cəmi 20 nəfərdən ibarət olan İdarə Heyətinin üzvüyük. Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı tərkibində səmərəli fəaliyyətimizin mühüm nəticəsi ondan ibarət olub ki, 2012-ci ildə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının 7-ci Baş Assambleyasının Bakı şəhərində keçirilməsi haqqında qərar qəbul olunub. Qeyd etmək istədiyim ikinci fakt Qərb istiqaməti ilə əlaqədardır. YAP bir çox Qərb ölkələrinin yuxarıda sadaladığım prinsiplərə malik partiyaları ilə əməkdaşlıq etməklə yanaşı, Avropanın ən nüfuzlu sağ mərkəzçi partiyaların birləşdiyi Avropa Xalq Partiyası ilə də əməkdaşlıq edir. Bunun özü də Avropada YAP-ın nə qədər böyük nüfuza malik olduğundan xəbər verir. Əsas etibarı ilə, biz sağ mərkəzçi partiyalarla əlaqə qururuq. Ona görə ki, YAP da öz ideya və ideologiyasına görə sağ mərkəzçi partiyadır. Amma eyni zamanda, biz əməkdaşlığımızı yalnız bu ideoloji çərçivələrlə məhdudlaşdırmaq istəmirik. Əlaqələr qurub əməkdaşlıq etmək istəyən digər hakim partiyalarla da əməkdaşlıq edirik. Biz Azərbaycanın dünyada, beynəlxalq aləmdə təbliğ olunmasına, daha geniş miqyasda tanınmasına öz imkanlarımız daxilində dəstək vermək imkanındayıq. Hesab edirəm ki, YAP-ın geniş əlaqələr qurması həm də Azərbaycanın beynəlxalq əlaqələrinin daha da genişlənməsi deməkdir.
- Əli müəllim, Çin Xalq Respublikasında səfərdə olmusunuz. Bu səfərdə məqsəd nədən ibarət idi və ümumiyyətlə, təəssüratlarınız nədən ibarət olub?
- YAP əlaqələrini qurarkən, ideoloji zəminlərlə məhdudlaşmaq istəmir. Sağ mərkəzçi partiya olmağımıza baxmayaraq, Çin Kommunist Partiyası ilə də çox sıx əlaqələr qururuq. Hesab edirəm ki, YAP-ın Çin Xalq Respublikasında hakimiyyətdə olan Çin Kommunist Partiyası ilə əməkdaşlıq etməsi, bütövlükdə, Çin-Azərbaycan münasibətlərinə əhəmiyyətli dərəcədə təkan verir. Çin dünyanın bu gün ikinci güclü iqtisadi ölkəsidir. Çin sürətlə inkişaf edən ölkə kimi çox ehtimal ki, yaxın onilliklər ərzində dünyanın ən güclü iqtisadi ölkəsinə çevriləcək və dünya siyasətində daha həlledici rol oynayacaq. Bu gün Çin dünya siyasətini müəyyənləşdirən ölkələrdən biridir. Azərbaycanın Çinlə dostluq münasibətləri qurması, bütövlükdə, ölkəmizin dövlət və milli maraqlarına birbaşa cavab verir. Çin və Azərbaycan arasında çox səmimi, isti münasibətlər mövcuddur. Beynəlxalq münasibətlər səviyyəsində Çin və Azərbaycan bir-birini, demək olar ki, daim dəstəkləyib. Xüsusi olaraq, vurğulamaq istərdim ki, Çin Azərbaycanın ərazi bütövlüyünü həmişə, birmənalı şəkildə, dəstəkləyib. Bu gün də bu mövqeyində dayanır. Oktyabrın 24-də Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçiləndə Çin Xalq Respublikası Azərbaycanı dəstəklədi. BMT TŞ-nin 5 daimi üzvündən biri kimi Çinin Azərbaycanı dəstəkləməsi, təbii ki, ölkəmizin bu uğuru qazanmasına böyük köməklik göstərmiş oldu. Çin və Azərbaycan münasibətlərinə Azərbaycan hökuməti də böyük önəm verir. YAP da bu önəmdən çıxış edərək, Çin Kommunist Partiyası ilə münasibətlərinin geniş şəkildə qurulmasına öz xarici siyasətində hər zaman diqqət yetirir. Bu mənada, biz dəfələrlə Çin Kommunist Partiyası ilə qarşılıqlı nümayəndəliklər mübadiləsi etmişik. Hər dəfə belə nümayəndəlik mübadiləsi kifayət qədər səmərəli olub. Bizdə yaranan təəssürat ondan ibarətdir ki, Çin, doğrudan da, çox sürətlə, dinamik inkişaf edən, əzəmətli bir iqtisadiyyata sahib olan ölkədir.
AYLANA RZAYEVA