Son günlər istehlak bazarında süni şəkildə yaradılan qiymət artımları həm əhalini, həm də hökuməti narahat edir. Qiymət artımının bir qisminin dünyada baş verən proseslərdən irəli gəldiyi bildirilsə də, bu sahədə daxili amillər də az rol oynamır. Bir sıra işbazlar əmtəələrin qiymətini süni olaraq artırdığından, inflyasiya tempi yüksələ bilər. Son 1 ayda ticarət sektorunda bir sıra məhsulların, əsasən də, ərzaq məhsullarının qiymətində nəzərəçarpacaq artım baş verib. Bunlar isə əhalinin həyat şəraitinə təsir göstərir. Bu səbəbdən də, hökumət bu sahədə həmişə tənzimləyici tədbirlər görür. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli bir çox məsələlərə aydınlıq gətirdi.
- Hadi müəllim, son vaxtlar istehlak bazarında baş verən qiymət artımları narahatlıq yaradır. Bu məsələ ilə bağlı parlamentdə müzakirələr gözlənilirmi?
- Bilirsiniz, biz yalnız sosial sifarişlərlə bağlı məsələləri Milli Məclisin gündəliyinə çıxarırıq. Xalqı narahat edən, düşündürən məsələlər bu komissiyaya təqdim edilir. Müzakirələrdən sonra bu və ya digər predmeti ümumi iclasa çıxarırıq. Təbii ki, qiymət siyasəti də birbaşa əhalinin gəlirlərinə təsir edən başlıca amil olmaqla, sosial məsələdir. Bilirsiniz ki, bu məsələ ilə bağlı parlamentdə müzakirələr olub, lazım gələrsə yenə də məsələ ümumi müzakirəyə çıxarıla bilər.
- Ümumiyyətlə, gündəlik tələbat mallarının qiymətlərinin bəzi işbazlar tərəfindən istehlak mallarının qiymətlərinin süni şəkildə artırılmasına parlamentin münasibət bildirməyinə nə dərəcədə zərurət var?
- Bilirsiniz, dövlətin öz qiymət siyasəti var. Bu proses qanunvericilik yox, aidiyyəti icra orqanlarının səlahiyyətində olan məsələdir. Digər tərəfdən bahalaşmanın əsas mənbəyi dünyada baş verən proseslərdir. Məsələ ondadır ki, bu prosesləri qarışıq salan bəziləri,, çox təəssüf ki, bahalaşmadan spekulyasiya edirlər. Reallıqda baş verən bahalaşma, bəzi süni meyillər nəzərə alınmasa, təbii qarşılanmalıdır. Qiymət tələb və təklifin nisbəti əsasında formalaşır. Əhalinin indiki tələbatı 10 il bundakından qat-qat çoxdur. Eləcə də gəlirlər də əsaslı şəkildə artıb. Ona görə də qiymət artımları gözləniləndir.
- Sizin fikrinizcə, əhalinin mövcud gəlirləri qiymət artımını nə dərəcədə qarşılaya bilir?
- Hesab edirəm ki, əhalinin gəlirlərinin artımı fonunda bahalaşma aşağı səviyyədədir. Gələn ildən büdcədən maliyyələşən müxtəlif təşkilatlarda çalışanlardan tutmuş, işləyən-işləməyən pensiyaçılara qədər hamısının gəlirləri artırılacaq. Bu gün gəlirlərlə yanaşı, bahalaşma da davam edir. Başa düşürük ki, əmək haqlarının artımı hələ əhalinin real gəlirlərinin artımı demək deyildir. Elə etmək lazımdır ki, təkcə əmək haqqı yox, real gəlirlər yüksəlsin. Ona görə də bu məsələdə optimal həll yolu axtarılır. Biz qanunvericilik orqanı olaraq hökumətlə birlikdə əhalinin real gəlirlərinin artırılması üçün yeni mexanizm işləyirik. Burada əsas məqsəd əmək haqlarının artırılması, başqa sözlə, onların bazara uyğunlaşdırılması istiqamətində addımların atılmasıdır. Eyni zamanda, bu artım ölkə iqtisadiyyatını arzuolunmaz tendensiyalarla qarşı-qarşıya qoymayacaq. Əmək haqları və pensiyaların kortəbii artımı ilə bazara pul kütləsi daha çox daxil olur. Sonda bu da inflyasiyanın artımına gətirib çıxarır. Biz hər şeyi nəzərə alacağıq.
- Sosial həyatımızda baş verən proseslərdən bir çoxunun qanunvericilikdəki boşluqlardan qaynaqlandığı bildirilir. Belə olan halda, rəhbərlik etdiyiniz komissiyanın fəaliyyətində sizi nə qane edir və nə qane etmir?
- Bilirsiniz ki, Sosial Siyasət Komitəsi yalnız xalqın rifahı naminə çalışır, indiyə qədər belə olub və bundan sonra da bu cür fəaliyyət göstərəcək. Komitə ən maraqlı layihələri - uşaq və gənclər idmanı haqqında qanun, alkaqollu içkilərə, siqaretə qarşı paralel mübarizənin aparılması, eləcə də, sağlamlığın qorunması üçün idman proqramlarının əsaslı təşkili təşəbbüsü ilə çıxış edib. Məgər bunları əhalinin sosial güzəranının yaxşılaşması yolunda komitənin fəaliyyəti kimi dəyərləndirmək olmazmı?
- Hadi müəllim, gələn ildən ipoteka kreditlərinin verilməsi bərpa olunacaq. Baş verən dəyişikliklər bu prosesin davamlı olacağından xəbər verirmi?
- Təbii ki, güzəştli ipotekanın maliyyələşdirilməsi yenə də dövlətin üzərinə düşür. Bu məqsədlə gələn il üçün 20 milyon manat pul nəzərdə tutulur. Lakin mən yenə onun tərəfdarıyam ki, güzəştli ipotekada ünvanlılıq gözlənməlidir. Yəni hansı yollasa adını güzəştli qrupa salan imkanlı şəxslərə güzəştli ipoteka krediti verilməməlidir. Əlillər üçün tikilən mənzillər də ipoteka yolu ilə verilməlidir. Bununla daha çox imkansız şəxsləri mənzillə təmin etmiş olarıq.
R.HÜSEYNOVA