- İran rəsmiləri son zamanlar işğalçı Ermənistana səfərlər edirlər. Bu, İran-Azərbaycan münasibətlərinə nə kimi təsir göstərə bilər?
- İran İslam Respublikası (İİR) bir şeyi dərk etmir ki, Ermənistan heç zaman ona partnyor ola bilməz. Əvvəla, Ermənistan ciddi bir dövlət deyil. İkincisi isə, işğalçı ölkə istənilən vaxt İranı satacaq. Başa düşülən deyil ki, İİR Ermənistanın nəyinə aşiq olub? Rəsmi Tehran Azərbaycanı ABŞ və İsraillə iş birliyində ittiham edir. Ancaq Birləşmiş Ştatların regionda bir nömrəli satqın dövləti İrandır. Belə bir şəraitdə İİR-in yürütdüyü siyasətin əsası yoxdur, yəni rəsmi Tehranın yürütdüyü siyasət əsassız və uğursuz siyasətdir. Təbii ki, Azərbaycan rəhbərliyi İranla bağlı siyasətdə ehtiyatlı mövqe tutur. Yəni ölkə rəhbərliyi istəmir ki, adıçəkilən qonşu ölkə ilə münasibətlərini gərginləşdirsin. Amma çox təəssüf ki, molla rejimi çox şeyləri hələ də dərk edə bilmir. İran anlamır ki, Azərbaycan nəinki Cənubi Qafqaz regionunda, bütövlükdə, MDB məkanında söz sahibi olan ölkələrdən biridir. Həmçinin, respublikamız 2012-ci ildən etibarən 2 il müddətində BMT TŞ-in qeyri-daimi üzvlərindən biri olacaq. Bu müddətdə də İranın bir dövlət kimi taleyi həll olunacaq. Azərbaycan bu məsələlərdə bu və ya digər formada yardım edə bilər.
- İran tərəfinin son zamanlar Azərbaycana qarşı bəyanatlar səsləndirməsinin arxasında nə dayanır?
- İran islam dövləti olduğu üçün adıçəkilən ölkədə ayətullahların səsləndirdiyi bəyanatlar həmin dövlətin rəsmi mövqeyi kimi qəbul olunur. İİR-ın ayətullahlarının verdiyi qərarların hamısında bir xətt var. Yəni İran istəyir ki, Azərbaycan sırf şiə dövləti olsun. Ölkəmiz sivil formadan əl çəkməlidir. Eyni zamanda, ölkəmizdə cənubi azərbaycanlıların insan hüquqları ilə bağlı fikirlər səsləndirilməməlidir. İranın siyasətində başlıca yerdə respublikamıza qarşı hücum durursa, gərək adıçəkilən ölkə də Azərbaycandan normal münasibət gözləməsin. Qeyd edim ki, İİR-in atdığı addımla hamısı hesablanmış addımlardır. Onlar özlərini çox ağıllı hesab edirlər. Lakin molla rejiminin istər Dağlıq Qarabağla bağlı, istərsə də, ölkəmizlə bağlı digər məsələlərlə əlaqədar səsləndirdiyi bəyanatlar savadsız bəyanatlardan başqa bir şey deyil.
Quranda yazılıb ki, müsəlman biri-birinə qardaşdır. Yəni müsəlman qardaşını bir kənarda qoyub kafirlərə uymamalısan, onlarla əməkdaşlıq etməməlisən. Lakin özünü islam dövləti adlandıran İran bunun əksinə olaraq, müsəlman qardaşları olan azərbaycanlılarla münasibətlərini pisləşdirir, minlərlə müsəlmanı qətlə yetirən kafir ermənilərlə əməkdaşlıq edirsə və həmçinin, günü-gündən bu əməkdaşlığı genişləndirirsə, bizdən hansı islami dəyərləri tələb edə bilər? Biz İİR-dən daha çox islam dininə riayət edirik. Bu mənada, İranın Azərbaycana qarşı hücumlarının arxasında mollaların düşündüyü məntiqsiz siyasət dayanır.
- Yaxın zamanlarda Qərb İrana qarşı müharibə edə bilərmi?
- 2012-ci ilin may ayına qədər İrana hücum edilməsi gözlənilmir. Hələlik, İİR-ə qarşı sanksiyalar gündəmə gələcək. Onu da qeyd etməliyəm ki, İrana qarşı indiki zamanda hücum edilməsi ABŞ-ın da maraqlarına uyğun gəlmir. İİR-ə qarşı hazırkı məqamda hücum edilməsi Avropa ölkərinə də iqtisadi baxımdan sərf etmir. Gələn ilin may ayında bu, ona görə baş verə bilər ki, ABŞ-da 2012-ci ildə seçkilər keçiriləcək və həmçinin, Birləşmiş Ştatlar milyonlarla borcunu bağlamaq üçün İran kimi neftlə zəngin olan bir ölkəyə qarşı hücum edə bilər. Nəzərə almaq lazımdır ki, ABŞ borclarını bağlamaq üçün bir neçə il öncə neft ölkəsi olan İraqa daxil oldu. Yəni belə bir addım İİR-ə qarşı da atıla bilər. Qeyd edim ki, İrana qarşı ediləcək hücumlar region ölkələri üçün də təhlükə mənbəyidir. Azərbaycanı narahat edən məsələlər bundan ibarətdir ki, İİR-də 35 milyondan artıq azərbaycanlı yaşayır. Eyni zamanda, İrana hücum edilərsə, bu, respublikamıza 20 milyondan artıq İİR vətəndaşının gəlməsi ilə nəticələnəcək. Yəni belə bir müharibə ölkəmizə də iqtisadi, milli və siyasi baxımdan təsir göstərəcək. Çox təəssüf ki, Qərb ölkələri dünyada müsəlmanların sayını azaltmağı qarşılarına məqsəd qoyub. Gərək rəsmi Tehran da bütün bunları nəzərə alaraq, Ermənistanla deyil, Azərbaycan və digər müsəlman ölkələri ilə əlaqələrini inkişaf etdirsin.
ANAR MƏCİDZADƏ