- Hadi müəllim, Milli Məclis 2012-ci ilin büdcə zərfini geniş şəkildə müzakirə etdi. Parlamentin komitə sədri olaraq növbəti ilin dövlət büdcəsini necə dəyərləndirirsiniz?
- Azərbaycan sosial rifah dövləti quruculuğu yolunda inamla irəliləyir. Xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan mərhələlərlə və səmərəli istifadə edilir. Ümummilli liderimiz Heydər Əliyev dühasının başladığı ağrılı, bütün dövrlər üçün çətin olan sosial islahatlar uğurla, sistemli şəkildə həyata keçirilir və populizmdən uzaq real imkanlara söykənən artımlarla müşahidə olunur. Sosial müdafiənin modernləşmiş möhtərəm prezidentimiz İlham Əliyev modeli artıq onlarla dünya dövləti üçün örnək olmuş və bu təcrübə maraqla öyrənilir.
Bütövlükdə, dövlət büdcəsinin 28 faizini sosial xərclər təşkil edir. Ümumilikdə isə, növbəti ilin büdcəsi sosialyönümlü, investisiya tutumlu və ehtiyatlı büdcədir. Əlbəttə ki, burada büdcənin ehtiyatlı olması da önəmlidir. Çünki bəzən elə proqramlar nəzərdə tutulur ki, onlar bu gün üçün vacibdir. Nəzərə alsaq ki, Azərbaycanın dövlət büdcəsi son 10 ildə ardıcıl olaraq 20-25 faiz civarında artıb, onda inkişafın nə dərəcədə böyük olduğunu aydın şəkildə görürük. Təxminən 20 il əvvəl 1 milyard dollarlıq büdcə ilə 28 faiz sosial məqsədlərə ayrılırdısa, onun həcmi indiki ilə müqayisədə xeyli azdır. Bu gün 20 milyard dollarlıq büdcə ilə 28 faizlik vəsaitin nə demək olduğu hər birimizə aydındır. Ehtiyatlı büdcə məsələsini həm də o baxımdan deyirəm ki, biz bir vaxtlar sosial məqsədlərə xidmət edən investisiya ayırmalarını daha böyük həcmdə edirdiksə, indi o sürət lazım deyil. Yəni məktəblərin, tibb ocaqlarının və s. əvvəlki sürətlə tikintisinə ehtiyac yoxdur. Çünki ötən illər ərzində bu işlər sürətlə həyata keçirilib. Bütövlükdə isə hesab edirəm ki, dövlət büdcəsinin baş məqsədi insanlara xidmət etməkdir.
- Ümumiyyətlə, büdcədə sosialyönümlü xərcləri necə səciyyələndirirsiniz?
- Azərbaycanın 2012-ci il büdcəsinin 10,1 faizi bilavasitə sosial müdafiəyə ayırılıb. Yəni buraya əlillərə, o cümlədən Qarabağ əlillərinə müavinətlərin verilməsi, sosial reabilitasiya məsələləri, ünvanlı sosial yardımın verilməsi və digər məsələlər daxildir ki, bu da büdcənin böyük hissəsini özündə ehtiva edir. Azərbaycanda 488 min əlil var ki, bunun da təxminən 55 mini uşaqlardır. Bütün qrup əllillərə də sosial müavinətlər verilir. Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, büdcədə gələn il üçün 800 milyon manat yalnız əməkhaqlarının artırılmasına ayrılıb. Məsələn, təhsil və səhiyyə işçilərinin əməkhaqlarının artırılması daim gündəmdə olan məsələdir. Gələn ilin büdcəsində səhiyyəyə ayrılmış vəsait 600 milyon manatdır. Bu da cari ilin göstəricisindən təxminən 55 milyon manat (10 faiz) çoxdur. Həmçinin, sosial müdafiə, sosial təminat xərclərinə ayrılan vəsait təxminən 1 milyard 800 milyon manatdır. Halbuki, cari ildə bu göstərici 1 milyard 300 milyon manat təşkil edir. Bədən tərbiyəsi və idmana ayrılan vəsait bu il 26 milyon manat idisə, gələn il bu göstərici 57 milyon manat olacaq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bu il ilə müqayisədə gələn il 46 faiz çox vəsaitin ayrılması nəzərdə tutulur. Bütün bunlar çox böyük artımlardan xəbər verir. Bu da çox önəmli və sevindirici haldır.
- Hadi müəllim, son illər ölkəmizdə uğurlu pensiya islahatları həyata keçirilməkdədir. Bu islahatlar və onun nəticələri Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsində hansı formada öz əksini tapır?
- 2012-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 2 milyard 454 milyon 300 min manatdır. Bunun da çox böyük hissəsi, təxminən 1 milyard 44 milyon 300 min manatı dövlət büdcəsindən transfertdir. Dövlət büdcəsi ona görə bu vəsaiti ayırır ki, bizim Sosial Müdafiə Fondunun formalaşmasından əvvəlki insanlarımız da pensiya almalıdırlar. Bildiyiniz kimi ötən il pensiya islahatları həyata keçirildi, 800 min insanın pensiyası təxminən iki dəfə artdı. Bunun üçün büdcədən 400 milyon manat vəsait tələb olunur. Eyni zamanda, iki rəqəmi xüsusi vurğulamaq istəyirəm. Birincisi, dediyim kimi pensiya ödənişlərinin artımıdır. İkincisi isə, sığorta olunanların sanator-kurort xərclərinə ayırmaların həcmi gələn il 15,660 milyon manat nəzərdə tutulub ki, bu da son üç illə müqayisədə iki dəfə yarım, əvvəlki illə müqayisədə isə 2,5 milyon manat çoxdur.
20-ci ildönümünü qeyd etdiyimiz müstəqil Azərbaycan artıq gələn ilə onlarla islahat proqramlarını geridə qoyaraq, Sosial Müdafiə Fondunun təxminən 2,5 milyard manatlıq büdcəsi ilə gedir. Diqqətinizi ilk növbədə bu büdcənin mədaxil hissəsində olan artımlara və yeniliklərə yönəltmək istərdim. Belə ki, büdcənin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 13,3% coxalacaq. Gəlirlərin əsas mənbələri olan məcburi sığorta haqqları və dövlət büdcəsindən ayırmaların xüsusi çəkisi müvafiq ardıcıllıqla 57,35 və 42,55% olmaqla hər iki göstəricinin artım hissəsi ötən illə müqayisədə təxminən eyni miqdarda 1,6% çoxalmaqla nəzərdə tutulur. Onu da vurğulamağı vacib sayıram ki, 2012-ci il üçün fondun büdcəsinin gəlirlərində mövcud olan artımın 54,8%-nin məhz transfert hesabına formalaşması əhalinin bu təbəqəsinin daha tutarlı sosial müdafiəsinə xidmət edir. Fondun fəaliyyətində ciddi kompleks mütərəqqi yeniliklər aparılması həm də icbari sığorta haqlarının yığım əmsalının artırılmasında da özünü bariz şəkildə göstərib. Belə ki, gələn il üçün bu rəqəmin daha 130 milyon artırılacağı proqnozlaşdırılıb. Sosial Müdafiə Fondunun büdcə xərclərinin 97,5% miqdarında hissəsi müvafiq olaraq, əsasən əhaliyə ödənişlərə yönəldilmişdir.
Bununla belə, mənim parlamentdə müzakirələr zamanı çıxışımda iki məsələ ilə bağlı tənqidi qeydlərim oldu. Birincisi ondan ibarətdir ki, fiziki şəxslərdən sığorta yığımı yaxşı təşkil olunmur. Qeyd edim ki, bu ödənişi edən fiziki şəxslərin sayı ilbəil artır. Məsələn, 3 il bündan əvvəl 210 min fiziki şəxs qeydə alınmışdısa, bu il onların sayı 310 min nəfərdir. Amma bir az geniş diqqət yetirsək, görərik ki, kəndlərdə fermer təsərrüfatları, fərdi təsərrüfatlar var və bunlar da ümumilikdə 1 milyon 300 min nəfər təşkil edir. Onların heç biri sığorta fonduna pul ödəmir və əgər ödəmirlərsə, demək gələcəkdə pensiya almayacaqlar. Ona görə də, bu məsələyə ciddi diqqət yetirilməlidir.
Eyni zamanda, bir məsələni vurğulayım ki, sovet dövründə pioner düşərgəsi adlanan uşaq sağlamlıq düşərgələri var idi və məktəblilər hər il dincəlirdilər. Çox təəssüf ki, hazırda bu, yüz dəfələrlə azalıb və uşaqlarımız həmin istirahət mərkəzlərinə getmirlər. Bu məqsədlə büdcədə 150 min manat vəsait ayrılıb, amma mən çıxışımda bildirmişəm ki, bu rəqəm 10 dəfə dəyişməlidir.
- Parlament müzakirələri zamanı yaşayış minimumu ilə ehtiyac meyarı haqqında fərqli fikirlər səsləndirildi. Bəzi deputatlar bu göstəricilərlə bağlı məbləğin artırılmasını təklif etdilər. Bu məsələyə münasibətiniz necədir?
- Yaşayış minimumu statistik rəqəmdir və rəqəmin mahiyyətində bütün hesablamaların uyğunlaşdırılması durur. Yaşayış minimumu rəqəmi istehlak səbətindən və bir sıra digər rəqəmlərdən formalaşır. Bəzən bunu gətirib insanların dolanışığına bağlayırlar ki, bu da düzgün deyil. Bu, statistik rəqəmdir və ona digər rəqəmlər uyğunlaşdırılır. Ümumiyyətlə, bu rəqəm zaman-zaman artmalıdır və bu dəfə də belə oldu. 2012-ci ildə yaşayış minimumu 108 manat olacaq. Cari ildə isə bu göstərici 95 manatdır. Ehtiyac meyarı isə sırf ünvanlı sosial yardımı hesablamaq üçün düşünülən rəqəmdir. Ehtiyac meyarı bu il 75 manatdırsa, 2012-ci ildə 84 manat olacaq. Ehtiyac meyarı necə hesablanır? Əgər hər hansı ailənin gəlirindən bir nəfərə 84 manatdan az vəsait düşürsə, onda bu ailəyə ünvanlı yardım verilməlidir. Bu ölçünün hesabına on minlərlə ailəyə ünvanlı sosial yardım veriləcək. Bu rəqəm insanların sosial müdafiəsinə xidmət edən rəqəmdir. Amma təəssüf edirəm ki, bu rəqəmlərin ətrafında şou düzəltmək istəyənlər var. Hesab edirəm ki, məsələ ilə bağlı ucuz diskussiyalar açmağa ehtiyac yoxdur. Çünki həmin rəqəmlər reallıqları əks etdirir.
- Hadi müəllim, artıq 2011-ci il başa çatmaq üzrədir. Necə hesab edirsiniz, bu il sosial sahədə nə kimi yeniliklərlə yadda qaldı?
- Mən bu sahədəki vəziyyəti təkcə bir il çərçivəsinə çalmaq istəməzdim. Bütövlükdə, son illər ərzində çox ciddi sosial tədbirlər həyata keçirilib. Azərbaycanda sosial müdafiə sistemi yenilənib, çoxlu yeni islahatlar aparılıb. Sosial sığortanın həmrəylik prinsipindən fərdi uçot prinsipinə keçilib, sosial müdafiədə ünvanlılığa üstünlük verilib, eləcə də bu il pensiya islahatları nəticəsində 800 min insanın təqaüdləri əhəmiyyətli dərəcədə artdı. Sosial müdafiəyə ayrılan dövlət büdcəsinin həcmi artırıldı. Beləliklə, Azərbaycanda insanların sosial müdafiəsi hiss olunan dərəcədə güclənir. Sual oluna bilər ki, bu gün yenə də bəzi insanlar təqaüdlərin, maaşın azlığından gileylənir. Bu nədən irəli gəlir? Bu ondan irəli gəlir ki, insanların rifahı yaxşılaşdıqca, onlar daha da yaxşı yaşamaq istəyir. Buna tələbatla təminatda olan düz mütənasiblik deyirlər. İnsan təmin oluna-oluna onun tələbatı artır, daha yaxşı yaşamaq istəyir. Bu qanunauyğunluqdur və mən burada qeyri-adi məsələ görmürəm.