- Valeh müəllim, 2012-ci ilin dövlət büdcəsinin müzakirəsi Milli Məclisdə başa çatdı. Bu büdcə növbəti il üçün Azərbaycan xalqına nələr vəd edir?
- Birinci növbədə qeyd etmək lazımdır ki, büdcə sisteminin təkmilləşdirilməsi və onun müasir beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində ölkəmizdə böyük işlər görülmüşdür.
Bu faktı tək biz yox, mötəbər beynəlxalq qurumlar da təsdiq edir.
Ötən həftə Milli Məclisin iclasında 2012-ci ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirəsi zamanı mən bu məsələni xüsusi qeyd etdim - təqdim edilmiş büdcə layihəsi qüvvədə olan və müasir beynəlxalq standartlara cavab verən "Büdcə sistemi haqqında" qanuna və müvafiq normativ-hüquqi aktlara uyğun hazırlanmış layihədir.
Bununla bərabər, dövlət büdcəsində nəzərdə tutulmuş xərclərin konkret proqramlar və tədbirlər əsasında proqnozlaşdırılmasını və planlaşdırılmasını qeyd etdim. Bu da dövlət büdcəsi hesabına həyata keçirilən dövlət proqramlarının, tədbirlərin, layihələrin icra edilməsinə, xərclərin səmərəli və təyinatlı istifadəsinə nəzarəti daha səmərəli şəkildə qurmağa imkan yaradır.
Müzakirəyə təqdim edilmiş büdcə layihəsi, ilk növbədə, ölkəmizin dayanıqlı və davamlı inkişafını, təhlükəsizliyini, regional və qlobal çağırışlara hazırlığını və eyni zamanda, hər bir Azərbaycan vətəndaşının rifahının yüksəlməsini təmin edən layihə olduğundan, mən bu layihəni dəstəkləyirəm.
- Büdcənin daha çox sosialyönümlü olması nə ilə əlaqədardır?
- Azərbaycan Respublikasının büdcəsinin sosialyönümlü olması təbiidir, çünki dövlət tərəfindən həyata keçirilən proqramların, tədbirlərin, layihələrin son nəticədə məqsədi - vətəndaşın rifahının yüksəlməsi, insanların sağlamlığı, təhlükəsizliyi və s. bu qəbildən olan məsələlərdir.
Əgər büdcə layihəsində nəzərdə tutulan xərclərin sahələr, istiqamətlər üzrə yönəlməsinə, bölünməsinə fikir versək, görərik ki, büdcə, həqiqətən də, daha çox sosialyönümlüdür.
Büdcəmizdə, eyni zamanda, müasir dövrün tələblərinə cavab verən, Avropa standartlarına uyğun olan, sabit və davamlı inkişafımızı təmin edən sosial və iqtisadi infrastrukturun sürətli inkişafına da mühüm önəm verilmişdir.
Bunları nəzərə alaraq, 2012-ci ilin büdcə layihəsi bu günün və gələcəyin tələblərini, gözləntilərini, çağırışlarını nəzərə alan və özündə əks etdirən balanslaşdırılmış bir layihədir.
- Valeh müəllim, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu "Nabucco" layihəsinin reallaşması ilə daha da genişlənə bilərmi?
- Avropanın enerjiyə, o cümlədən, təbii qaza olan tələbatının ödənilməsində Azərbaycanın yeri xüsusidir, bunun da bir neçə səbəbi vardır:
-Azərbaycanın təbii qaz ehtiyatları və bu ehtiyatların xarici bazarlara ixracını təmin edə bilən nəqliyyat infrastrukturu;
-Azərbaycanın beynəlxalq əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində və həmin layihələrin uzun müddət uğurlu, dayanıqlı və sabit icrasında təcrübəsi və qazandığı etibar;
-Azərbaycanın əldə edilmiş razılaşmalara hörmətlə yanaşan və bu razılaşmaları etibarlı tərəfdaş kimi həyata keçirən tranzit ölkə statusunu qazanması.
Bu və başqa səbəbləri nəzərə alsaq, Avropanın Azərbaycanla münasibətlərə xüsusi önəm verməsi təbiidir.
Bu fikri təsdiq etmək üçün çox faktlar sadalamaq olar. Həmin faktlardan biri, hesab edirəm ki, yetərlidir. Bu ilin əvvəlində Avropa Komissiyasının Prezidenti Joze Manuel Barrozo və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Cənub Qaz Dəhlizini təşviq edən, dəstəkləyən bəyanat.
Əlbəttə, Azərbaycan təbii qazını hər hansı bir bazara çıxarmaq üçün ticari cəhətdən ən əlverişli, səmərəliliyi, təhlükəsizliyi, o cümlədən, mülkiyyət hüquqları, davamlı işlənməsi və s. təmin edilmiş nəqliyyat layihəsinə üstünlük verəcəkdir.
Bu gün bu istiqamətdə müvafiq araşdırmalar, dəyərləndirmələr, danışıqlar aparılır və əminəm ki, ölkəmiz üçün ən əlverişli layihə seçiləcəkdir.
R.HÜSEYNOVA