- Füzuli müəllim, məlum olduğu kimi, 1992-ci il oktyabrın 14-də BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. Ümumiyyətlə, ilk olaraq ölkəmizdə əlillərlə bağlı statistika və bu kateqoriya ilə bağlı həyata keçirilən siyasətin başlıca meyarları barədə fikirlərinizi bilmək istərdik...
- Dünya birliyinin layiqli üzvü olan müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin müdrik strategiyasını uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyevin düzgün düşünülmüş və zamanın çağırışlarına uyğun məqsədyönlü siyasəti nəticəsində iqtisadi keçid dövrünü başa vuraraq modern inkişaf yolunda inamla irəliləyən bir ölkədir. Bütün sahələrdə tərəqqi proseslərinin geniş vüsət aldığı ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqlarının təkmilləşdirilməsi və etibarlı müdafiəsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi, dolğun həyat şəraitinin təmin edilməsi istiqamətində tədbirlər də ilbəil güclənir.
Diqqətinizə çatdırım ki, 1 iyul 2011-ci il tarixə olan məlumata əsasən, respublikamızda 419 598 nəfər əlilliyi olan şəxs vardır ki, onlardan 36 492 nəfəri I qrup, 324 272 nəfəri II qrup, qalanları isə III qrup əlillərdir. Eyni zamanda, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayı 59 207 nəfər təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya üzrə əlilliyi olan şəxslərin əhali tərkibində faiz göstəricisi 10 faizdir, Azərbaycanda isə bu rəqəm 4,4 faiz təşkil edir ki, bu da MDB məkanında ən aşağı göstəricilərdən sayılır.
Əlilliyi olan şəxslərlə bağlı həyata keçirilən siyasətin əsas məqsədi həmin insanların cəmiyyətin bərabərhüquqlü üzvləri kimi dolğun həyat şəraitinə malik olmalarının, cəmiyyətdə fəal mövqe tutmalarının təmin edilməsidir. Bu məqsədlə müstəqil Azərbaycanda həyata keçirilən dövlət siyasəti dünya təcrübəsindən istifadə olunmaqla daim yeni çalarlarla daha da zənginləşdirilir, əlilliyi olan şəxslərin digərləri kimi dolğun həyat tərzinə sahib olması üçün bütün səylər göstərilir.
- Bu sahə ilə bağlı qanunvericilik bazası hansı səviyyədədir? Qəbul edilmiş qanunlar əlillərin hüquq və mənafelərini yetərincə qoruya bilirmi?
- Ötən müddətdə "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu xeyli təkmilləşdirilmiş və ümumilikdə, son illərdə 10-ə qədər qanunvericilik aktı qəbul edilmişdir ki, bunlar əlilliyi olan şəxslərlə bağlı ölkə qanunvericiliyinin təkmilləşdirilməsində ciddi addımlar kimi diqqəti cəlb edir.
Milli qanunvericilikdə əlil şəxslərin fəaliyyətinin məhdudlaşdırılması əlilin özünəxidmət, hərəkət, ünsiyyət, öz davranışına nəzarət, habelə əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinin və ya imkanlarının tamamilə, yaxud qismən itirilməsində əks olunur. Qanunvericilikdə əlillərin həyat fəaliyyətinin məhdudlaşdırılmasının aradan qaldırılmasını, cəmiyyətin həyatında onlara digər vətəndaşlarla bərabər imkanlar yaradılmasını özündə əks etdirən iqtisadi, sosial və hüquqi dövlət təminatları nəzərdə tutulmuşdur. Əlillər, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar Azərbaycan qanunvericiliyində, BMT Baş Məclisinin qəbul etdiyi Əlillərin hüquq bəyannaməsində təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər.
"Uşaq hüquqları haqqında" Qanunun 35-ci maddəsinə uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqların növbədənkənar, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada tibbi, defektoloji və psixoloji yardım almaq hüququ vardır. Dövlət bu uşaqların sosial və psixoloji reabilitasiyasına, imkanlarına uyğun təhsil almalarına, peşə seçmələrinə, əməyə cəlb olunmalarına köməklik göstərir, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısını almaq üçün müvafiq tədbirlər görür. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq dövrü pensiya hüququ verən iş stajına daxil edilir və uşağa qulluq edən şəxsə yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavə vəsait ödənilir.
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlarla bağlı olaraq, qanunvericilikdə hümanist dəyişiklik və əlavələr edilərək "16 yaşınadək əlil uşaqlar" anlayışı "Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar" anlayışı ilə əvəz edilmişdir. Bu da sağlamlıq imkanları məhdud olan uşaqlara beynəlxalq praktikada qəbul olunmayan əlil damğası vurularaq digər uşaqlardan fərqləndirilməməsində, cəmiyyətə fəal inteqrasiyasında, cəmiyyətin bərabərhüquqlu üzvü olmasında və onların sosial müdafiəsinin daha da gücləndirilməsində müsbət rol oynayır.
Ölkənin əmək qanunvericiliyində əlil işçilər üçün bir sıra imtiyazlar nəzərdə tutulur. Belə ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda, həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuş şəxslərin işdə saxlanmasına üstünlük verir. Məcəllədə I və II qrup əlillər üçün iş vaxtının müddətinin həftədə 36 saatdan artıq olmaması, onların gecə vaxtı görülən işlərə öz yazılı razılıqları və TSEK rəyi əsasında cəlb olunması, işləyən əlillərə əmək məzuniyyətinin 42 təqvim günündən az olmamaqla və onlar üçün əlverişli vaxtda verilməsi və s. kimi maddələr nəzərdə tutulmuşdur.
- Qeyd etdiyiniz kimi, sosial cəhətdən həssas əhali qruplarından biri də əlillərdir. Həmin insanların tibbi-sosial reabilitasiyası istiqamətində nə kimi işlər görülür?
- Ölkəmizin səhiyyə sisteminin getdikcə təkmilləşməsi, yeni müalicə-diaqnostika və bərpa müəssisələrinin yaradılması, əlillik təyinatlarının aparılmasına nəzarətin gücləndirilməsi əlilliyin artım tempinin azalmasına müsbət təsirini göstərir. Belə ki, son illərdə ölkədə əlilliyin artım tempinin qarşısı, demək olar ki, tamamilə alınmış, reabilitasiya göstəricisi isə 6 faizədək yüksəlmişdir.
Hazırda ölkədəki 14 bərpa mərkəzində hər il reabilitasiya potensialına malik 8 000 nəfərdən çox fiziki məhdudiyyətli insan bərpa-müalicə xidməti ilə təmin olunur. Ulu öndərimizin xeyir-duası ilə yaradılan Protez-ortopedik bərpa mərkəzi Almaniyanın "Otto-Bok" firması ilə əməkdaşlıq şəraitində ixtisaslaşmış xidmət göstərir və əlilliyi olan şəxslərin protez-ortopedik məmulatlarla, əlil arabaları, eşitmə aparatları və digər reabilitasiya vasitələri ilə təminatında heç bir çətinlik yoxdur.
Beynəlxalq təcrübə göstərir ki, yeni və müasir reabilitasiya metodlarını tətbiq etməklə, psixoloji, peşəyönümlü və sosial bərpa tədbirlərinin keçirilməsi ilə əmək qabiliyyəti məhdudlaşan və ya əlillik statusu alan şəxslərin sosial statusunun bərpa olunmasını, onların cəmiyyətə tam inteqrasiyasını təmin etmək mümkündür. Bununla bağlı olaraq, qarşıda duran əsas vəzifələrdən biri sosial reabilitasiya yönümlü tədbirlərin gücləndirilməsi yolu ilə həmin insanların dolğun həyat tərzinin təmin olunması, özlərini cəmiyyətin digər üzvləri kimi hiss etməsi üçün onlara daha geniş şəraitin yaradılmasıdır.
Bu məqsədlə nazirliyin tabeliyindəki tibbi bərpa profilli müəssisələrdə çoxşaxəli sosial reabilitasiya tədbirlərinin tətbiqinə, nəticə etibarilə həmin müəsisələrin tibbi-sosial reabilitasiya yönümlü müəssisələr kimi fəaliyyətinin təşkilinə hazırlıq işləri aparılır. Eyni zamanda, əlillərin cəmiyyətə fəal inteqrasiyasının təmin olunması məqsədilə 2012-ci ildə ölkədə yeni tipli müəssisənin - Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin inşası başa çatacaq.
- Bildiyimiz kimi, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir. Bu mənada daim qayğıya ehtiyac duyan əlil insanların maddi təminatının gücləndirilməsi yönündə hansı addımlar atılır?
- Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Təkcə son 10 il ərzində dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əmək pensiyalarının orta aylıq məbləği 7,6 dəfə, sosial müavinətlərin orta aylıq məbləği isə 4 dəfədən çox yüksəlmişdir. 1 oktyabr 2011-ci il tarixə ölkədə 110 315 ailə ünvanlı dövlət sosial yardımı ilə təmin olunur ki, həmin ailələrdən 536-ı müharibə əlillərinin, 14 878-i digər səbəblərdən əlil olanların ailələridir. Həmçinin ünvanlı yardım alan ailələrdə 7719 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq vardır.
Respublikamızda fiziki məhdudiyyətli insanların sosial müdafiəsi istiqamətində tədbirlərin maliyyələşdirilməsi ilə bağlı olaraq hər il müvafiq Dövlət Proqramı qəbul olunur ki, bu sənəd həmin insanların ictimai həyatın bütün sahələrində fəal iştirakına şərait yaradılmasını nəzərdə tutur. Proqrama uyğun olaraq, əlillərin müalicəsi və bərpası, asudə vaxtının mənalı təşkili, yaradıcı əlillərin maddi və mənəvi dəstəklənməsi, onlara müxtəlif bayramlar və əlamətdar günlər münasibətilə birdəfəlik yardımlar verilməsi, paralimpiya hərəkatının genişlənməsi və s. istiqamətlərində ardıcıl tədbirlər keçirilir.
Məsələn, həmin Proqrama uyğun olaraq, Səhiyyə Nazirliyinin müvafiq komissiyasının rəyi əsasında nazirlik tərəfindən 94 nəfər əlilin onları müşayiət edən 61 nəfərlə respublikadan kənar müalicəyə göndərilməsinə, 16 nəfər əlilin respublika daxilində müalicəsinə, 90 nəfərin sosial-məişət problemlərinin həll edilməsinə maddi köməklik göstərilmişdir. Bunlarla yanaşı, hər il olduğu kimi bu il də dayaq hərəkət sistemi məhdud olan əlillərin (bu il onların sayı 85 nəfər olub) Ukraynanın Krım Muxtar Respublikasının Saki şəhərindəki N.Burdenko adına sanatoriyada 28 günlük bərpa-müalicə kursu keçməsi təmin edilmişdir. Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara maddi və texniki yardımın təşkili sahəsində - əlamətdar günlər münasibəti ilə cari ildə də tədbirlər davam etdirilmiş, 20 Yanvar faciəsinin ildönümü əlaqədar 455 nəfər əlil və şəhid ailəsinə, Çernobıl qəzasının ildönümü ilə əlaqədar həmin qəzada xəsarət almış 500 nəfər əlilə birdəfəlik maddi yardım edilmişdir. Əlillərin asudə vaxtının səmərəli təşkili məqsədilə həyata keçirilən tədbirlərin davamı olaraq, cari ildə Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan 575 nəfər imkansız əlilin yay mövsümündə istirahətə göndərilməsi təmin edilmişdir. Eyni zamanda, bu il də 15 sentyabr-Bilik günü münasibətilə imkansız ailələrdə olan iki və daha çox sağlamlıq imkanları məhdud məktəbli uşaqlara maddi yardımın verilməsi rayon (şəhər) ƏSMM-ləri tərəfindən təmin edilmişdir. Qeyd olunan Proqramda əksini tapan digər istiqamətlərdə də tədbirlər ilbəil güclənən templə davam etdirilir. Eyni zamanda, hər il 3 Dekabr - Beynəlxalq Əlillər günü münasibətilə də, əlilliyi olan şəxslərlə bağlı çoxşaxəli tədbirlər həyata keçirilir, minlərlə əlil vətəndaşa maddi yardımlar verilir.
Bununla yanaşı, hər il olduğu kimi, bu il də əlillərin ümurespublika səviyyəli stolüstü idman yarışları keçirilmiş və qaliblərə mükafatlar, həmçinin yarışlarda iştirak edən sağlamlıq imkanları məhdud uşaqlara həvəsləndirici mükafatlar verilmişdir.
- Əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, onlar üçün yeni mənzillərin inşa etdirilib istifadəyə verilməsinə dövlət qayğısı daim artır. Cari ildə nazirlik hansı bölgələrdə inşa etdirdiyi yaşayış binalarını istifadəyə verməklə əlil və şəhid ailələrinə mənzil sevinci bəxş edəcək?
- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərərək əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim möhtərəm ölkə rəhbərinin diqqətindədir. Bunun nəticəsidir ki, hər il bu təbəqələrdən olan insanlar üçün 700-dən artıq mənzil inşa etdirilir.
Mənzillərin inşasında müsbət dinamikanın saxlanması və növbədə olan əlil və şəhid ailələrinin yeni mənzillərlə təminatının yaxın bir neçə ildə tam başa çatdırılması ilə əlaqədar möhtərəm Prezidentimizin şəxsi tapşırığınızın icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. 2011-ci ilin ötən dövründə də müxtəlif bölgələrdə yeni çoxmənzilli və fərdi yaşayış binaları istifadəyə verilmişdir və indiyədək 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunmuşdur.
Cari ilin sonunadək Quba, Göygöl, Samux rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli və müxtəlif bölgələrdə 10 ədəd fərdi ev bu təbəqələrdən olan insanların istifadəsinə veriləcək. 2012-ci ildə isə Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli yaşayış binalarının inşası başa çatacaq. Yaxın günlərdə isə Şəki və Şəmkir rayonlarında əlil və şəhid ailələri üçün hər biri 36 mənzilli, gözdən əlillər üçün Bakının Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli yaşayış binalarının tikintisinə başlanacaq.