- Aydın müəllim, əhalinin maddi-rifahını daha da yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən minimum aylıq əmək haqqının məbləği 10 faiz artırılaraq 93,5 manata çatdırılıb. Bunu necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, minimum əmək haqqı şərti maliyyə vahidi kimi dəyərləndirilir. Mən istərdim bir şeyə açıqlama gətirim. Bəzən minimum əmək haqqı ilə orta aylıq əmək haqqı, istehlak səbəti qarışıq salınır. Minimum əmək haqqı mülkiyyət hüququndan asılı olmayaraq bütün idarə, müəssisə, təşkilatlar üçün bir şərti maliyyə vahidi qəbul olunur və dövlət tərəfindən ödənilən əmək haqlarının aşağı həddi 93,5 manatdan aşağı olmamalıdır. Bu isə büdcə daxilolmalarında, müəyyən inzibati cərimələrində tətbiq olunan bir maliyyə vahidi kimi dəyərləndirilir və onun 10 faiz artırılması məqbul bir haldır. Eyni zamanda bir məqama da diqqət yetirək, bu hansı bir dövrdə artırıldı? İlin artıq yekundur. Büdcə ili başa çatmaq üzrədir. Büdcə ili başa çatmaq üzrə olduğu halda artıq 10 faiz artım nəzərə alınıb. Bu növbəti 2012-ci ildə əmək haqlarının ödənilməsində, tədiyyələrin, vergilərin, inzibati cərimələrin tətbiq olunmasında bunun özünün əhəmiyyəti var. Minimum əmək haqqının bu tərzdə müəyyənləşməsi iqtisadi baxımdan çox müsbət bir haldır və özünü bütün sahələrdə müsbət yönümdə göstərəcək.
- Adətən ölkədə maaş və pensiyalar artan kimi qiymətlər dərhal yüksəlir. Bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
- Bu iqtisadi qanundur. Əgər ümumilikdə pul kütləsi, xüsusilə ağır pul kütləsi artırsa bu, inflyasiyaya təsir edən ən başlıca amillərdən biridir. Yalnız burada dövlət tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilib. Bunlar hansılardır? Artıq birrəqəmli inflyasiyanın olması iqtisadiyyatda normal dəyərləndirilir. Onsuz da birrəqəmli inflyasiya bizim istəyimizdən asılı olmayaraq baş verir. Önləyici sosial tədbir olaraq əmək haqlarının, pensiyaların, digər ödənişlərin artırılması inflyasiya ilə bərabərləşir.
Bununla belə nağd pul kütləsi artıq qiymətli kağızlar bazarında artır və bu da eyni zamanda inflyasiyanın tempinin artmasına səbəb olur. Bu sahədə bizim artıq təcrübəmiz var. Dünyada baş verən qlobal maliyyə böhranı dövründə bu Azərbaycanda özünün fəsadlarını tam şəkildə büruzə vermədi. Çox az ölkə, eyni zamanda Azərbaycan bu böhrandan xətərsiz ötüşdü. Bu, ölkəmizdə maliyyə-kredit sisteminin düzgün şəkildə qurulması sayəsində baş verdi. İnflyasiyanın törədə biləcəyi fəsadlar və onun baş verməsi üçün yarana biləcək amillər əvvəlcədən hesablanıb və qarşısı alınır. Buna görə də minimum əmək haqlarının artımı ciddi şəkildə qiymət artımına gətirib çıxarmayacaq.
- 2011-ci ilin sosial-iqtisadi yekunlarına dair prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirəni və bu müşavirədə səslənən sosial-iqtisadi göstəriciləri ümumilikdə necə xarakterizə edərdiniz?
- Bu il iqtisadi baxımdan çox uğurlu bir il olub. Həm ümumi daxili məhsulun həm də büdcə gəlirlərinin artımı baxımından səmərəli bir il olub. Milli Məclisdə 2011-ci ildə büdcə gəlirlərinin gəlir və artımı ilə bağlı büdcəyə yenidən baxıldı və büdcədə dürüstləşmə aparıldı. Bu isə onu göstərir ki, 2011-ci ilin iqtisadi yekunları çox uğurludur. Sözsüz ki, görülən işlər bu tendensiyanın 2012-ci ildə də davam edəcəyini deməyə əsas verir.
Bütün bunların fonunda ölkə prezidenti İlham Əliyevin qarşıya qoyduğu proqramların elmliyi, metodik əsaslara söykənməsi, dünya təcrübəsinin yaxşı mənada Azərbaycanda tətbiq olunaraq ölkəmizin özünün iqtisadi modelinin artıq formalaşması baxımından görülən işlərə çox yüksək qiymət və dəyər veririk.