PDF Oxu

Müsahibə

  • 271

Dağlıq Qarabağın hər iki icmasının görüşü bir tələbdir

Dağlıq Qarabağın hər iki icmasının görüşü bir tələbdir

- Sabir müəllim, Berlində keçirilməsi nəzərdə tutulan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünə ermənilərin qatılmaması münaqişənin dinc yolla həllində ermənilərin maraqlı olmadıqlarının göstəricisi sayıla bilərmi?

- İşğalçı ölkə olan Ermənistan Dağlıq Qarabağı işğal edəndən sonra mümkün qədər çalışır ki, dünya dövlətlərində sözügedən münaqişə unudulsun. Yəni işğalçı dövlət beynəlxalq ictimaiyyətə göstərmək istəyir ki, bu məsələ həll olunur və narahatçılığa heç bir səbəb yoxdur. Bir sözlə, Ermənistan tərəfi Dağlıq Qarabağla bağlı olan bütün məsələlərdən qaçmaq üçün açıq görüşlərin keçirilməsindən imtina edir. Düşünürəm ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü indiki prosesin bir tələbidir. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyirik və beynəlxalq qüvvələr də bu işə cəlb olunub. Nəticəsi olmasa belə, Berlində keçirilən Azərbaycan və erməni icmalarının görüşü gələcəkdə dözümlülük şəraitinin yaranması baxımından son dərəcə əhəmiyyətlidir.

- Görüşün baş tutmamasına ATƏT-in Minsk Qrupunun həmsədrləri necə reaksiya verdilər?

- ATƏT-in Minsk Qrupunun həmsədrlərindən Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında heç bir ciddi fikir gözləmirəm. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri turist səfərinə bənzəyir. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin heç bir əhəmiyyəti və rolu yoxdur. Yəni, həmsədr ölkələr bu günə qədər işğalçı Ermənistana qarşı heç bir ciddi sanksiya tətbiq etməyib. ATƏT-in Minsk Qrupu həmsədrləri bu münaqişəyə təsirinin olması üçün, ilk növbədə, işğalçı ölkəyə işğalçı adını verməlidir. Çünki Ermənistan tərəfi 20 ilə yaxındır ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edərək, əlində saxlayıb. Eyni zamanda, işğalçı ölkə Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı hər hansı bir görüşün keçirilməsi zamanı heç bir razılığa gəlmir. Bir sözlə, özünün qeyri-konstruktiv mövqeyindən geri çəkilmir. Onsuz da gec-tez Ermənistan tərəfi işğal etdiyi əraziləri azad edəcək.

- Bundan sonra icmaların görüşünün baş tutması mümkündürmü?

- Bundan sonra icmaların görüşünün baş tutması mümkündür. Çünki Ermənistan heç vaxt öz iradəsi ilə addım atmır. Demək olar ki, işğalçı ölkə olan Ermənistan Rusiyanın diktəsi ilə hərəkət edir. Yəni Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən görüşlərdə RF-nin verdiyi tapşırıqları yerinə yetirir.


GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər