PDF Oxu

Müsahibə

  • 310

“Həmsədrlərin fəaliyyəti təmsil etdikləri ölkələrin adına xələl gətirir”

“Həmsədrlərin fəaliyyəti təmsil etdikləri ölkələrin adına xələl gətirir”

Millət vəkili, professor Musa Qasımlının ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi və Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə bağlı SəsTV-yə verdiyi müsahibəni təqdim edirik:

- Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev çıxışı zamanı ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyini tənqid etdi və həmsədr dövlətləri Dağlıq Qarabağın işğalına göz yummaqda ittiham etdi. Sizcə, bu çıxış Erənistan tərəfini niyə bu qədər narahat edib?

- Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin bu fikirləri həm gerçəkliyi, həm də Azərbaycanın ictimai rəyini əks etdirir. 1992-ci ildən əvvəlcə ATƏM, daha sonra isə ATƏT kimi fəaliyyət göstərən qurumun tərkibində yaranan Minsk Qrupuna Dağlıq Qarabağ problemini həll etmək üzrə mandat verilib. Lakin keçən bu müddətə nəzər salsaq, aydın görərik ki, Minsk Qrupunun həmsədrləri fəaliyyətsizdirlər. Onların regiona səfərləri heç bir gözlənilən nəticəni verməyib. Yəni həmsədrlərin monitorinq adı altında həyata keçirdikləri səfərlər sanki turist xarakteri daşıyır. Hər şey açıq formada göz qabağındadır ki, torpaqları işğal olunan da, təcavüzə məruz qalan da Azərbaycandır. Belə olan halda həmsədrlər konkret mövqelərini ortaya qoymalı və məqsədyönlü addımlar atmalı, təcavüzkara təzyiqlər etməli və sanksiyalar tətbiq etməlidirlər. İşğal davam edir və həmsədrlər isə durmadan nəticəsiz səfərlər edirlər. Belə olduqda isə ictimai rəy istər-istəməz BMT TŞ-nın qətnamələri üzərində cəmləşir. Bildiyiniz kimi, həmin qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü tanınır, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasından bəhs olunur. Bütün bunların şahidi olan ictimaiyyətin beynində yalnız bir fikir formalaşır. Əgər bu dövlətlər Dağlıq Qarabağla bağlı hansısa qətnaməni qəbul edib öz imzalarını atıblarsa, nəyə görə öz imzalarına hörmət etmirlər? Belə bir fikir formalaşır ki, həmsədrlər hansısa səbəblərə görə bu məsələni həll etmək istəmirlər. Hesab edirəm ki, həmsədrlər artıq Azərbaycan ictimaiyyətinin gözündən düşüblər və onlara olan inam azalıb. Qeyd edək ki, həmsədrlər ayrı-ayrı şəxslər təkcə fərdlər deyillər. Onlar öz ölkələrini təmsil edirlər. Fəaliyyətlərini də nəzərə aldıqda deyə bilərik ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri öz ölkələrinin adına xələl gətirirlər.

- ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərlərinin turistik olduğunu qeyd etdiniz. Belə olan halda sizcə, həmsədrlərin tərkibi dəyişməlidir, yoxsa onların mövqeyində qətiləşməyə ehtiyac var?

- Mənim fikrimcə, hər şeyə sıfırdan başlamağın Azərbaycan üçün heç bir faydası yoxdur. Ona görə də, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin tərkibinin dəyişdirilməsindənsə fəaliyyətlərini artırmaları lazımdır. Ermənistanın təcavüzkarlığı nəticəsində yaranmış Dağlıq Qarabağ probleminin ətrafında böyük dövlətlər arasında nüfuz müharibəsi də gedir. Mən hesab edirəm ki, həmsədrlər fəaliyyətsizliklərinə son verməli və konkret addımlar atmalıdırlar. Bildiyiniz kimi Ermənistan tərəfi durmadan bildirir ki, Dağlıq Qarabağ ya Ermənistanın tərkibində olmalıdır, ya da müstəqil olmalıdır. 1989-cu il dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Ermənistan Ali Sovetinin qərarı var və bu günə kimi də o qərar ləğv olunmayıb. Belə olan şəraitdə isə həmsədrlər bu cür fəaliyyətlərinə konkret olaraq son qoymalı, birbaşa gözlənilən nəticələrə hesablanmış addımlar atmalıdırlar.

- Musa müəllim, son sualım isə bu ilin yekunu və gələn ilə olan ümidlərlə bağlıdır. Münaqişənin həll olunmamış qaldığı daha bir ili geridə qoyuruq. 2012-ci ildə isə əvvəl Rusiyada, daha sonra isə ABŞ-da prezident seçkiləri keçiriləcək. Bu seçkilər gələn ildən də ümidlərimizi kəsməli olduğumuza zəmanət vermir ki?

- Heç şübhəsiz ki, həmsədr ölkələrdə keçirilən bu və ya bu kimi digər seçkilər onların fəaliyyətinə ciddi təsir edir və fəallıqlarını azaldır. Ona görə də, hesab edirəm ki, seçkilər ərəfəsində ATƏT-in Minsk Qrupunun fəaliyyəti daha da zəifləyəcək. Amma bununla belə, əgər o ölkələr regionda ədaləti bərpa etmək istəyirlərsə Ermənistana təzyiqlərini artırmalı və öz yerini göstərməlidilər. Əks halda həmin ölkələr Azərbaycan ictimaiyyətinin yanında öz nüfuzlarını tamamilə itirəcəklər.

Digər xəbərlər