- Havar müəllim, bugünlərdə rəhbərlik etdiyiniz Azərbaycan Texniki Universitetinin 60 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Necə hesab edirsiniz, Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından biri olan bu universitet milli kadr hazırlığına, cəmiyyətin elmi-intellektual ruhda inkişafına nə kimi töhfələr vermişdir?
- Qürur doğuran haldır ki, respublikada texniki elmlərin inkişafında mühüm xidmətləri olmuş görkəmli alim və ziyalıların, tanınmış mütəxəssislərin, dövlət xadimlərinin bütöv bir nəsli bu universitetin məzunlarıdır. Odur ki, on minlərlə insanın taleyində böyük rol oynamış, ayrı-ayrı dövlət qurumları, nəqliyyat, ağır sənaye, energetika müəssisələri üçün layiqli mütəxəssislər hazırlamış AzTU-nun 60 illik yubileyi cəmiyyətdə ələmatdar hadisələrdən bir kimi qarşılanır. Universitetə göstərilən yüksək diqqət, ilk öncə, onun milli təhsil sisteminə əvəzsiz töhfələri ilə şərtlənir. Ötən əsrin 50-ci illərinin əvvəllərindən respublikada elmi-texniki, mədəni, ictimai düşüncənin milli mənafe və məfkurəyə uyğun inkişafı prosesində mühüm rol oynamış Azərbaycan Texniki Universiteti elm və təhsil tariximizə sanballı töhfələr vermişdir.
Universitet iqtisadiyyatın müxtəlif sahələrində uğurla çalışan çoxsaylı məzunları-ixtisaslı kadrları ilə Azərbaycanın inkişafında böyük izlər qoymuş, özünəməxsus elm və təhsil ənənələri formalaşdırmışdır. Azərbaycan Texniki Universiteti müstəqil ali məktəb kimi fəaliyyət göstərməyə başladığı dövr ərzində müxtəlif ixtisaslar üzrə 90000 nəfərdən çox mühəndis, bakalavr və magistr hazırlamışdır. AzTU-nun auditoriyalarında yetişmiş intellektual səviyyəli, vətənpərvər ziyalılar onun layiqli ənənələrini, nüfuzunu daim qoruyub saxlamış və estafeti özlərindən sonrakı nəsillərə ötürmüşlər.
Ali təhsil müəssisəsinin uğurlarını təmin edən əsas amillərdən biri dövrün tələb və reallıqlarını maksimum nəzərə alması, təhsili məzmun və formaca müasirləşdirməsi, maddi-texniki bazasını, infrastrukturunu yeniləşdirməsidir. Ötən əsrin 90-cı illərinin əvvəllərindən AzTU-da iki səviyyəli təhsil sisteminə - bakalavr və magistr hazırlığına başlanmış, bu sistemin təkmilləşdirilməsi üçün məqsədyönlü fəaliyyət həyata keçirilmişdir. O illərdə AzTU-da iki səviyyəli təhsilin təşkili üzrə kifayət qədər təcrübə toplanmış, tədris-metodiki baza formalaşmışdır. Qloballaşan dünyanın çağdaş inkişaf meyilləri bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığını aktual məsələ kimi önə çıxardığından, son illər universitetdə bu məsələyə ciddi diqqət yetirilir. Bunlardan müasir dövrün tələblərinə uyğun olan, informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssis hazırlığına şərait yaradan "Məlumatların mühafizəsinin texnologiyası və təşkili", "Kompyuter təhlükəsizliyi", "Avtomatlaşdırma və informasiya texnikası" (TEMPUS layihəsi üzrə), "Gömrük, ixrac və idxal nəzarəti cihaz və sistemləri", "Elektron və poçt rabitəsi", "Bioloji-tibbi praktikada mühəndis işi", "Kompyuter elmləri", "Kompyuter mühəndisliyi", "Maşınqayırmada kompyuter texnologiyaları", "Kompyuter texnikasının layihələndirilməsi, konstruksiya edilməsi", "Nəqliyyat vasitələrinin elektronikası və elektrik avadanlığı" və digər ixtisasları göstərmək olar.
Bunlardan başqa, uzun illər tikintisi yarımçıq qalan, 10 min kvadratmetr sahəsi olan 6-7 mərtəbəli tədris binasının inşası başa çatdırılmış, 2007-ci ildə binanın bir hissəsi, 2010-cu ildə isə yeni korpus tam şəkildə tələbə və müəllimlərin istifadəsinə verilmişdir.Yeni binada universitetin müasir informasiya texnologiyaları ilə təchiz olunmuş kitabxana və qiraət zalları üçün də yer nəzərdə tutulmuşdur. Eyni zamanda xüsusi ventilyasiya sistemi ilə təchiz olunmuş universitetin arxivi və yeməkxanası da burada yerləşdiriləcəkdir. Bütövlükdə kafedraların, auditoriya və tədris laboratoriyalarının yeni avadanlıq və inventarlarla təchizatı həyata keçirilmişdir. Hazırda Azərbaycan Texniki Universitetində 9 fakültə, 45 kafedra, 1 elmi mərkəz, 18 elmi-tədqiqat laboratoriyası, 550000 kitab fonduna malik əsaslı kitabxana fəaliyyət göstərir. Burada 26 istiqamət və 68 ixtisas üzrə bakalavr və magistr hazırlanır. Universitetdə 633 nəfər professor-müəllim, o cümlədən 70 nəfərdən çox elmlər doktoru, professor, 330 nəfər elmlər namizədi, dosent 7 mindən çox tələbənin təlim-tərbiyəsi ilə məşğul olur.
Növbəti dərs ilindən AzTU-da "Xüsusi texnika və texnologiya" fakültəsi fəaliyyət göstərəcək. Burada müdafiə sənayesi müəssisələri üçün mühəndis kadrları hazırlanacaq.
- Ali təhsil ocağında aparılan elmi işlərin dünya elminə inteqrasiyası haqqında nə deyə bilərsiniz? Ümumiyyətlə, beynəlxalq əməkdaşlığın prioritetləri nədən ibarətdir?
- AzTU-da aparılan elmi işlərin dünya elminə inteqrasiyası da daim diqqət mərkəzində saxlanılır. 2005-2010-cu illərdə AzTU-da 10-dək beynəlxalq konfrans keçirilmişdir. Son illər universitetin alimləri tərəfindən xarici ölkələrin elmi məcmuələrində 600-dək elmi məqaləsi nəşr edilmişdir. Təkcə 2011-ci ildə dünyanın ən nüfuzlu elmi məcmuələrində 80-dək elmi əsər çap olunmuşdur. Hazırda AzTU-nun 10-dək gənc alimi Almaniyanın müxtəlif ali məktəblərində və elm-istehsalat müəssisələrində müvəffəqiyyətlə çalışır. Son on ildə 60 nəfərdən çox universitet əməkdaşı Alman Akademik Mübadilə Xidməti (DAAD) xətti ilə Almaniyanın müxtəlif ali məktəblərində elmi təcrübədə olmuşdur. Təhsil ocağının avtomatika və kompyuter texnikası fakültəsində yeni tədris laboratoriyaları da son illərdə yaradılmışdır. Burada avtomatika və idarəetmə fənni üzrə 50-dən çox laboratoriya işini yerinə yetirmək üçün xüsusi laboratoriya qurğusu alınmışdır. Energetik sistemlərin avtomatik idarə edilməsi ixtisası üzrə Fransanın ŞNAYDER firmasının hazırladığı müasir laboratoriya kompleksi yaradılmışdır. Eləcə də paket proqramlarla təchiz edilmiş xüsusi kompyuterləşdirilmiş laboratoriya təşkil edilmişdir. Burada robotlarla idarə olunan avtomatlaşdırılmış sistemlər laboratoriyası fəaliyyət göstərir. Həmçinin energetik sistemlərdə proseslərin idarə olunması üçün SCADA tipli intellektual və çoxfunksiyalı inteqrasiya olunmuş laboratoriya avadanlıqları da quraşdırılmışdır. Avtomatika və kompyuter texnikası fakültəsində Microsoft firmasının Akademiyası yaradılmışdır. 2008-ci il mayın 8-də respublikanın regionları və xarici dövlətlərin ali məktəbləri ilə əlaqə saxlamaq üçün universitetin yeni "Video konfrans mərkəzi"nin təntənəli açılışı olmuşdur. Bu mərkəzin açılmasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və onun tabeliyində olan müəssisələrin böyük köməyi olmuşdur.
- Havar müəllim, universitetin beynəlxalq əlaqələri haqqında nə deyə bilərsiniz?
- Azərbaycan Texniki Universitetinin mühüm uğurlarından biri də onun beynəlxalq əlaqələrinin müasir dövrün tələblərinə uyğun qurulmasıdır. Ümumiyyətlə, 2000-ci ildən etibarən ali məktəbin beynəlxalq əlaqələri intensiv şəkildə genişlənir. AzTU hazırda Qara dəniz, Xəzəryanı Dövlətlərin Universitetləri Assosiasiyalarının, eləcə də MDB ölkələrinin Ali Texniki Məktəblər Assosiasiyasının və Beynəlxalq Telekommunikasiya İttifaqının üzvü kimi həmin qurumlar tərəfindən keçirilən tədbirlərdə fəal iştirak edir. Universitet "DAAD" və "TEMPUS" proqramı çərçivəsində Almaniyanın ali təhsil ocaqları ilə də sıx əməkdaşlıq edir. Belə universitetlər sırasında Aaxen Texniki Universitetini, Köln Tətbiqi Elmlər Universitetini, Karsruhe Texniki Universitetini, Braunşvayq Texniki Universitetini misal göstərmək olar.
Hazırda AzTU-da TEMPUS layihəsi üzrə bakalavr səviyyəsində 3 ixtisasda 130 tələbə, magistr səviyyəsində isə 16 magistrant təhsil alır. Layihə çərçivəsində AzTU-nun 10 nəfər əməkdaşı bir neçə dəfə ayrı-ayrı fənlərin tədris metodikaları ilə yaxından tanış olmaq məqsədilə Köln və Heerlen universitetlərində ezamiyyətdə olmuşlar. Təcrübə mübadiləsi çərçivəsində həm ezamiyyətdə olan ayrı-ayrı fənlərin tədrisi ilə bağlı universitet müəllimləri, həm də layihədə iştirak edən xarici ölkələrin professorları müasir laboratoriyaların qurulmasında yaxından iştirak etmişlər. Bu gün dünyanın 9 böyük ölkəsinin, o cümlədən ABŞ, Almaniya, Rusiya, İtaliya, Türkiyə, Kanada və digər ölkələrin universitetləri ilə sıx elmi əlaqələrimiz var. Qardaş Türkiyə Respublikasının ali təhsil ocaqlarından - Bilkənd, İstanbul Texniki, Yıldız Texniki, Orta Doğu universitetləri ilə olan sıx əməkdaşlığı isə xüsusi qeyd etməliyik. Ümumiyyətlə, AzTU-da xarici ölkələr üçün mütəxəssislərin hazırlanmasının 35 ildən çox tarixi vardır. Azərbaycan Texniki Universitetində bu günə qədər 40-dək ölkə üçün 2250 mühəndis, bakalavr və magistr hazırlanmışdır. Burada Türkiyə, Pakistan, Hindistan, Rusiya, Əfqanıstan, İordaniya, İran, Suriya, Efiopiya, bir sıra Latın Amerikası və Afrika ölkələri, Misir, Bolqarıstan, Moldova, Almaniya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Koreya, Vyetnam, Monqolustan, İraq və s. ölkələrin vətəndaşları təhsil almışlar. Son 5 ildə 400-dək xarici ölkə vətəndaşı universitetin məzunu olmuşdur. Təhsil ocağında xaricilər üçün bakalavr səviyyəsi ilə yanaşı, magistratura və aspirantura da fəaliyyət göstərir. Hazırda universitetdə 300-ə qədər xarici tələbə təhsil alır.
- Məlum olduğu kimi Azərbaycan təhsili dünya təhsil sisteminə inteqrasiya istiqamətində uğurlu addımlar atmaqdadır. Bu mənada Bolonya sisteminə keçid prosesini necə dəyərləndirmək olar?
- Müasir tələblərə cavab verən maddi-texniki bazaya və professor-müəllim heyətinə malik olan AzTU təhsilin Avropa standartlarına uyğunlaşdırılması, Bolonya Deklarasiyasının şərtlərindən irəli gələn prinsiplərin respublikada tətbiqi istiqamətində də öncüllüyünü qoruyub saxlayır. Azərbaycan təhsil sisteminin Bolonya prosesinə qoşulması ilə əlaqədar AzTU da son 10 ildə fəaliyyəti bu sistemə uyğunlaşdırmaq istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. 2009-cu ildə bütün ixtisaslar (proqramlar) üzrə Dövlət Təhsil Standartları və tədris planları çoxballı sistemin tələbinə uyğun hazırlanmış, Təhsil Nazirliyi və universitet elmi şurası tərəfindən təsdiq edilmişdir.
Bu tədris planlarında tələbələrin artıq yüklənməsinə səbəb olan fənlər aradan götürülmüş, həftəlik dərs yükü Avropa universitetlərinin həftəlik dərs yükünə qismən uyğunlaşdırılmışdır. 2006-cı ildən əvvəlcə radiotexnika və rabitə fakültəsində, sonra avtomatika və kompyüter texnikası, mühəndis biznesi və menecment fakültələrində, 2009-2010-cu tədris ilindən başlayaraq isə bütövlükdə kredit sisteminə keçilmişdir. Yeni təhsil sisteminə keçidlə əlaqədar universitetdə təhsilin təşkilində və idarə olunmasında da ciddi dəyişikliklərə başlanmışdır. Bu zaman Rusiya və inkişaf etmiş Qərb ölkələrinin qabaqcıl universitetlərinin uyğun tədris plan və proqramları əsas götürülmüş, habelə çoxsəviyyəli təhsilin xüsusiyyətləri nəzərə alınmışdır. Bakalavr səviyyəsinin tədris planları ixtisaslar (proqramlar) üzrə geniş profilli, magistr səviyyəsi üçün tədris planları isə ayrı-ayrı ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığını təmin etməyi nəzərə almaqla tərtib edilmişdir. Universitetdə xeyli sayda fənlərin tədrisi üçün elektron dərsliklər hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir.
- Havar müəllim, bildiyimiz kimi Azərbaycan dövləti təhsilə, o cümlədən təhsil müəssisələrinin inkişafına daim qayğı göstərir. Bu baxımdan, AzTU-nun inkişafına dövlət qayğısı hansı amillərlə səciyyələnir?
- Azərbaycanda elm və təhsilin inkişafına əvəzsiz töhfələr vermiş Ulu öndər Heydər Əliyev AzTU-nun cəmiyyətdəki xidmətlərini və rolunu daim yüksək dəyərləndirmiş, bu elm ocağına qayğı və diqqətini əsirgəməmişdir. 60 illik tarixinə nəzər saldıqda görürük ki, universitetin fəaliyyətində intibah və tərəqqi mərhələləri də Ulu öndərin respublikaya rəhbərliyi illərinə təsadüf edir. Keçən əsrin 70-ci illərində Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Rusiya və SSRİ-nin digər nüfuzlu ali məktəblərinə təhsil almaq üçün göndərilən azərbaycanlı istedadlı gənclər sonralar ölkəmizin sənaye sahələrinin inkişafında və universitetin kadr potensialının zənginləşməsində müstəsna rol oynamışlar. 1981-ci ildə Ümummilli liderin Azərbaycan Politexnik İnstitutuna gəlməsi, tələbə və müəllimlərlə görüşməsi təhsil ocağının tarixində mühüm hadisə olmuş, institutun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə nəticələnmişdir. SSRİ rəhbərliyində yüksək vəzifə tutanda da Ulu öndərin bu ali məktəbə diqqəti azalmamış, məhz Onun göstərişi ilə Azərbaycan SSR Nazirlər Soveti 1984-cü ildə AzPİ-nin maddi-texniki bazasının genişləndirilməsi haqqında qərar qəbul etmişdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni ictimai-iqtisadi formasiyanın tələblərinə uyğun olaraq bütövlükdə təhsil sisteminin mahiyyətində baş verən fundamental dəyişikliklər AzTU-nun fəaliyyətində də keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Bu mərhələdə universitetin qarşıya qoyduğu məqsədə doğru inamla addımlaması, milli təhsil sistemində özünün öncül mövqelərini qoruyub saxlaması və inkişaf etməsi yenə də Ümummilli lider Heydər Əliyevin yüksək diqqət və qayğısı ilə bağlıdır.