PDF Oxu

Müsahibə

  • 127

“Rəsmi Ankaranın bir gün Ermənistandan üzr istəməsinə yalnız şizofrenik Sarkisyan ümid edə bilər”

“Rəsmi Ankaranın bir gün Ermənistandan üzr istəməsinə yalnız şizofrenik Sarkisyan ümid edə bilər”

2011-ci il artıq bitir. Dağlıq Qarabağ probleminin bu il ərzində həll olunmamasını təhlil edən bir çox politoloqlar problemin müzakirəsinin nəticəsiz qalmasını həmsədr ölkələrdə keçiriləcək seçkilərlə əlaqələndirirlər. Bu məsələ və Ermənistan prezidentinin siyasi etikadan kənar olan son bəyanatı ilə bağlı Qabil Hüseynlidən aldığımız müsahibəni təqdim edirik.


-Qabil müəllim, 2011-ci ildə Dağlıq Qarabağ problemi həll olunmamış qaldı. Sizcə, bu məsələdə 2012-ci ildə ABŞ və Rusiyada keçiriləcək prezident seçkiləri və Rusiyada keçirilmiş parlament seçkilərinin rolu oldumu?

-Ümumilikdə, bu dövlətlər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı addımları arxa plana keçiriblər. Həm həmsədr ölkələrdə, həm də münaqişədə olan hər iki ölkədə əsas diqqət keçiriləcək seçkilərdədir. Təbii ki, bu da danışıqlar prosesində hansısa nailiyyətlər əldə olunmasına ciddi şəkildə mane olur. Amma hər şeyi seçkilərin üzərinə yıxmaq da düz olmaz. Onsuz da 17 ildir ki, ATƏT-in Minsk Qrupunun danışıqlar prosesindəki fəaliyyətsizliyi göz qabağındadır. Yəni nə qədər səylər göstərilsə də, heç bir nəticə əldə olunmayıb. Ona görə də, Azərbaycan Minsk Qrupunun fəaliyyətsizliyini tənqid edir. Amma açıq-aydın ortadadır ki, danışıqlar prosesinin pozulmasının və heç bir nəticə əldə olunmamasının tək səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Yəni seçkilər hər nə qədər danışıqlar prosesinə təsir etsə də, əsas günahkar elə məhz Ermənistan və həmsədrlərdir. Qeyd etmək istərdim ki, bizim Ermənistana qarşı torpaq iddiamız yoxdur, lakin Azərbaycanın ərazi bütövlüyündən imtina etmək fikrimiz heç yoxdur!

-Seçkilərdən danışmışkən, Rusiyada dekabrın 4-də keçirilən parlament seçkilərinə etirazlar davam edir. Əgər qarşıdan gələn prezident seçkilərində hakimiyyət dəyişikliyi olsa, sizcə, bu Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ probleminin həllinə necə təsir edər?

-Bu, Rusiyanın daxili işidir. Azərbaycan Rusiya ilə normal qonşuluq münasibətləri qurur və bunun üçün hər bir addımı atır. Amma Rusiyanın daxili siyasəti barədə politoloqların fikirlərinə gəldikdə isə, bəli, Rusiyada keçirilmiş parlament seçkilərində müəyyən saxtakarlıqlar olub və bu da videomateriallarla üzə çıxarılıb. Ona görə də, seçkilərin nəticələrini Avropa Birliyi tanımır, ABŞ isə nəticələrə öz ciddi etirazını bildirdi. Ölkədaxili müxalifət də seçkilərin saxtalaşdırıldığı ilə bağlı müəyyən məlumatlar yaydı və nəticədə, ölkədə mitinq keçirildi. Növbəti mitinqin isə dekabrın 24-də keçiriləcəyi nəzərdə tutulur. Hətta artıq bu mitinq üçün yer də ayrılıb. Yəni hadisələri izləyən zaman görünür ki, Rusiyada mitinqlər yüksələn xətt üzrə inkişaf edir. Amma reallığa qalsa, mitinqlərin təkcə səbəbinin seçkilərdə yol verilən saxtakarlıq olmadığını hamımız bilirik. Çünki şüarlardan və nümayişçilərin qarşıdurmalarından da görünür ki, Putinin yenidən hakimiyyətə gəlməsi insanlar arasında ciddi narazılığa səbəb olur. Rusiyadakı daxili proseslərin Azərbaycana təsirinə gəlincə, Azərbaycan bu hadisələrdən heç bir mənfəət güdmür.

-Qabil müəllim, son olaraq Ermənistan prezidentinin Fransadakı son çıxışı haqda fikir bildirməyinizi istərdim. Bildiyiniz kimi, Sarkisyan, Fransa Senatında çıxışı zamanı türklərin Yerevanda diz çökəcəyini və ermənilərdən üzr istəyəcəyini bildirib. Sizcə, bu ifadələri işlədəcək güc haradan alınıb?

-İlk olaraq, onu deyim ki, bu, birmənalı şəkildə, şizofreniya əlamətidir. Öz olmayan gücünü itirmiş, iqtisadi cəhətdən böhran içərisində olan "cırtdan" bir ölkənin başçısının bu cür bəyanatlar verməsi gülüncdür. Ermənilər özləri də bilirlər ki, bu məsələnin həllini gələcəyə buraxsalar, ziyan Ermənistana dəyəcək. Siyasətlə ciddi məşğul olan adamlar Sarkisyanın məsuliyyətsiz çıxışlarına gülürlər. Regionun ən güclü dövlətinin bir gün Ermənistandan üzr istəməsinə yalnız şizofrenik Sarkisyan ümid edə bilər. Sadəcə, bu çıxışlara təəccüblənmək lazım deyil. Çünki ermənilərin saxtalaşmış tarixləri və xislətləri bütün dünyaya məlumdur. Ermənilər Rusiyaya arxalanır və hazırda Rusiyada baş verən daxili gərginlik erməni hiyləgərlərini ciddi təşvişə salıb.


GÜNAY MƏMMƏDOVA

Digər xəbərlər