- Əhməd müəllim, bu yaxınlarda Milli Məclisdə 2012-ci ilin dövlət büdcəsi qəbul olundu. Dövlət büdcəsində elm və təhsil sahəsinə ayrılan vəsaitin həcmində artım müşahidə olunur. Ümumiyyətlə, gələn ilin dövlət büdcəsi və bu sahələrə ayrılan vəsaitlərin artırılması yönündə görülən işləri necə qiymətləndirirsiniz?
- 2012-ci ilin dövlət büdcəsi Azərbaycanın iqtisadiyyatının dinamik inkişafının göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin uğurları dövlət büdcəsində də real əksini tapır. 2012-ci ilin dövlət büdcəsinin layihəsi ilə tanış olarkən bu reallıq aydın şəkildə özünü göstərir. Sosial-iqtisadi islahatlar ölkəmizin dinamik inkişafını daha da sürətləndirib və bütün sektorlarda yüksək artım əldə olunur. Həyata keçirilən iqtisadi strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin etməklə yanaşı, Azərbaycan xalqının maddi rifahının yaxşılaşmasının davamlılığını da şərtləndirib. Ötən dövr ərzində əldə olunmuş sosial-iqtisadi inkişaf göstəriciləri ölkəmizin dünya iqtisadiyyatında baş verən böhran meyillərindən kənarda qalmasını şərtləndirməklə yanaşı, qarşıdakı illər üzrə uzunmüddətli inkişafının təmin edilməsini özündə ehtiva edir. Bu sənəd çox mükəmməl hazırlanıb. Eyni zamanda, büdcədə müxtəlif istiqamətlərdə ayırmalar da qənaətbəxşdir. Çünki yaxın beş-on il öncəki büdcə ilə müqayisə aparanda hesab edirəm ki, elə bir dövlət tapmaq olmaz ki, qısa müddət ərzində onun büdcəsi bu qədər artsın. Bildiyiniz kimi gələn ilin dövlət büdcəsinin xərcləri 17 milyard manatdan yuxarıdır.
Onu da vurğulamaq istəyirəm ki, növbəti ilin büdcəsində digər sahələrlə yanaşı elmə və təhsilə ayrılan vəsaitlər də əvvəlki il ilə müqayisədə böyük artım müşahidə olunur. 2010-cu ildə təhsil sahəsində ayırmalar 1,3 milyard manat olduğu halda, hazırda bu göstərici 1,6 milyard manatdan çoxdur. Bu da təhsilə göstərilən diqqət kimi qiymətləndirilməlidir. Yeri gəlmişkən, bu yaxınlarda təhsil sahəsində çalışanların maaşlarının artırılması bütün təhsil işçiləri tərəfindən qiymətləndirilir. Hesab edirəm ki, əməkhaqlarının artırılması siyasəti bundan sonra da davam edəcək.
Bəzən deyirlər ki, elmə, təhsilə vəsait daha çox ayrılmalıdır. O sahələrdə işləyən insanlar təbii ki, onların büdcəsinin daha da çox olmasını istəyirlər. Amma biz ümumi büdcəmizin çərçivəsində hərəkət etməliyik və bölgünü obyektiv aparmalıyıq. Bəzi inkişaf etmiş ölkələrdə, məsələn, Almaniyada büdcənin 12-15 faizi, İtaliyada isə 10 faizi bu sahəyə ayrılır. Bu ölkələrlə müqayisə aparanda görərik ki, Azərbaycanda təhsil və elmə ayrılan budcə vəsaiti heç də Avropa ölkələrindən geri qalmır. Ölkəmizdə təhsilə ayrılan vəsait büdcənin 10 faizi civarındadır.
- Sizcə, bu artımlar təhsilin inkişafına hansı formada təsir göstərəcək?
- Təbii ki, vəsaitin ayrılması bir parametrdir. Əsas məsələ odur ki, ayrılan vəsaitdən biz necə istifadə edirik. Təhsilimizin, elmimizin inkişafında bu özünü necə büruzə verir? Biz həmin vəsaiti elə xərcləyə bilərik ki, inkişafa o qədər təsiri olmaz. Amma ayrılmış vəsaiti elə sahələrə yönəldə bilərik ki, orda təhsilimiz, elmimiz inkişafa nail olsun. Hesab edirəm ki, ölkəmizdə bu sahələrə ayrılan vəsait düzgün istiqamətlərə yönəlir və nəticə etibarilə inkişaf özünü göstərməkdədir. Bütün dövlətlərdə bu sahələrin inkişafına çox ciddi fikir verilir. Çünki bütün nailiyyətlərin başında təhsil dayanır. Belə bir fikir var: təhsili mükəmməl olan xalqı əsarət altına almaq çox çətindir. Bildiyiniz kimi təhsil çox strateji sahədir. Mən deyərdim, dövlət və millət üçün ən birinci amil təhsildir. Əgər təhsil mükəmməldirsə, hazırlanan kadrlar yüksək səviyyəli, müasir tələblərə cavab verirlər. Ancaq təhsil zəif olsa, zəif kadr hazırlığı aparılsa təbii ki, burada nailiyyətlərdən danışmaq mümkün deyil. Yalnız yüksək qabiliyyətli, intellektli olan insanlar öz millətini və dövlətini beynəlxalq səviyyədə layiqincə təmsil edə bilər.
- Azərbaycanda elm və təhsilin inkişafı ilə əlaqədar bir sıra dövlət proqramları həyata keçirilir. Bu proqramların əhəmiyyətini və onların elm və təhsil sahələrinin inkişafında oynadığı rolu necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, ölkə Prezidentinin sərəncamları əsasında ölkəmizdə təhsilin inkişafı ilə bağlı böyük proqramlar həyata keçirilir. Düşünürəm ki, bu, dövlət başçısı tərəfindən ölkəmizdə təhsilə, elmə göstərilən diqqət və qayğı kimi qiymətləndirilməlidir. Həyata keçirilən dövlət proqramları təhsilimizin, elmimizin inkişafına xidmət edir. Bu proqramların məzmununa fikir versəniz görərsiniz ki, təhsilin bu günü, sabahı üçün həmin sənədlərdə mühüm müddəalar öz əksini tapıb. Bundan başqa, 2015-ci ilə qədər 5000 azərbaycanlı gəncin xarici ölkələrdə təhsil alması ilə bağlı dövlət proqramı həyata keçirilir. Deməli, ölkəmizdə kadr potensialının gücləndirilməsi dövlət başçısının apardığı siyasi istiqamət kimi dəyərləndirilməlidir.
Eyni zamanda, təhsilin maddi-texniki bazasının gücləndirilməsinə, tədris metodiki təminatının formalaşmasına, kadr potensialının yüksəlməsinə istiqamətlənən proqramlar mövcuddur. Bu gün Azərbaycanda istər ali, istərsə də orta təhsil sahəsində böyük işlər görülür, onların maddi-texniki bazası yüksək səviyyədə qurulur. Xüsusilə təhsil müəssisələrində İKT-nin imkanlarından səmərəli istifadə olunur. Bundan sonrakı mərhələdə kadrlarımız çox ciddi işləməlidirlər ki, gələcəkdə Azərbaycanda mütəxəssis hazırlığı tam təmin edilsin.
Bu gün, fikrimcə, texniki peşə təhsilinə ciddi fikir verilməlidir. Hesab edirəm ki, inkişaf baxımından texniki peşə təhsili də ali və orta təhsil sistemi ilə eyni səviyyədə addımlamalıdır. Bu sahəyə diqqət yetirilməlidir. Ali təhsilli kadrla yanaşı, peşə təhsili olan kadrlara da böyük ehtiyac var. Bir ali təhsilli kadrın ətrafında ən azı 10 peşə təhsili görmüş insan cəmləşməlidir. Fikrimcə, texniki-peşə təhsilinə ayrılan vəsait çərçivəsində bu sistemin inkişafına çox ciddi fikir verilməlidir.
Eyni zamanda, məktəbəqədər təhsil sahəsinin inkişafı da əsas məsələlərdən biridir. Bilirsiniz ki, təhsilin əsası məhz məktəbəqədər yaşdan başlanır. Uşaqları həmin yaş dövründə təhsilə, məktəbə alışdırsaq, istiqamətləndirsək, elementar baza versək orta məktəbə gedəndə onlar həvəslə, normal təhsil almaq imkanında olacaqlar. Ona görə də, məktəbəqədər təhsilə də çox ciddi fikir verməliyik. Doğrudur, hər iki sahə ilə bağlı müvafiq addımlar atılır, bununla belə hesab edirəm ki, işlər daha da güclənməlidir.
- Bildiyimiz kimi, Azərbaycan təhsil sahəsində islahatları dərinləşdirmək üçün Boloniya prosesinə qoşulub. Bu prosesin milli təhsilimizin inkişafındakı rolu nədən ibarətdir və bu prosesə qoşulmaq Azərbaycana nə verir?
- Hər bir ölkə digər dövlətlərin təhsil sistemlərindən xəbərdar olmalıdır. Biz də yeni yaranmış müstəqil bir dövlət kimi yeni təhsil modelimizi qurmalıyıq. Bu baxımdan, biz dünyaya inteqrasiya etməliyik. Tək Boloniya prosesi yox, dünyanın digər ölkələrinin təhsili ilə də maraqlanırıq, dünya praktikasında yaxşı nə varsa onu təhsilimizdə tətbiq etmək istəyirik. Amma hər hansı bir ölkənin təhsil modelini gətirib Azərbaycanda qurmağımız mümkün deyil. Xalqımızın milli-mənəvi dəyərləri nəzərə alınmaqla Azərbaycanda yüksək səviyyəli bir təhsil modeli qurulmalıdır. Biz ona görə də, Avropa təhsil modelinə inteqrasiya etmək istiqamətində müəyyən işlər gördük və Boloniya prosesinə qoşulduq. Boloniya prosesinin müəyyən parametrləri artıq ölkəmizdə öz həllini tapıbdır. Biz də özəl universitet olaraq Boloniya prosesinə 10 ildir ki, qoşulmuşuq. Burada müəyyən paramentlər var ki, biz artıq onları tətbiq edirik-imtahanların keçirilmə forması, tədris-plan proqramları, auditoriya davranışı, maddi texniki təminat, İKT-dən istifadə, elektron kitabxananın yaradılması, kredit sisteminə keçməkdə biz artıq bu addımları atmışıq. Bu kredit sisteminin mahiyyəti odur ki, sovet dövründə tələbənin kəsiri olanda göndəriş əsasında yenidən imtahana gəlirdi. Burada heç bir konsultasiya keçilmirdi, yeni izahat verilmirdi. Bu formal xarakter daşıyırdı. Amma kredit sistemində tələbə yenidən auditoriyada həmin fənni bir daha oxuyur. Bundan sonra gəlib imtahan verir.
Bəzən cəmiyyətdə repetitorlar haqqında da mənfi fikirlər formalaşdırılır. Amma mən bunun əleyhinəyəm. Burada müəllim öz biliyini şagirdə verir və şagirdin həmin fənni daha ciddi şəkildə mənimsəməsinə kömək edir. Bunun nəyi pisdir? Sadəcə olaraq, buna ümidli olub auditoriyanı zəiflətməmək lazımdır. Alimlər özləri də seminarlarda, konfranslarda iştirak edib öz səviyyəsini daha da inkişaf etdirir.
Boloniya prosesinin bir üstün cəhəti də ondan ibarətdir ki, bizim tədris plan proqramları Avropa standartlarına uyğunlaşdırılıb. Yəni, universitetlərimizi bitirən kadrlar xarici ölkələrə gedəndə və ya xarici şirkətlərin Azərbaycanda qurduqları şirkətlərdə işləyəndə eyni səviyyədə qəbul edilirlər. Biz də məhz bu səviyyəni yaratmaq istəyirik.
- "Elm siyasəti haqqında" qanun layihəsinin qəbulu hazırda gündəmdədir. Bu sənədin nə vaxt parlament müzakirəsinə çıxarılması nəzərdə tutulur?
- Hüquqi dövlətlərdə bütün məsələlər qanunla tənzimlənir. Qanun hər bir sahənin inkişafının hüquqi bazasını təşkil edir. Bu baxımdan, "Elm siyasəti haqqında" qanun layihəsinin qəbulu da çox vacibdir. Artıq bir neçə dəfədir ki, bu qanunun müzakirəsi parlamentin sessiyalarının iş planına daxil edilir və bu ilki payız sesiyasının da gündəliyindədir. Hesab edirəm ki, bu qanun qəbul olunmalıdır. Əlbəttə, bütün cəmiyyətlərdə elm, təhsil sahəsindəki ləngimələr çox böyük fəsadlara gətirib çıxara bilər. Bu sahələrdə bir il ləngimək 5-10 il geri düşmək deməkdir. Təhsildə nailiyyətlər bəzən 15 ilə özünü biruzə verir. Bu mənada mən istərdim ki, "Elm siyasəti haqqında" qanun layihəsi tezliklə qəbul olunsun. Bundan başqa, təhsillə bağlı sahə qanunlarının da qəbul edilməsi vacibdir.