- Azərbaycana Yeni Azərbaycan Partiyasının dəvəti ilə gəmisiniz. Dəvət olunduğunuz tədbirdən əsas gözləntiləriniz nədir?
- Mənim rəhbərlik etdiyim nümayəndə heyəti Azərbaycana Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Modernləşdirmə siyasəti: yeni sosial və iqtisadi çağırışlar" tədbirində iştirak etmək məqsədilə gəlib. Yeni Azərbaycan Partiyasının dəvəti ilə bu tədbirdə iştirak etmək bizim üçün çox xoş haldır. Çünki, Azərbaycanın dinamik inkişafı və ölkənizin getdikcə genişlənən beynəlxalq əlaqələri göz qabağındadır. Ona görə də, biz Azərbaycanda keçirilən istənilət tədbirdə iştirak etməkdən məmnunluq duyuruq. Bu tədbirdən gözləntilərimizə gəldikdə isə, Azərbaycanın hər hansı sahədə inkişafının irəliləməsi iki ölkə arasında əlaqələrə də müsbət təsir edir. Ona görə də biz ümid edirik ki, bu tədbir nəticəsində ölkələr arasında qurulmuş əlaqələrin daha da genişlənməsinə nail olacağıq.
- Vyetnamla Azərbaycan arasında genişlənməsinə ümid etdiyiniz əlaqələrdən söz açdınız. Ümumiyyətlə, ölkələrimiz arasında hansı əlaqələrin inkişafa ehtiyacı olduğunu düşünürsünüz?
- Bəli, Vyetnamla Azərbaycan arasında inkişaf etməkdə olan əməkdaşlıq əlaqələri var. Əsasən də neft mütəxəssislərinin yetişdirilməsi sahəsində əməkdaşlığımızı qeyd etmək istərdim. Neft ölkəsi olan Azərbaycan bizim ölkəmiz üçün kifayət qədər faydalı kadrlar yetişdirib. Məhz buna görə də mən həmişə Azərbaycana xüsusi təşəkkür edirəm. Qeyd etmək istərdim ki, ölkəmiz Azərbaycanın neft sahəsinə yüksək dəyər verir. Azərbaycan Neft Akademiyası Vyetnam tərəfindən "Dostluq" ordeni ilə mükafatlandırılıb ki, bu da öz növbəsində sözügedən dəyərin bariz nümunəsidir. Həmin ordeni mən özüm 2007-ci ildə Azərbaycanda səfərdə olarkən təqdim etmişəm. Azərbaycanın dinamik inkişafına nəzər saldıqda isə deyə bilərik ki, neft sahəsində əlaqələrimizi daha da genişləndirə bilərik. Təbii ki, bununla yanaşı, iqtisadi, siyasi, mədəni, təhsil kimi sahələrdə də əlaqələrimizin genişlənməsi üçün danışıqlar aparılmalı və müsbət nəticələr əldə olunmalıdır.
- Azərbaycan haqda təəsüratlarınız necədir və ümumiyyətlə, ölkəmiz Vyetnamdan necə görünür?
- Azərbaycan haqda təəssüratlarım verilən sual qədər maraqlıdır. Mən qeyd etmək istəyirəm ki, ilk dəfə Azərbaycana 2007-ci ildə səfər etmişəm. Aradan keçən 4 ildə Azərbaycanın sürətli inkişaf yolu keçdiyini deyə bilərəm. Məncə, bu təqdirə və diqqətəlayiqdir. Şəhərin xarici görünüşündə kifayət qədər dəyişiklik nəzərə çarpır. Bakıda aparılan yenidənqurma işləri təəccüb doğurur. Çünki bu qədər qısa müddət ərzində belə inkişaf və dəyişiklik elə də asan deyil. Azərbaycan isə bunu bacarıb. Mən düşünürəm və ümid edirəm ki, Azərbaycan hər zaman inkişaf edəcək. Bir xarici nümayəndə kimi əminliklə deyə bilərəm ki, ölkəmizin və xalqımızın gözündə Azərbaycan yüksək qiymətləndirilən və dəyər verilən ölkədir.