- Fransa Milli Assambleyası qanunla tanınmış soyqırımların inkarını cinayət hesab edən qanun layihəsini təsdiqləyib. Ermənistanın beynəlxalq ictimaiyyət üzərində neqativ təsiri barədə nə düşünürsünüz?
- 1909-15-ci illərdə baş vermiş hadisələr ermənilərin milli mənsubiyyətinin bir hissəsidir və bu, beynəlxalq erməni diasporunu bir yerə toplayan yeganə məsələdir. Yəqin ki, bu məsələ olmasaydı, erməni diasporu parçalanardı. Diasporun soyqırımı məsələsində inadkarlığı onların mövcudluğunun təminatıdır və onlar buna qələbə kimi baxırlar. Fransa Milli Assambleyası üçün isə bu bir məğlubiyyətidir.
Fransa Milli Assambleyasının qərarı Avropa Birliyi üzvlüyünə dair Kopenhagen siyasi kriterilərinə və Avropa Birliyinin Fundamental Hüquqlar Nizamnaməsinin fikir azadlığına dair 11-ci maddəsinə ziddir.
Düşünmürəm ki, hansısa bir müşahidəçi və ya alim Fransa Milli Assambleyasının bu məsələ ilə bağlı qərarını insan hüquqları prinsipi və ya retrospektiv qanunvericiliklə eyniləşdirsin. Bu sırf seçki kampaniyasına xidmət edən populist bir qanundur və Fransa Milli Assambleyasının 10 faizinin də səsini qazanmayıb və deməli, fransız xalqının 90 faizinin fikrini təmsil etmir. Ən çox narahatedici fakt da odur ki, bu qanun Avropa Birliyinin təməl prinsiplərinə ziddir və qeyri-demokratik bir addımdır.
- Erməni lobbisi "erməni soyqırımı"nın dünya parlamentləri, o cümlədən ABŞ Konqresi tərəfindən tanınması üçün başladığı qlobal kampaniyadan əl çəkmir. Bu kontekstdə Ermənistan-Türkiyə barışığının perspektivini necə görürsünüz?
- Türkiyə və Ermənistan hökumətləri bu dilemma barədə dəfələrlə düşünüblər. Türkiyə şikayətlənir ki, diaspora Türkiyə və Ermənistan hökumətləri arasında gərginlik yaradır. Ermənistan isə diaspora erməni şüurunun təbii davamı kimi baxır. Türkiyə ilə hər hansı bir razılıq diasporun təsir dairəsini məhdudlaşdır, ona görə də Ermənistan heç bir razılığı qəbul etməyəcək.
Diasporun yeganə rolu maliyyə imkanlarından istifadə edərək və Ermənistana bu ölkənin büdcəsindən də artıq pul göndərərək danışıqlarda öz çəkisini və nüfuzunu təsdiq etməkdən ibarətdir. Ermənistan diasporun pulundan asılıdır və buna görə də soyqırımla bağlı diasporun razılığı olmadan Türkiyə ilə ikitərəfli razılaşma imzalaya bilmir.
İnanmıram ki, diasporun radikal seqmentləri soyqırımı məsələsində güzəştə getsinlər və bu məsələ Türkiyə-Ermənistan münasibətlərindən silinsin. Diasporun təsiri olmadan Türkiyə-Ermənistan barışığı haqqında yalnız o halda danışa bilərik ki, Türkiyə ya soyqırımı qəbul edib külli miqdarda təzminat ödəsin (torpaq transferi də ola bilər), ya da Ermənistan Respublikasının ehtiyaclarını qarşılasın (diasporun pulundan dəfələrlə çox ticarət gəlirləri, hərbi-strateji ehtiyacların qarşılanması). Yalnız bu halda Ermənistanın qərar verənləri diasporu kənara atıb Türkiyə ilə birbaşa razılığa gedəcəklər. Amma hər iki variant indiki zaman üçün inanılmaz görünür.
- Bəs bu halda ABŞ necə hərəkət edəcək? Barışıq prosesindən kənarda duracaq, yoxsa iştirakını davam etdirəcək?
- ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin 2010-cu ilin martında soyqırımla bağlı icrası məcburi olmayan qətnamə qəbul etməsinə baxmayaraq, bu, hər hansı bir Amerika institutunda baxılacaq ən axırıncı məsələdir. Çünki Türkiyə müharibədən sonrakı İraq məsələsində və İranla Rusiyanın nüfuzunun artması şəraitində ABŞ-ın əsas müttəfiqlərindən biridir.
Administrasiya Türkiyəni soyqırımı iddialarını qəbul etməyə çağıra bilər, amma hər hansı bir məcburedici addım atmaz. Türkiyə və Ermənistan 2009-cu ilin oktyabrında barışıq haqqında protokol imzaladılar, amma onun prinsiplərinə əməl olunması yolunda çox az irəliləyiş var. Bu arada isə Türkiyə "Nabucco" kəmərinin gələcəyi üçün Azərbaycanla daha da yaxınlaşıb.
Əminəm ki, "Nabucco"nun gələcəyi Türkiyə-Ermənistan barışığının gələcəyi ilə sıx bağlıdır. Türkiyə-Azərbaycan münasibətləri yaxınlaşdıqca və enerji məsələsi Türkiyənin Qafqaz siyasətində əsas yeri tutduqca, ABŞ Ermənistanla münasibətdə Türkiyənin mövqeyini dəstəkləyəcək. Baxmayaraq ki, ABŞ-ın vitse-prezidenti Co Bayden bu yaxınlarda Türkiyəyə səfəri zamanı Ankaranı Ermənistanla imzalanmış protokola əməl etməyə çağırıb, Ermənistan indiki zamanda nə Türkiyə, nə də ABŞ üçün prioritet deyil.
- Fransa Milli Assembleyasının "soyqırım"la bağlı qanun layihəsi Dağlıq Qarabağ probleminin nizamlanması prosesinə necə təsir edəcək?
- Aydındır ki, bu, Türkiyənin Azərbaycana doğru daha da meyllənməsinə və Türkiyə-Ermənistan protokollarının iflasına səbəb olacaq. ABŞ İraqı tərk edir, Rusiya, İran və Türkiyə isə Yaxın Şərqdə yaranmış bu boşluğu doldurmağa çalışırlar. İndiki halda münaqişə ehtimalı daha böyükdür. Azərbaycan bölgədəki uğurlu addımlarından yararlanaraq, Qarabağda hərbi kampaniyaya başlaya bilər. Rusiya yəqin ki buna hazırlaşır. Rusiya Ermənistandakı Gümrü bazasından istifadə müddətini uzatdıqda Ermənistanı xarici hücumlardan qoruyacağı barədə də müqavilə imzalayıb. İndi Rusiyanı Ermənistandakı hərbi qüvvələrin taleyi daha çox qayğılandırır, çünki rus qoşunlarının Gürcüstan ərazisindən istifadə edərək, cənuba doğru irəliləməsinə imkan verən müqavilə ləğv olunub. Ermənistandakı hərbi qüvvələrini saxlamaq üçün Rusiya ya Gürcüstan, ya da Azərbaycan ərazisindən istifadə etməlidir, bu da mümkün olmadığı üçün Rusiyanın Ermənistanı müdafiə edəcəyi dəqiq deyil. Digər tərəfdən, Rusiyanın Azərbaycandakı Qəbələ radar stansiyasına da ehtiyacı var. Stansiyanın icarə müddəti 2012-ci ildə bitir. Azərbaycan isə illik icarə haqqını 7 milyon dollardan 100 milyona qaldıraraq, ona işarə vurur ki, Rusiyanın Qarabağ məsələsində dəstəyi müqabilində qiymət danışıqlar yolu ilə razılaşdırıla bilər.
Bu ssenaridə Azərbaycan Qarabağ məsələsində Türkiyə və Rusiyanın dəstəyini qazanaraq, çox sərfəli strateji mövqe qazanır. Sarkozi və Fransadakı erməni diasporu Ermənistanı Qarabağ məsələsində çox çətin vəziyyətdə qoyub.
- Türkiyə ABŞ və NATO-nun raketdən müdafiə sistemini öz ərazisində yerləşdirməyə razılıq verib. Sizcə, Fransa parlamentinin qərarı Türkiyənin NATO üzvü kimi fəaliyyətinə, regiondakı yeri və əhəmiyyətinə təsir edəcəkmi?
- Qanun layihəsi artıq Türkiyə ilə Fransanın münasibətlərinə təsirini göstərib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fransaya qarşı səkkiz bənddən ibarət sanksiyalar siyahısını açıqlayıb və hərbi əməkdaşlıq sazişlərini birtərəfli qaydada ləğv edib. Birgə təlimlər, kəşfiyyat məlumatlarının mübadiləsi təxirə salınıb, hava məkanı və ərazi sularından istifadə məhdudlaşdırılıb. Türkiyə bəyan edib ki, Avropa Birliyinin bütün layihələrində Fransa ilə əməkdaşlığa son verir, bu isə Türkiyənin Avropa Birliyi ilə münasibətlərinə kökündən təsir edir. Bir sıra hallarda Türkiyə Avropa ilə münasibətlərində Çinin təcrübəsindən istifadə edir. Məlumdur ki, Çin Avropa Birliyinə faydasız siyasi institut kimi baxır və Avropa ölkələri ilə fərdi sazişlər bağlayır.
Bu baxımdan, mənim fikrimcə, NATO-nun raketdən müdafiə qurğusu daha çox Türkiyənin ABŞ-la tərəfdaşlığındakı öhdəlikləri və Rusiya ilə İranın regionda artan nüfuzu ilə əlaqədardır. Hətta Türkiyənin hər iki ölkə ilə səmimi münasibətləri olsa belə, Ankarada qərar qəbul edənlər anlayırlar ki, Rusiya və İrana qarşı konkret tarazlaşdırıcı qüvvə olmalıdır. Məncə Türkiyə öz təhlükəsizlik maraqlarından çıxış edərək, raketdən müdafiə sistemini öz ərazisində yerləşdirməyə razılıq verib. Əlbəttə, Türkiyənin NATO-dakı öhdəlikləri qalacaq, amma Türkiyənin NATO daxilində Fransa ilə əməkdaşlığı qısa və ya orta zaman kəsiyində dondurulacaq.