PDF Oxu

Müsahibə

  • 734

Fazil Mustafa: “İran müsəlman dünyasının düşməninə çevrilir”

Fazil Mustafa: “İran müsəlman dünyasının düşməninə çevrilir”

İranın Ermənistanla genişlənən əlaqələri hamıya məlumdur. Özünü islam ölkəsi adlandıran İranın bu cür davranışları və ona havadarlıq edən böyük dövlətlərin əsas məqsədi nədir? Bununla yanaşı, bütün suallarımızı millət vəkili, Böyük Quruluş partiyasının sədri Fazil Mustafa cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

-İran Ermənistan qardaşlığı rəsmi Tehranın Xamneizm ideologiyasına bir növ zərbə deyilmi?

-Əslində, İran bir müsəlman dövləti kimi mövcud deyil. Sadəcə, İranda islama uyğun bir rejim qurulub. Bu rejimin də əsas məqsədi islam dünyasını parçalamaq və onun maraqlarını istənilən səviyyədə manipulyasiya etməkdir. Xarici siyasətdə İranın Ermənistana dəstək verməsi artıq bilinən faktdır. Lakin burada Ermənistan və İranın iradəsi əsas rol oynamır. Bu dəstəyin kökündə, ilk növbədə, ABŞ və Rusiyanın razılığı dayanır. ABŞ-ın İran üzərindəki təsirinə nəzər salsaq, deyə bilərik ki, Ermənistan yeganə dövlətdir ki, ABŞ İranla münasibətinə icazə verir. Yəni dünyanın digər ölkələri ilə İranın münasibətinə ABŞ ciddi şəkildə mane olur. Bu da, o deməkdir ki, burada böyük dövlətlərin özlərinin maraqları var. Çünki onlar istəsələr, İran-Ermənistan arasındakı bütün əlaqələri birmənalı şəkildə poza bilərlər. İran Ermənistana hər cür çıxış yolu yaradırsa, burada əsas günah həmin böyük dövlətlərin razılığıdır. Hətta onu da qeyd etməliyik ki, ABŞ-ın İrana müəyyən sanksiyalar tətbiq edilməsi məsələsində çox irəliyə getməməsinin əsas səbəbi də məhz erməni lobbisidir. Erməni lobbisi hər hansı bir şəkildə ABŞ-ın dövlət siyasətində İrana qarşı sərt addımların atılmasına maraqlı deyil. Ona görə də biz bütün məsələləri diqqətlə analiz etməliyik ki, hər zaman atəşin haradan açıldığını və hədəfin kim olduğunu bilək. Bütün bunlarla yanaşı, öz lobbiçilik fəaliyyətimizi də kəskin surətdə genişləndirməliyik.

-Qeyd etdiniz ki, İranın Ermənistanla münasibətinə ABŞ razılıq verib. Belə olan halda, ABŞ-la İranı Ermənistanda birləşdirən maraq nədir?

-Bəli, maraqlı sualdır. ABŞ-la İranı birləşdirən maraq ondan ibarətdir ki, Ermənistan bu dövlətlər üçün təhdid zolağı kimi düşünülür. Ərəb ölkələri üçün İsrail modelində bunu həyata keçirmişdilər. Lakin hər ölkədə bu modeli yəhudi təsiri ilə reallaşdırmaq mümkün deyil. Ona görə də, burada daha çox xristian dövləti amili önə çıxır. Yəni çox kiçik, heç bir gücü olmamasına baxmayaraq, Ermənistanda həm Rusiyanın bazası yerləşdirilir, həm də Amerikadan diaspor vasitəsilə pul axışına şərait yaradırlar. Bu da, o deməkdir ki, İranla ABŞ-ın Ermənistanda heç bir ziddiyyəti yoxdur. Yəni hər iki dövlət Ermənistan məsələsində əməkdaşlıq etməyə maraqlıdırlar. İranın qarşısında heç bir sərhəd olmadığından, Ermənistanla iqtisadi-ticari istənilən əlaqəni qura bilir. Məsələn, hazırda bildiyiniz kimi, Xocalıda İranın göndərdiyi yanacaq və yemək məhsulları sayəsində insanlar öz yaşantılarını qururlar. Yəni İran bundan çox müsəlman dünyasına düşmənçilik edə bilməzdi. Ona görə də, İranın ABŞ-la düşmən, qarşıdurmalar içində olması kimi tezislər tamamilə yanlışdır. ABŞ-la maraqları uzlaşanda müsəlmançılıq da, başqa bütün meyarlar da yaddan çıxır. Əslində, Ermənistanda onların birgə fəaliyyətləri də bunun əyani sübutudur.

-Bu il Rusiya, ABŞ və Fransada prezident seçkiləri keçiriləcək. Əgər Azərbaycan ciddi addım atmasa, bu il münaqişənin həllində hansısa irəliləyiş ola bilərmi?

-Ümumiyyətlə, indiki mərhələdə və bundan sonra da Rusiyadakı məsələlər müəyyən dərəcədə çözülməsə, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyiş əldə oluna bilməz. Rusiyada bu məsələlərin çözülməsi isə kifayət qədər vaxt aparacaq. Ona görə də, bu müddət ərzində bizi nikbinləşdirəcək heç bir səbəb yoxdur. Çünki fiziki olaraq ermənilərin vurulmasında Rusiya əsas rol oynayır. Düzdür, ABŞ Ermənistana siyasi və maddi dəstək verir, amma əsas fiziki güc Rusiyanın əlindədir. Rusiya isə bölgədəki maraqlarını həyata keçirmək üçün Ermənistandan istifadə edir. Yəni bütün bunlara nəzərə alaraq, demək istərdim ki, məsələnin həllində prezidentlərin dəyişməsi yox, ölkələrin geostrateji güclərinin dəyişməsi vacibdir. Yəni Rusiyada belə bir dəyişim olmadıqca, demokratik Rusiya formalaşmadıqca münaqişənin həlli mümkünsüzdür. Rusiya bölgələrə yayılma siyasətindən əl çəkməsə Qarabağ məsələsində də heç bir yenilik olmayacaq. Lakin onu da qeyd etmək lazımdır ki, artıq Rusiyada müəyyən dəyişiklərin yaxınlaşdığına aid simptomlar var ki, daxili siyasətdə baş verənlər də bunun bariz nümunəsidir.


GÜNAY MƏMMƏDOVA

Digər xəbərlər