PDF Oxu

Müsahibə

  • 212

“Hədəf ölkə iqtisadiyyatının inkişafı və əhalinin sosial rifah halının yüksəldilməsidir”

“Hədəf ölkə iqtisadiyyatının inkişafı və əhalinin sosial rifah halının yüksəldilməsidir”

- Aydın müəllim, Nazirlər Kabinetində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən, 2011-ci ilin yekunları, 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə Azərbaycanın iqtisadi-siyasi və digər sahələrlə bağlı hansı uğurlarını özündə ehtiva edir?

- Ötən illərdə olduğu kimi 2011-ci ildə də ölkə iqtisadiyyatında dinamik inkişaf əldə olunub. Konkret rəqəmləri nəzərinizə çatdırmazdan əvvəl bəzi məsələlərin üzərində dayanmaq istərdim. Ölkə iqtisadiyyatının dinamik inkişafının başlıca xüsusiyyəti və səbəbi nədən ibarətdir? Ümumilikdə, istənilən hadisəni, prosesi, xüsusilə iqtisadi prosesləri biz müqayisəli şəkildə təqdim etdikdə daha təsirli olur. Avropa iqtisadiyyatına, orada baş verən iqtisadi proseslərə nəzər salsaq görərik ki, Avrozonaya daxil olan ölkələr 2011-ci ildə iqtisadi cəhətdən o qədər də uğurlu olmayan dövr yaşayıblar. Avronun kursunun aşağı düşməsi, Portuqaliya, İspaniya, Yunanıstanda baş verən maliyyə böhranı əhali arasında narazılıqlarla müşayiət olundu. Eləcə də, Avrozonanın əsas aparıcı qüvvəsi sayılan Almaniya və Fransanın özündə də iqtisadi gərginlik yaşandı. Bütün bunlarla müqayisədə ötən il Azərbaycanda nələr baş verdiyinə diqqət yetirsək, ölkə iqtisadiyyatının inkişafının mənzərəsini açıq şəkildə görə bilərik. Avropa ölkələrində iqtisadi siyasət müstəqil şəkildə aparılmır. Avrozonaya daxil olan ölkələr əsasən Fransanın və Almaniyanın diktəsi ilə öz işlərini qururlar. Bu isə Avronun məzənnəsinin aşağı düşməsinə gətirib çıxarıb. Hazırda manatın kursu Avroya nisbətən yüksəkdir. Əgər Avronun kursu aşağı düşürsə, sözsüz ki, ona maraq və tələbat da azalır. Deməli, əsas investorlar öz sərmayələrini Avrozonadan daha sərfəli regionlara köçürməlidir. Avropada hazırda bu proseslər gedir. Azərbaycanda isə əksinə, 2011-ci ildə ölkəyə 20 milyard dollar investisiya qoyulub. Qoyulan investisiyanın 13 milyard dolları yerli investorların hesabınadır, 7 milyardı isə kənardan, yəni xaricdən cəlb olunan sərmayələrdir. Ölkənin qeyri-neft sektorunda 9,4 faiz artım qeyd olunub. Bildiyiniz kimi 2011-ci ildə dövlət büdcəsinə yenidən baxılıb. Büdcənin həm gəlir, həm də xərclər hissəsində artımlar oldu. Bu artımlar isə əmək haqlarının, təqaüdlərin artırılmasına, ümumiyyətlə, büdcədən maliyyəşən idarə və təşkilatlarda, qurumlarda çalışan insanların maaşlarının yüksəldilməsinə yönəldildi. İlin sonuna yaxın isə minimum əmək haqları 10 faiz artırıldı. Bununla yanaşı isə əhalinin pul gəlirləri artdı. Gəlirlə müqayisədə inflyasiyanın tempi isə 7,9 faiz həddində müəyyənləşdi, yəni stabilləşdi. Buradan aydın şəkildə görünür ki, əhalinin 20 faiz pul gəlirləri artıb, 8 faiz isə investisiya həddi müəyyənləşib. Deməli, əhalinin pul gəlirləri inflyasiyanın tempindən yüksəkdir.

- Son 2 ildə Azərbaycan iqtisadiyyatına 37 milyon dollar sərmayə qoyulub. Valyuta ehtiyatımız isə 40 milyard dolları ötüb. 2011-ci ildə maaşlar, pensiyalar artırıldı. Bütün bunları aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsi hesab etmək olarmı?

- Ölkəmizdə aparılan iqtisadi siyasət müstəqil şəkildə həyata keçirilir. Azərbaycandakı iqtisadi siyasətin başlıca xüsusiyyəti xalqın mənafelərinə söykənir. Son nəticədə hədəf, ölkə iqtisadiyyatının inkişafı və əhalinin sosial rifah halının yüksəldilməsidir. Bütün bu uğurlar Azərbaycanda aparılan çox düzgün, dəqiq, hesablanmış, elimi əsaslara, bir metodologiyaya söykənən iqtisadi siyasətin nəticəsi, ölkə Prezidenti tərəfindən düzgün şəkildə iqtisadi siyasətin strategiyasının müəyyənləşdirilməsi və etibarlı tərəfdaş olaraq Azərbaycanın iqtisadi münasibətlərini qurduğu işlərin bəhrəsidir.

- Müşavirədə Prezident İlham Əliyevin "Azərbaycanın hərbi qüdrətinin artması Ermənistanda təlaş və təşviş yaradıb" fikirlərini səsləndirməsi bir daha Azərbaycanın regionda ən güclü orduya malik olduğunu nümayiş etdirir...

- Heç kimə sirr deyil ki, Ermənistan öz ordusunu hansı dövlətin yardımı ilə formalaşdırır. Təkcə Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsinə bərabərdir. Ümumiyyətlə, Ermənistan elə bir vəziyyətdədir ki, onun əhalisini də, ordusunu da kənar qüvvələr təmin etməlidir. Yəni bu ölkə öz hesabına dövlət kimi ayaqda durmaq gücünə malik deyil. Azərbaycan isə öz iqtisadi potensialına, gücünə söykənərək hərbi qüdrətini daha da genişləndirir. Azərbaycan artıq silah istehsal edir. Eyni zamanda orduda xidmət edən zabit və əsgərlərə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Bir sözlə ölkəmizdə ordu quruculuğu kompleks şəkildə həyata keçirilir.

Digər xəbərlər