- Şeyx həzrətləri, yanvar ayının 20-də 1990-cı ildə baş vermiş qanlı hadisələrin ildönümüdür. İstərdik, tarixə yenidən ekskurs edərək bu olaylara nəzər salasınız və 20 yanvarı doğuran, baş verməsini şərtləndirən səbəblərdən danışasınız...
- Bismillahir-rəhmanir-rəhim!
1990-cı ilin qanlı hadisələrindən nə qədər zaman keçsə də Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 20 yanvar faciəsi əsla unudulmayacaqdır. Haqqı tələb etdiklərinə görə minlərlə insanın gülləbaran edilməsini yaddan çıxarmaq mümkün deyildir. Şəhid olanların, yaralananların, itkin düşənlərin ağrı-acısı hələ də qəlblərdədir. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!
1990-cı ilin 20 yanvarında baş verən hadisələrin təfsilatını çoxlarınız xatırlayırsınız, lakin baş vermiş faciəni törədən səbəbləri, qanlı qırğına aparan yolları, bu siyasi təcavüz aktının əsl ssenarilərini əksəriyət lazımınca bilmir. Əslində bu, "böyük Ermənistan" xülyası ilə yaşayan aqambekyanların, şahnazarovların, balayanların əlində oyuncağa çevrilmiş Qorbaçov kimi ləyaqətsiz dövlət rəhbərinin xalqımıza qarşı öncədən hazırlanmış planı idi. Onlar hələ 1987-ci ildə xalqımızın böyük oğlu Heydər Əliyevi Siyasi Büro üzvlüyündən kənarlaşdırarkən Azərbaycanı başsız qoymaq, yenilməz nüfuza malik rəhbərdən məhrum etmək niyyətindəydilər.
Dağlıq Qarabağ və ətrafındakı hadisələr cərəyan edərkən ölkəmizin və əhalimizin başına gətirilən müsibətlərin əsas mənbəyi yerli hakimiyyətin səriştəsizliyi, sapı özümüzdən olan baltaların Sovetlərin havası ilə oynaması, xalqın tələb və ehtiyaclarına biganəlikdi. Əsgəran qarşıdurmasını, Topxana meşələrinin qırılmasını, azərbaycanlıların qaçqınlar ordusuna çevrilməsini laqeydliklə seyr edənlər Heydər Əliyevi siyasi arenaya dəvət etmək, onun dövlət idarəçiliyi təcrübəsindən, müdrikliyindən, iş bacarığından istifadə etmək əvəzinə intriqalar qurur, müxtəlif qruplaşmalar yaradır, əks-təbliğat kampaniyaları aparırdılar. Beləliklə, ölkədəki hakimiyyətin siyasi simasızlığına arxalanan sovet rejimi Azərbaycanın sahibsiz və arxasız qaldığına dair tam əminlik əldə etdi və növbəti təxribat onun planlarının davamı oldu.
Hadisələrin sonrakı gedişatını əksəriyyətimiz yaxşı xatırlayırıq: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları fövqəladə vəziyyət elan etmədən Bakıya daxil olaraq öz vətəndaşlarına - qocalara, qadınlara, uşaqlara, bir sözlə dinc əhaliyə qanlı divan tutdular. Bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir etmək və ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı.
Vəziyyətin ən acınacaqlı məqamı ölkənin çətin günündə o zamankı respublika rəhbərliyinin bacarıqsızlığı sayəsində dövlətin bütün siyasi və inzibati orqanlarının iflic vəziyyətinə düşməsi ilə bağlıydı. Ölkədə tam bir hakimiyyət boşluğu yaranmış, xalq və dövlət arasında dəhşətli bir uçurum əmələ gəlmişdi. Dövlətə və Allahsız kommunist ideologiyasına inamını itirən Azərbaycan xalqı bu məqamda kimə müraciət edəcəyini bilmirdi. Digər tərəfdən, mərkəz vəziyyətdən istifadə edərək baş verənləri milli və dini münaqişə kimi qələmə verməyə çalışır, xalqımızın istibdada qarşı mübarizəsini dünya ictimaiyyətinə İslam fundamentalizmi, ekstremizm kimi təqdim edirdi. Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altındaydı - məqsəd dövlətimizi parçalamaq, separatçılığa sürükləmək, milli məhvə məhkum etməkdi.
Bütün faciəsi ilə yanaşı, 20 yanvar günü xalqımızın milli suverenlik, azadlıq uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. Təpədən dırnağadək silahlanmış ordunun cəza tədbirlərinə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi, haqq səsini daha da yüksəkdən bəyan etdi.
Bu səsi ilk dəfə Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, onu hüquqa, demokratiyaya, humanizmə zidd hadisə kimi xarakterizə etdi. Siyasi liderimizin kəskin müraciəti xalqı ruhlandırdı və birləşdirdi. Bir milyondan artıq insan təqiblərdən, hətta ölümdən qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq uğrunda qurban getmiş şəhidlərin ruhuna and içərək onları torpağa tapşırdı.
Azadlığın, müstəqilliyin yolu ağırdır, daşlı-kəsəklidir. Bu yolda qurbanlarımız az olmamışdır. Bu gün hər bir azərbaycanlının boynunda şəhid haqqı var. Biz şəhid ailələrini unutmuruq və heç zaman unutmayacağıq. Bu mənəvi borc şəhidlərimizin unudulmaz xatirəsi qarşısında illərdən bəri ürəklərimizdə gəzdirdiyimiz vətəndaşlıq qürurunun və qan yaddaşımızın əyani təzahürüdür. Bu, Azərbaycanın müstəqilliyi, dövlətçiliyimizin bərpası, torpaqlarımızın qaytarılması və imansız bir imperiyanın dağılması uğrunda mübarizənin ilk qurbanlarına - 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinə, Allah-Taala nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalanlara sonsuz ehtiramımızdır.
- O dövrdə Siz çox böyük əhəmiyyət daşıyan, çox cəsarətli və xalqımızın milli maraqlarını ifadə edən bəyanat verdiniz. Bu bəyanatın mahiyyəti və o dövr üçün əhəmiyyəti nədə idi?
- Həqiqət bundan ibarətdir ki, həmin günlərdə ölkədə çalışan, fəaliyyət göstərən, təcavüzkarlara sinə gərən, minlərlə faciə qurbanlarının, milyonlarla vətəndaşın yeganə ümid yeri - Qafqaz Müsəlmanları İdarəsi oldu. Qafqaz Müsəlmanları İdarəsi hadisələrin ilk dəqiqəsindən qərargaha çevrildi; yanvarın 22-də şəhidlərin misli görünməmiş dəfn mərasiminin təşkilati rəhbərliyi, yaralılara dərman və maddi yardım göstərilməsi, şəhid ailələrinə ərzaq paylanması, 40 gün ərzində təmənnasız dini xidmətin təşkili - bunlar bizim fəaliyyətimizin yalnız görünən tərəfiydi. Əslində o məqamda İdarə bütün şərəf və ləyaqəti ilə imperiya siyasətinin riyakarlığına meydan oxudu, informasiya blokadasını yararaq baş verənləri dünyaya bəyan etdi və yalançı "qəhrəmanlardan" fərqli olaraq xalqa həqiqi mənəvi dəstək oldu. Əgər o zaman keçmiş SSRİ rəhbərliyinin siyasi avantüralarına aldanıb hakimiyyət təklifləri qəbul edilsəydi, sonra xalqımızın, dövlətimizin başına nə müsibətlər gələcəyini təsəvvür etmək belə çətindir. Və nəhayət, əgər o faciəli dünənimizdə Heydər Əliyevin bizə və xalqımıza mənəvi dəstəyi olmasaydı, bugünkü sabitliyi, əmin-amanlığı, xalq və dövlət birliyini görmək bizə nəsib olmaya bilərdi.
Bütün bunlar gəlişi gözəl sözlər deyil, 20 illik tariximizin müqayisəli təhlilindən yaranan mülahizələrdir. O qanlı dönəmdə belə məsuliyyətin altına girməyin nə dərəcə ağır və təhlükəli olduğunu çoxlarınız xatırlayırsınız. Fövqəladə vəziyyətin elan edilməsinə baxmayaraq yanvarın 21-də Təzəpir məscidinin həyətində minlərlə insanın iştirak etdiyi mitinq keçirildi. Şəhidlər üçün dəfn yerinin təyin olunması məsələsində hərbi komendaturanın ciddi narazılığına baxmayaraq Dağüstü parkın seçilməsində israr olundu. Yanvarın 22-də tarixdə görünməmiş milyonluq izdihama başçılıq edərək dəfn mərasiminin önündə durduq və ilk dəfə olaraq allahsız sovet rejimini "mənfur imperiya" ifadəsi ilə lənətlədik. Dəfn prosesində bir nəfər belə hərbçinin iştirakına və müdaxiləsinə imkan verilmədi. Ölkədə bütün informasiya agentliklərinin nəzarətdə olduğu bir vaxtda biz "Vətən" cəmiyyətinin teleksi ilə gizli şəkildə BMT-nin Baş katibliyinə, dünyanın dövlət başçılarına və dini rəhbərlərə, SSRİ Ali Sovetinin sədri sayılan Mixail Qorbaçova bəyanatımızı ünvanlaya bildik.
1990-cı ilin 21 yanvarında bu cəllada etiraz müraciətimdə mən xalqımın səsini çatdırdım: "Siz bilin ki, bu faciə ilə bağlı əsl həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Çünki o dövlət ki imperiya hökmranlığı niyyəti ilə millətlərarası çaxnaşmaları aradan qaldırmaq əvəzinə onu daha da qızışdırır, o dövlət ki öz ordusunu öz vətəndaşlarının qatilinə çevirir, o dövlət ki öz adamlarına layiqli güzərandan daha çox ölmək hüququ verir, belə dövlət ancaq nifrətə layiqdir... Özlərini əsl işğalçı kimi aparan cəza qoşunlarını Bakıya yeritməklə siz sovet hökumətini rüsvay etdiniz və bununla təsdiq etdiniz ki, müstəqillik və xalqların ləyaqəti kimi anlayışlar bu hökumətə tamamilə yaddır. Siz bununla özünüzü bir siyasi xadim və bacarıqsız dövlət başçısı kimi ifşa etdiniz. Sizin haqqınızda yaranmış bir əfsanə də puç oldu, çünki bir əli ilə xarici məmləkətlərdə sülh sazişi, o biri əli ilə öz vətəndaşlarına qarşı cəza tədbirləri imzalayan adamı "Sülh uğrunda mübariz" adlandırmaq ən azı ləyaqətsizlikdir. Bütün Azərbaycan xalqının iradəsini ifadə edərək mən Bakıdan qoşun hissələrinin dərhal çıxarılmasını qətiyyətlə tələb edirəm. Heç bir xalqla, həmçinin azərbaycanlılarla silah gücüylə danışmaq olmaz. Bu, 10 gün, yaxud Əfqanıstandakı kimi 10 il davam edə bilər. Amma gec-tez ədalət və haqq işi qələbə çalmalıdır".
Həmin günlərdə İtaliyanın "Reppublika" qəzetinin müxbiri Entso Mauro ilə görüşüb Bakıda törədilən cinayətlər haqqında həqiqətləri o zamankı Roma Papası II İoann Pavelə çatdırdıq. Daha sonra, ilk günlərdə bir sıra rəsmi şəxslərin etirazına baxmayaraq, 20 Yanvar faciəsinin bütün qurbanlarının müqəddəs şəhid kimi tanınmasına və "şəhid" ifadəsinin qəbul edilməsinə nail olduq.
Bu gün o dövr hadisələrinin tarixi ardıcıllığını izləyən hər kəs Qafqaz Müsəlmanları İdarəsinin təmənnasız və fədakar fəaliyyətinin şahidi ola bilər. Qorbaçova ünvanladığım bəyanata gəlincə, bu mənim din xadimi olaraq Allah və Vətənim qarşısında mənəvi borcumdan irəli gəldi. Heç bir təhlükəyə baxmayaraq ədalət naminə xalqımızın haqq səsi qaldırıldı, mənfur qatil öz adı ilə çağırıldı, dünyanın iki böyük dövlətindən birinin üzdəniraq rəhbəri "əli xalqımızın qanına batmış cəllad" kimi damğalandı. O an bunun nə demək olduğunu təsəvvür etmək çətin deyil. Həmin anlarda xalqıma dəstək ola, onun yaralı qəlbinə məlhəm ola bildimsə, mənimsün bundan böyük dəyər ola bilməz. Düşünürəm ki, bu bəyanata tarixi qiyməti elə tarix özü və insanlarımız verə bilər.
- O dövrdə qanlı hadisələr davam edərkən, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, bu hadisələri qınadı və kəskin etiraz bildirdi. Ulu öndərin bu münasibəti Azərbaycanın ictimai-siyasi həyatında və olayların gələcək inkişafında hansı təsiri göstərdi?
- Bəli, o ağır günlərdə, apardığımız mücadilədə bizim mənəvi dəstəyə, yol göstərən rəhbərə, zülməti işıqlandıran bir insana böyük ehtiyacımız vardı. Həmin günlərdə Qafqaz Müsəlmanları İdarəsinin ünvanına daxil olan ilk başsağlığı teleqramı Moskvadan, Ulu Öndərimiz mərhum Heydər Əliyevdən gəldi. Qəlbi daim xalqın taleyi ilə döyünən bu böyük insan baş verənləri Azərbaycan xalqına qarşı törədilmiş cəza tədbirləri kimi dəyərləndirirdi. Moskvadakı Daimi nümayəndəliyimizdə həmvətənlərimiz qarşısında çıxışıyla sovet imperiya siyasətini kəskin tənqid edən, kommunist ideallarından və partiya biletindən imtina edən Heydər Əliyev xalqın həqiqi mənəvi atasının, əsl dövlət xadiminin və mübariz başçının dəyişməz ləyaqətini nümayiş etdirdi. Elə buna görə də, sonralar məhz onun hakimiyyətə yenidən qayıdışı dönəmində 20 Yanvar hadisələri siyasi qiymət alaraq SSRİ dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz aktı kimi qiymətləndirildi. Onadək ölkəyə rəhbərlik edənlərin buna siyasi savadı və iradəsi yetərli olmadı.
Bu bir həqiqətdir ki, 20 yanvar Azərbaycanı gözləyən bəlaların ilkin mərhələsi idi. O zaman xalqın haqq səsini, harayını dünyaya yaya bilməsəydik - Moskvadan Heydər Əliyev, Bakıdan isə biz təcavüzü ifşa edən bəyənatlarla çıxış etməsəydik, xalq birləşərək vətənə sədaqətini nümayiş etdirə bilməsəydi gələcəkdə Azərbaycan bəlalardan qurtula bilməyəcəkdi. Məhz bu birliyimiz sayəsində Azərbaycanın parçalanması ilə bağlı xain planların reallaşmasına imkan vermədik.
- 20 Yanvar hadisələrindən 22 il ötməsinə baxmayaraq, hələ də günahkarlar layiqli cəzalarını almayıblar. Sizcə, bu istiqamətdə hansı tədbirlər görülməlidir?
- Qafqaz Müsəlmanları İdarəsi qanlı hadisələrin ilk günündən çalışdı ki, Qarabağ münaqişəsinin davamı olan 20 yanvar faciəsini dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırsın, haqq işimizə dəstək qazansın, törədilən cinayət bəşəriyyətə qarşı yönəldilən amansız cəza tədbiri kimi qiymətləndirilsin.
Ulu öndərimiz Heydər Əliyevin sayəsində Azərbaycan dövləti tərəfindən hüquqi-siyasi qiymətini almış 20 yanvar faciəsinə, təəssüf ki, bu günə qədər beynəlxalq müstəvidə hüquqi qiymət verilməyib, cinayətkarlar məsuliyyətə cəlb olunmayıb və Azərbaycan xalqının cəlladları layiqli cəzalarını almayıblar. Azərbaycan xalqının tam mənəvi haqqı vardır ki, öz qatillərini - Mixail Qorbaçovu və onun əlaltılarını, o cümlədən, sapı özümüzdən olan baltaları məhkəməyə cəlb etsin. Əyani, ya qiyabi - fərq etməz, elə açıq məhkəmə qurulmalıdır ki, orada dəlil və sübutlar, sənədlər və canlı şahidlərin ifadələri, beynəlxalq qanunlar zəminində və ekspertlərin rəyi əsasında canilərin qəddarlığı, riyakarlığı, vəhşiliyi, əsl niyyətləri dünya ictimaiyyətinə tam şəkildə açılsın. Önəmli məqamlardan biri də o olmalıdır ki, bu cinayətə, çirkin əmələ bəraət qazandırmaq üçün guya Azərbaycanda "islam fundamentalizmi" bəhanəsi kimi əsassız ittihamların yürüdülməsi faktı ifşa olunsun.