PDF Oxu

Müsahibə

  • 231

“İran terroru dəstəkləyən, yardım göstərən bir dövlətdir”

“İran terroru dəstəkləyən, yardım göstərən bir dövlətdir”

- Bu gün rəsmi şəkildə açıqlandı ki, Azərbaycana qarşı həyata keçirilən haker hücumlarının əsas hissəsi İrandan daxil olub. Sizcə, İranın bu münasibəti nəyə hesablanıb və iki dövlət arasında münasibətlərə necə təsir göstərəcək?

- Azərbaycan müstəqilliyini elan etdiyi gündən İran bizə qarşı təxribat xarakterli bir mövqe sərgiləyr. Bu mövqe Azərbayacan torpaqlarının işğalı prosesində də özünü büruzə verir. Təsadüfi deyil ki, Ermənistanda keçirilən son prezident seçkillərində həm Ermənistanın indiki prezidenti, həm də prezidentliyə namizəd olan Levon Ter-Petrosyan İran-Ermənistan gömrük keçid məntəqəsini "həyat yolu" adlandırıblar. Bu faktın özü də sübut edir ki, Azərbaycan torpaqlarının işğalı prosesində İran Ermənistana birmənalı şəkildə dəstək verib. İndi də Tehran İrəvanı hərtərəfli dəstəkləyir. İqtisadi tərəfdən götürsək İran Ermənistana çəkiləcək neft və qaz kəməri layihəsini təsdiq etməklə, əlaqələri genişləndirməklə işğalçı dövlətin yanında olduğunu açıq şəkildə bəyan edir. Molla rejiminin bu addımları atmaqda təbii ki, müəyyən maraqları var. Bu maraqlar birinci növbədə ondan ibarətdir ki, İran heç vaxt öz sərhədləri yaxınlığında dünyəvi və özünün konkret milli hədəfləri olan Azərbaycan kimi bir dövlətin varlığını qəbul edə bilmir. Çünki Azərbaycanın seçdiyi inkişaf yolu İranın elan etdiyi saxta prinsiplərə ziddir. Bu baxımdan da İran hər zaman Azərbaycana qarşı təxribat xarakterli mövqe sərgiləyir. Eyni zamanda, Azərbaycanın seçdiyi dövlət modeli, inkişaf yolu İranda yaşayan türklər və digər xalqlar üçün bir model olduğundan fars- molla rejimini qane etmir. Belə olan təqdirdə İranın demokratikləşməsinə mane olan, insan hüquq və azadlıqlarının təmin olunmasını istəməyən, İranın dünyəvi dövlətə çevrilməsini qəti şəkildə rədd edən, arzulamayan bu rejim bir qayda olaraq öz qonşuluğunda inkişaf etməkdə olan Azərbaycan dövlətinə qarşı təxribat xarakterli addımlar atır.

İranın bu günlərdə həyata keçirdiyi kiberhücumu birinci dəfə deyil, bu günə qədər də İran tərəfindən Azərbaycana qarşı müxtəlif xarakterli belə hücumlar olub. Bunlar özünü ayrı-ayrı vaxtlarda göstərib, lakin belə lokal hücum ilk dəfə həyata keçirilib. Bu faktın özü İranın Azərbaycana bütün cəbhələrdə savaş açdığını, bir növ soyuq müharibə apardığını subuta yetirir. Bu fakt onu da sübuta yetirir ki, bizim xoş niyyətli addımlarımızın əvəzində fars-molla rejimi özünün bəd niyyətlərini, öz xarakterindən, islam adı altında əslində antislam mövqeyi sərgiləyən xüsusiyyətlərindən irəli gələn maraqlarını ifadə etməklə hər zaman təxribat xarakterli addımlar atacaq.

- Bu addımların qarşısını almaq üçün Azərbaycan tərəfi hansı işlər görməlidir?

- Bu baxımdan İranın atdığı addımlar Azərbaycan üçün təhdiddir, hədədir. İranın Xəzərin hüquqi statusu ilə bağlı sərgilədiyi mövqe də faktiki olaraq Azərbaycana ərazi iddiası deməkdir. Baxmayaraq ki, Sovet İttifaqı ilə İran arasında vaxtilə imzalanmış sənədlərə, müqavilələrə uyğun olaraq Xəzərin hüquqi statusu müəyyənləşib və Astara-Həsənqulu (Türkmənistan) xətti İranın xəzəryanı ölkələrlə su sərhədini rəsmiləşdirib. Buna baxmayaraq, İran yenə də beynəlxalq müqavilədə qeyd olunandan da daha artıq pay istəyir, faktiki olaraq Azərbaycana qarşı ərazi iddiası irəli sürür. İran terroru dəstəkləyən, yardım göstərən, öz qonşularına, bütövlükdə İslam dünyasına qarşı təxribat xarakterli mövqe tutuan, parçalayıcı, dağıdıcı, missiyası yalnız təxribat yaratmaqdan ibarət olan bir dövlətdir. Nə qədər ki, bu rejim özünəxas siyasətini sürdürəcək, bu, təkcə İranın qonşuları üçün deyil, həmçinin İranın daxilində yaşayan xalqlar üçün təhlükə yaradacaq. Azərbaycan bu təhlükədən qorunmaq üçün ilk növbədə öz müttəfiqlərinə müraciət etməlidir. Azərbaycan hava hücumundan müdafiə sistemlərinin yeniləşdirilməsi və qurulması, özünün enerji ehtiyatlarının, transmilli layihələrinin, neft və qaz kəmərlərinin qorunması istiqamətində ciddi addımlar atılmalıdır. Eyni zamanda, vətəndaşlarının təhlükəsizliyini daha effektiv qorumaq üçün tədbirlər planı işləyib həyata keçirməlidir. Azərbaycan artıq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Bu da ölkəmizə şans verir ki, BMT Təhlükəsizlik Şurası çərçivəsində daha aktiv şəkildə İranın Azərbaycana qarşı törətdiyi təhlükələr barəsində həyəcan siqnalı çalsın. Bütün dünyanın tərəqqipərvər qüvvələrini İranın cinayətkar mahiyyətinə xüsusi diqqət yetirməyə çağırıram.

Digər xəbərlər