PDF Oxu

Müsahibə

  • 112

2012-ci ilin Azərbaycanda “İdman ili” elan olunması çox əlamətdar hadisədir

2012-ci ilin Azərbaycanda “İdman ili” elan olunması çox əlamətdar hadisədir

- İsmayıl müəllim, necə hesab edirsiniz, başa vurduğumuz 2011-ci il ölkəmizdə idman sahəsi ilə bağlı hansı uğurlarla yadda qalmışdır?

- 2011-ci il Azərbaycan dövləti üçün bütün sahələr üzrə uğurlu il oldu. Bu mənada 2011-ci il idman sahəsində də əlamətdar il kimi yadda qaldı. Nəzərinizə çatdırım ki, ötən il ölkəmizdə 40-dan artıq dünya, Avropa və bu cür böyükmiqyaslı yarışlar keçirildi. Beynəlxalq səviyyəli yarışların ölkəmizdə baş tutması üçün ciddi rəqabət aparılır, çünki bir sıra dövlətlər bu yarışlara ev sahibliyi etmək istəyirlər. Sevindirici haldır ki, artıq ali, mötəbər idman tədbirləri ölkəmizdə keçirilir və bu da Azərbaycanın idman sahəsindəki uğurlarının, dövlətin idman sahəsinə qayğısının nəticəsidir. Azərbaycanda idmanın inkişafı ilə bağlı siyasətin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün dövlətimiz, şəxsən ölkə Prezidenti tərəfindən idman sahəsinə böyük diqqət və qayğı var. Digər tərəfdən, bu tədbirlərin Azərbaycanda keçirilməsi üçün ölkəmizdə təşkilati baxımdan da yüksək şərait, imkan var. Bunu dünya idman təşkilatları təsdiqləyir və bu səbəbdən də bu yarışlar reallaşır.

Bu yaxınlarda Fransada keçirilən dünya çempionatında oldum və şahidi oldum ki, biz belə yarışlara daha yüksək səviyyədə ev sahibliyi edirik. Hətta ən kiçik yarışlar belə dünya standartları səviyyəsində təşkil olunur. Bizim idman federasiya rəhbərlərimiz, idmançılarımız da öz səy, bacarıqlarını səfərbər edərək dövlətimizin etimadını doğrultmağa çalışırlar. Bu gün Azərbaycan idmançıları dünyanın ən öndə gedən idman ölkələrinin nümayəndələri ilə mübarizələrdən qalib çıxır. İdman sahəsi o zaman inkişaf edir ki, orada rəqabət olsun. Digər tərəfdən, məşqçilərimizin belə tədbirlərdə iştirakı onların təcrübəsini artırır. Bəzən bizə irad tuturlar ki, xarici ölkələrdən idmançı və ya məşqçi dəvət olunur. Amma mən buna müsbət hal kimi baxıram. Bu gün bir sıra ölkələr dövlətimizin idman sahəsinə qoyduğu yatırımlara, dəstəyinə həsəd aparırlar. Bu isə ölkəmizdə idmanın kütləviliyinin artmasına, gəncliyin sağlam gələcəyinin inkişafına kömək edir. Bütün bunlara görə isə biz dövlətimizə minnətdar olmalıyıq. Müqayisə üçün deyim ki, əgər 2009-cu ildə bizim idmançılarımız iştirak etdiyi beynəlxalq yarışlarda, qeyri-olimpiya və olimpiya növlərində 550 medal qazanmışdılarsa, 2010-cu ildə bu rəqəm 675 medal olub. 2011-ci ildə isə müxtəlif yarışlarda 705 medal qazanmışıq. Ölkəmizdə idmana qayğı, digər tərəfdən, dünya arenasında ölkəmizin nüfuzunun artmasında, tanınmasında çox böyük əhəmiyyəti var. Bu hadisə müxtəlif ölkələrdə 705 dəfə Azərbaycan bayrağının zirvələrə qalxması, himninin səslənməsi deməkdir. Digər tərəfdən, ölkəmizdə keçirilən yarışlarda xarici ölkələrin nümayəndələrinin iştirak etməsi Azərbaycan haqqında təsəvvürlərin formalaşmasında mühüm rol oynayır. Bu isə ölkəmizin tanınmasında böyük əhəmiyyət daşıyır. Məsələn, bir idmançımızın olimpiya çempionu olması dövlətimizin adının bütün dünyaya tanınması deməkdir. Yeniyetmələrin Sinqapur Olimpiadasında biz böyük nailiyyətlər əldə etdik və orada iştirak edən idmançılar müstəqillik dövrünün yeniyetmələri idilər. Bu çox şərəfvericidir. 204 ölkə arasında Azərbaycanın 11-ci yerdə olması böyük fəxr idi. Müstəqil Azərbaycanımızın idmanındakı uğurları göz önündədir. Hər il ölkəmizdə keçirilən yarışlar, nüfuzlu idman toplantılarının baş tutması müsbət mənada bir sıra mətləblərdən xəbər verir. 2011-ci ildə ölkəmizdə MDB və Baltikyanı ölkələrin olimpiya komitələrinin və məsul işçilərinin böyük bir toplantısı təşkil olunmuşdu. Həmçinin, MDB ölkələrinin idman şuralarının toplantısı da Bakı şəhərində keçirildi. Yəni, artıq idman sahəsində beynəlxalq əlaqələrimiz də günü-gündən inkişaf edir, artır.

- Məlum olduğu kimi Azərbaycan Prezidenti cənab İlham Əliyev 2012-ci ilin ölkəmizdə "İdman ili" elan olunması haqqında Sərəncam imzalayıb. Bu Sərəncam Gənclər və İdman Nazirliyinin, eləcə də bütövlükdə idman ictimaiyyətinin üzərinə hansı vəzifələr qoyur?

- 2012-ci ilin ölkə Priezidenti tərəfindən "İdman ili" elan olunması çox sevindirici bir haldır. Açığı bu hadisə bizim üçün gözlənilməz oldu. Bütün idmançılarımız üçün bu hadisə çox əlamətdardır. Bu amil həm də uğurlarımızın üzərinə yeni uğurun əlavə olunmasına stimul verir. Xüsusilə, 2012-ci ilin "İdman ili" elan olunması dövlət başçısının idmana verdiyi qiymətin, göstərdiyi diqqətin nümunəsidir. Və bütün idmançılarımız da çalışmalıdırlar ki, dövlətimizin etimadını doğrultsunlar. Bundan başqa, bu hadisə həm də bizim üzərimizə əlavə bir məsuliyyət qoyur. Bilirsiniz ki, qarşıdan London Olimpiya Oyunları gəlir. Mən arzu edirəm ki, idmançılarımız dövlət başçımızın bu etimadını həmin yarışda yüksək nəticələr, medallarlar qazanmaqla doğrultsunlar.

Nazirliyimiz tərəfindən 2012-ci ilin "İdman ili" elan olunması ilə bağlı böyük bir tədbirlər planı hazırlanır. Həmin tədbirlər planında idmanın inkişafı ilə bağlı tədbirlərin sayının artırılması, keyfiyyət baxımından daha da yüksək nəticələrin əldə edilməsi nəzərdə tutulur. Artıq ölkəmizdə fəaliyyət göstərən bütün idman cəmiyyətləri, klubları, idman idarələrinə, federasiyalara məktublar ünvanlanıb. Həmin məktublarda hörmətli Prezidentimizin 2012-ci ili "İdman ili" elan etməsi ilə bağlı rəy və təkliflərini təqdim etmələri xahiş olunur. Ümumiyyətlə, tədbirlər planının daha dolğun və yüksək formada olması üçün rəy və təkliflər nəzərə alınacaq. Fikrimcə, bu plan elə olmalıdır ki, ölkə Prezidentinin etimadını doğrulda bilək.

Burada idman ictimaiyyətinin üzərinə qoyulan vəzifə isə məsuliyyətdən ibarətdir. Təbii ki, idman ictimaiyyətində hər zaman məsuliyyət olub, sadəcə bu dəfə daha yüksək səviyyədə bu məsələyə yanaşılmalıdır. Əgər bizə bu səviyyədə etimad göstərilibsə, bu məsuliyyət doğruldulmalıdır.

- Bildiyimiz kimi ölkəmizdə bir sıra nüfuzlu beynəlxalq idman yarışları keçirilməkdədir. Azərbaycanda idmanın inkişafına göstərilən diqqət, sizcə, beynəlxalq müstəvidə necə dəyərləndirilir?

- Bilirsiniz ki, Azərbaycan 2016-cı ildə Olimpiya oyunlarını keçirmək üçün namizədliyini irəli sürmüşdü. Bizim ölkədə bəziləri buna fərqli münasibət göstərirdilər və deyirdilər ki, kiçik dövlətik, bu cür mötəbər yarışı keçirməyə hazır deyilik və s. Onda da mən demişdim ki, Azərbaycanda bu yarışın keçirilməsi mümkündür. Çünki ölkədə xalq rəhbərlə bir olanda hər şeyə nail olmaq olar, yəni güc birlikdədir. Bu gün Azərbaycandakı uğurlar, keçirilən tədbirlərin sayı, təbii ki, Azərbaycanın idman sahəsində tanınmasına yol açıb. O zaman 7 ölkə namizəd kimi qalmışdı və Beynəlxalq Olimpiya Federasiyasının rəhbərliyi də başda olmaqla hamı Azərbaycanı digər ölkələrə rəqib kimi görürdü, qəbul edirdi. Bilirsiniz ki, Azərbaycan 2020-ci ildə Olimpiya oyunlarının keçirilməsinə namizədliyini irəli sürüb. Bu da onu göstərir ki, Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır. İnşaallah inanıram ki, buna da nail olacağıq.

Onu da qeyd edim ki, digər ölkələrdə bizim idmançılarımız çox böyük hörmətlə qarşılanırlar. Müstəqillik əldə etdiyimiz ilk illərdə idmançılarımız yarışlarda iştirak etməyə çətinlik çəkirdilər. Amma indi bizim idmançılar ən yüksək səviyyəli şəraitlə təchiz olunurlar və ən güclü rəqiblər kimi xarakterizə edilirlər. Dünya idman federasiyalarının rəhbərləri də idmançılarımıza çox böyük hörmətlə yanaşırlar. Təbii ki, bu da ölkəmizin idman sahəsindəki uğurları ilə bağlıdır və Azərbaycan haqqında fikirlərin yüksək səviyyədə olmasına yol açır.

- Bu il London Yay Olimpiya Oyunları keçiriləcək. Azərbaycanın dünyanın ən nüfuzlu bu idman yarışı ilə bağlı hədəfləri nədən ibarətdir?

- İdman ilk növbədə qarşılıqlı mübarizədir. Bu mübarizədə güclü qalib gəlir. Hər bir iştirakçı ölkə də Olimpiya yarışlarında medal əldə etmək uğrunda mübarizə aparır. Bu ölkələrdən biri də Azərbaycandır. Bu gün ölkəmizdə idmançıların hazırlanmasına dövlət səviyyəsində yüksək təminat var. Xarici ölkələrdə idmançılarımıza təlim məşq toplanışları keçiririk. Hətta əcnəbi idmançılar da bizim təlim məşq toplanışlarında iştirak etmək arzularını bildirirlər. Bu da onu göstərir ki, idmançılarımızın hazırlıq səviyyəsi yüksəkdir. Mən deyərdim ki, idmanda hər şey ola bilər. Bəzən proqnozlar düz çıxmır. Burada idmançı şansı məsələsi də var. Amma idmançılarımızın keyfiyyət baxımından hazırlığı yüksəkdir. Bu isə onu düşünməyə əsas verir ki, idmançılarımız qarşıdakı olimpiya oyunlarında ciddi uğurlar qazanmalıdırlar. Onlara göstərilən qayğı, yaradılan şərait bunu deməyə əsas verir. Əsas odur ki, idmançılarımız yaxşı məşq etməlidirlər. 8 il bundan öncə bir idman növündən bir idmançı vardı. İkinci idmançı yox idi ki, zədə ucbatından və ya hansısa səbəbdən o yarışa gedə bilməyəndə onu əvəz etsin. Amma bu gün yeniyetmələrin Türkiyədə keçirilən beynəlxalq turnirində bir çəkidə 5 idmançımız vardı. Hər birinin hazırlığı da yüksək səviyyədə idi. Biz onlardan hansını yarışa aparacağımızı müəyyənləşdirə bilmirdik. Amma müəyyən addımlardan, sonra həmin idmançıları bu yarışa apardıq. Nəticə isə belə oldu ki, burada beşinci yerə çıxan idmançımız Türkiyədə qızıl medal qazandı. Yəni, bu gün bütün idmançılarımızın hazırlıq səviyyəsi yüksəkdir. Burada professional məşqçilərin də böyük əməyi var ki, o idmançılar hazırlanıb.

- İsmayıl müəllim, qarşıdakı dövrlərdə Azərbaycanda idman infrastrukturunun yaradılması ilə əlaqədar nə kimi işlərin görülməsi nəzərdə tutulur?

- Qeyd etdiyim kimi bu gün böyük inkişaf yolunda olan Azərbaycan idmanının inkişafının əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Ölkəmizdə indiyə qədər 33 olimpiya kompleksi istifadəyə verilib. Bütövlükdə, regionlarda idman infrastrukturlarının sayı da artır. Sonuncu dəfə Sumqayıtda Olimpiya İdman Kompleksinin açılışı oldu və ölkə Prezidenti bu obyektin açılışında iştirak etdi. Bu fakt onu göstərir ki, bölgələrimizdə idmançıların inkişafı ilə bağlı şərait yaradılır. Bundan başqa, biz bölgələrdə mötəbər yarışların keçirilməsini təşkil edirik. Dövlətimiz tərəfindən idman sahəsinin maddi-texniki bazası möhkəmləndirilib. Hazırda yeniyetmələr idmanın müxtəlif sahələri üzrə olimpiya komplekslərində məşq edirlər.

Əsas hədəfimiz odur ki, bütün bölgələrdə idman olimpiya kompleksləri olsun. Fəaliyyət göstərən idman kompleksləri bütün idman sahələrini, olimpiya idman növlərini özündə birləşdirir. Bundan başqa, orada digər insanların da öz sağlamlıqları ilə məşğul olmaları üçün şəraitlər var. Bir sıra zallar fəaliyyət göstərir ki, min nəfər tamaşaçı tutur və orada beynəlxalq yarışlar keçirmək olar. Yəni olimpiya komplekslərində ən yüksək təchizat mövcuddur. Eləcə də, regionlarda ümumtəhsil məktəblərində idman zallarının inşa etdirilməsi nəzərdə tutulur. Bu işə artıq başlanılıb. Şagirdlərin orada həm idman dərslərini keçməsi üçün, həm də idman növləri ilə məşğul olması üçün lazımi addımlar atılır.

Eyni zamanda, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası fəaliyyət göstərir ki, hər il bu ali təhsil ocağını 750-dən artıq məşqçi-müəllim bitirir. Bundan əlavə, yerlərdə gənclərin idmanla bağlı asudə vaxtlarını keçirmələri üçün şərait yaradılıb. Bu isə onların zərərli vərdişlərdən uzaqlaşmasına, sağlamlıqları ilə bağlı fəaliyyət göstərmələrinə şərait yaradır. Digər tərəfdən, bu profilaktik bir tədbirdir. Bizim hədəfimiz odur ki, regionlarda idman olimpiya komplekslərinin inşası davam etdirilsin və bu iş gedir. Bir sözlə, bu gün ölkəmizdə idman infrastrukturunun yaradılması və inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə nüfuzlu idman ölkəsi kimi tanınması üçün bütün mümkün işlər görülür.

Digər xəbərlər