PDF Oxu

Müsahibə

  • 458

“Münhen Təhlükəsizlik Konfransında iştirak ilk növbədə Azərbaycanın yüksək nüfuzunun təsdiqidir”

“Münhen Təhlükəsizlik Konfransında iştirak ilk növbədə Azərbaycanın yüksək nüfuzunun təsdiqidir”

- Aydın müəllim, Almaniyada Münhen Təhlükəsizlik Konfransı keçirilib. Sayca 48-ci dəfə təşkil edilən konfransda 80 ölkədən 10 dövlət başçısı, 40 nazir, Avropa Birliyinin 4 komissarı və 200 müşahidəçi iştirak edib. Ölkəmiz də bu konfransda təmsil olunub. Bu tədbirin Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

- Son dövrlərdə Avropada qeyri-formal şəkildə keçirilən tədbirlərin həm siyasi, həm də iqtisadi əhəmiyyəti artmaqdadır. Bir müddət əvvəl İsveçrənin Davos şəhərində beynəlxalq iqtisadi forum keçirildi. Azərbaycan prezidenti böyük nümayəndə heyəti ilə orada iştirak etdi. Daha sonra Münhendə təşkil olunan mötəbər tədbirə qatıldı. Konfransda adından göründüyü kimi Avropanın təhlükəsizliyinin təmin edilməsi məsələlərinə toxunub. İlk dəfə 1964-cü ildən keçirilən konfransda yalnız hərbi təhlükəsizlik müzakirələri gedirdisə, ildən-ilə bunun mahiyyəti artır, yeni çalarlar əlavə edilir. Son dövrdə isə burada enerji təhlükəsizliyi və ekoloji tarazlığın qorunub saxlanılması məsələləri önə çəkilir. Ənənəvi iştirakçılar və mövzular var. Azərbaycan son illərdə həmin tədbirlərdə müntəzəm və aktiv olaraq iştirak edir. Bu tədbirdə iştirak etmək könüllüdür, istənilən ölkənin özünün tanıtması baxımından, beynəlxalq birlikdə özünün layiqli yerini tutması üçün çox gözəl bir fürsətdir. Konfransda Azərbaycan prezidentinin iştirakı böyük maraq doğurdu. Avropanın bir çox aparıcı mətbuat vasitələri prezidentimizin səfəri və çıxışı barədə geniş məlumatlar verdilər. Konfrans çərçivəsində prezident İlham Əliyev bir çox vacib görüşlər keçirdi, onlardan biri də ABŞ dövlət katibi Hillari Klinton ilə görüş və onunla Dağlıq Qarabağ məsələsi ətrafında fikir mübadiləsi olub.

Bu konfransda iştirak ilk növbədə Azərbaycanın yüksək nüfuzunun təsdiqidir, ölkənin iqtisadi potensialının bu gün Avropanın iqtisadi potensialına üzvi surətdə birləşdirilməsi və Azərbaycanın Avropanın ayrılmaz tərkib hissəsi kimi qəbul edilməsidir. Eyni zamanda Azərbaycanın artan siyasi nüfuzu deməkdir.

- Prezident İlham Əliyevin bu konfransdakı çıxışında Azərbaycanın enerji sahəsindəki uğurlarını, əldə olunan iqtisadi nailiyyətlərini qeyd etməsini hansı formada təhlil edə bilərsiniz?

- Cənab Prezidentin çıxışı çox böyük maraqla qarşılandı. Suallara cavablar verildi. Qeyd edim ki, prezidentimizin çıxışı enerji təhlükəsizliyindən daha çox bu gün dünyanın iqtisadi və ekoloji problemlərinə həsr edilmişdi. Bir Azərbaycan nümunəsində bu gün Avropada gedən iqtisadi proseslər çox düzgün təhlil edildi. Bunun özü göstərir ki, Azərbaycanda gedən iqtisadi islahatlar, artan iqtisadi qüdrət Avropa tələblərinə cavab verməkdədir. Prezident bildirdi ki, Azərbaycan enerji ehtiyatları ilə özünün enerji təhlükəsizliyini təmin edə bilər. Ancaq bu gün Azərbaycan yeni rolda, Avropanın enerji təhlükəsizliyini təmin edən bir siyasi oyunçu qismində çıxış edir. Prezident İlham Əliyev bildirdi ki, onun şaxələnmiş enerji resurslarının nəqli sistemi var və bu sistemi daha da təkmilləşdirmək, Avropanın ürəyinə gətirib çıxarmaq lazımdır. Maraqlı bir ideya ortalığa atıldı. Avropa analitikləri bundan sonra bu fikri çox geniş şərh etməyə başlayacaqlar. Dövlət başçısı bildirdi ki, bir mənbədən olan resursların Avropaya çatdırılmasını şaxələndirmək yox, çox mənbədən olan resursların şaxələndirilməsinə daha çox fikir vermək lazımdır. Çünki bir mənbədən olduqda Avropa hansısa məqamda ancaq bir istehsalçıdan asılı olur. Hər hansı bir böhranda Avropa özü çox ciddi bir problemə üzləşə bilər. Azərbaycan öz variantını təklif etdi. Əlbəttə, bu qəbul olunan variantlardan biri idi. Birinci məsələ, Azərbaycan burada tranzit ölkələrin maraqlarından danışdı. Yəni söhbət təkcə Azərbaycanın iqtisadi gəlir əldə etməsindən, bazara çıxmasında ibarət deyil, Azərbaycan neftinin, qazının Avropa bazarına çıxması ilə eyni zamanda onu nəql edən ölkələrin infrastrukturunun inkişafına çox ciddi təsir etmiş olur. İkinci məsələ, Azərbaycan bu gün Avropaya tək neft deyil, həmçinin qaz ixrac edir. Üçüncü və vacib məsələ ondan ibarətdir ki, Azərbaycan gələcəkdə Mərkəzi və Cənubi Asiyadan olan neft-qaz resurslarının Azərbaycan şəbəkəsi vasitəsilə Avropaya çatdırılmasında çox ciddi bir həlqə rolunu oynaya bilər. Cənab prezident həmçinin, Azərbaycanın ekoloji məsələlərə çox diqqət etməsini önə çəkdi. Bildirdi ki, bir vaxtlar ekoloji məsələ nəinki Azərbaycan, heç dünya üçün də o qədər aktual deyildi. Amma bu gün Azərbaycan həyata keçirdiyi bütün iqtisadi layihələrdə ekoloji məsələlərə çox diqqət yetirir. Bunun üçün hər hansı bir statistikaya baxmağa ehtiyac yoxdur. Bakı ətrafında son dövrlərdə aparılan layihələrə diqqət yetirmək kifayətdir. "Təmiz şəhər" layihəsi və bunun əsasında məişət tullantılarının təkrar xammal kimi yenidən istifadəsi üçün zavodun tikintisi, atılmış neft yataqları ərazisinin bərpa edilməsi, bağlanan neft müqavilələrində ekoloji məsələlərin önə çəkilməsi və bütün bunlar hamısı Azərbaycanın Avropaya, eyni zamanda bugünkü enerji təhlükəsizliyinə, ekoloji tarazlığın qorunmasına verdiyi böyük töhfədir.

- Təsdiq olunmuş informasiyaya görə, Almaniyadan olan erməni əsilli bir jurnalistin sifariş əsasında Azərbaycanı Misirlə müqayisə etməsi nədən qaynaqlanır?

- İlk növbədə qeyd edək ki, Azərbaycanın uğurları göz qabağındadır. Ölkəmiz bu gün arzuolunan tərəfdaşdır. Azərbaycan bu gün Avropanın Şərqdə uğurlu layihəsidir. Bu, bizim dostlarımızı sevindirir, amma dostlarla yanaşı bizi istəməyənlər də var. Azərbaycanı qara rəngdə vermək istəyən, uğurlarına kölgə salmağa cəhd edən qüvvələr var. Bunlar istənilən halda Azərbaycanı ancaq problemləri olan ölkə ilə və yaxud da son dövrlərdə inqilablar baş verən ölkələrlə müqayisə etməyə çalışırlar. Bu baxımdan verilən sual əlbəttə ki, Azərbaycan prezidentinin çox uğurlu çıxışına bir kölgə salmaqdan, Avropanın Azərbaycana münasibətini dəyişmək istəyindən irəli gəlir. Amma buna nail ola bilmədi. Cənab Prezident çox tutarlı faktlarla cavab verdi. Bildirdi ki, Azərbaycan bu gün bütün sahələrdə irəliləyişləri olan bir ölkədir. Ölkədə büdcə, orta əmək haqqı artır, insanların sosial problemləri həll olunur. Azərbaycanda bu gün demokratiya, azad seçki var. Parlamentdə 10 siyasi partiyanın nümayəndəsi təmsil olunur. Demokratiyadan, iqtisadi-sosial inkişafdan uzaq inqilab baş vermiş ərəb ölkələri ilə Azərbaycanı müqayisə etmək qətiyyən mümkün deyil

Digər xəbərlər