- Vahid müəllim, dövlət başçısı tərəfindən imzalanmış "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın həyata keçirilməsi və icrasında hansı zərurətlər mövcuddur?
- Prezident İlham Əliyevin 8 illik fəaliyyəti dövründə ölkədə demokratik, mülki cəmiyyətin qurulması, insan hüquq və azadlıqlarının təmin edilməsi, müdafiəsi sahəsində yetərli qədər səmərəli tədbirlər həyata keçirilib, əhəmiyyətli addımlar atılıb. Bu addımlardan biri də məhz cənab Prezident tərəfindən imzalanmış "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" adlı sənədi göstərmək mümükündür. Bilavasitə, demokratik, mülki vətəndaş cəmiyyətinin qurulması, insan hüquq və azadlıqlarının təmini kimi halların ölkədə tam bərqərar olması üçün belə bir Proqramın işlənilib hazırlanmasına ehtiyac duyulurdu. Qeyd etmək istərdim ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev cənablarının rəhbərliyi altında bu istiqamətdə fəaliyyət göstərən komissiya yaradılıb və həmin komissiya artıq bu işlərlə ciddi məşğul olur. Eyni zamanda, insan hüquqlarının qorunması, vətəndaş cəmiyyətinin qurulması, iqtisadi sferada şəffaflığın artırılması, müəyyən tənzimləmə mexanizmlərinin, metodlarının həyata keçirilməsi ilə əlaqədar olaraq daha genişmiqyaslı işlərin görülməsi mühüm amillərdəndir. Bu çərçivədə, hesab edirəm ki, "Milli Fəaliyyət Proqramı" ilə yanaşı, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da çox mühüm və vacib tendensiyaları özündə birləşdirir. Xüsusilə, son illər ölkəmizdə demokratik seçki texnologiyalarının reallaşdırılması istiqamətində böyük, önəmli işlər aparılır. Çünki demokratik, mülki vətəndaş cəmiyyətinin qurulması əsasən seçkilərin demokratik keçirilməsilə birbaşa bağlıdır. Əgər seçkilər demokratik keçirilirsə, demokratik fikirli insanlar bu prosesdə - istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri olsun - özünü sınaya bilirsə, o cəmiyyətdə çox zaman problemlər də bir o qədər özünü göstərmir. Doğrudur, cəmiyyətdə müəyyən qədər fikir ayrılıqları olur, bununla yanaşı, həmin fikir ayrılıqları cəmiyyətin inkişafına mənfi təsir göstərmir, əksinə, onun müsbət istiqamətdə inkişafını müəyyən qədər irəliyə aparır. Yəni, həmin Proqramla bağlı işlər əsasən bundan başlamalıdır. Dünyada da elə bir ölkə yoxdur ki, orada seçkilər ideal olsun, ümumiyyətlə, bütün ölkələrdə seçkilərdə bu və ya digər dərəcədə problemlər özünü göstərir. Bu da, onunla bağlıdır ki, seçkilər elə-belə asan proses deyil, çox ağrılı bir prosesdir. Bununla belə, maksimum şəkildə çalışmaq lazımdır ki, seçkilər demokratik şəraitdə baş tutsun.
Bununla belə, "Milli Fəaliyyət Proqramı"nın həyata keçirilməsində cəmiyyətin bütün təbəqələri iştirak etməlidir. Əsas məqsəd də ondan ibarət olmalıdır ki, Azərbaycanın arxada qalan 20 illik müstəqillik dövrünü biz 20 il yox, 120 il etmək iqtidarına malik olaq. Ona görə belə bir Proqramın işlənilib ortaya qoyulmasına və həyata keçirilməsinə böyük ehtiyac var.
- Bəs iqtisadi cəhətdən nəzər saldıqda, Proqramın icrasına nədən başlanılmalıdır?
- İqtisadi cəhətə gəlincə, son illərin hadisələri də göstərdi ki, Azərbaycanda iqtisadi sahədə görülən nəhəng və davamlı işlər nəticəsində müəyyən irəliləyişlər var. Bu irəliləyişlər həm göstəricilərdə öz əksini tapıb, həm də cəmiyyətin məsələlərə yanaşmasında özünü büruzə verib. Hətta 2008-ci ildə ABŞ-da, onun ardınca isə Qərb ölkələrində başlanan, hələ də davam edən böhranın Azərbaycana bir o qədər də mənfi təsiri olmadı. Düzdür, Azərbaycanın özünün "təhlükəsizlik yastığı" mövcuddur, on milyardlarla ehtiyatı var, müəyyən problemlərlə, məsələlərlə bağlı isə həm Mərkəzi Bank, həm də hökumət tərəfindən müəyyən işlər görülür. Ölkə başçısı İlham Əliyevin iqtisadi sahədə apardığı siyasət tamamilə düzgün istiqamətləndirilmiş və xalq tərəfindən dəstəklənən, qəbul olunan bir siyasətdir. Bu uğurlu siyasətin nəticəsində də Azərbaycanda ciddi iqtisadi fəsadlar baş vermədi və bunun baş verməyəcəyi dünya iqtisadçıları tərəfindən də proqnozlaşdırılmışdı. Hətta dövlət başçısının göstərişinə əsasən, bu dövrdə manatın məzənnəsi qorunub saxlanıla bildi. Bütün dövlətlərdə milli valyutalar dəyərdən düşdüyü halda, Azərbaycan manatı öz stabilliyini qoruyub saxladı. Özünüz də görürsünüz ki, Böyük Britaniyada, İtaliyada, Yunanıstanda, İspaniyada, Almaniyada, Fransada və MDB ölkələrində hansı hadisələr baş verdi və bu gün də baş verməkdədir. Bu ölkələrdə dövlət büdcəsinin kəsiri artıq 70-80 faizə gəlib çatıb. ABŞ-ın özündə büdcə kəsiri hardasa 16 trilyon dollara yaxındır. Yəni, bu dövlətlər faktiki olaraq iqtisadi böhran vəziyyətindədirlər. Amma Azərbaycanda aparılan uğurlu siyasət nəticəsində bu, hiss olunmadı.
Bildiyiniz kimi, 2012-ci ilin dövlət büdcəsində Dövlət Neft Fondundan büdcəyə 10 milyard manata yaxın transfert nəzərdə tutulur. Bu, böyük məbləğdir. Əgər dövlət büdcəsi 17 milyard manata yaxındırsa, həmin rəqəm böyük rəqəmdir. Dövlət başçısı özü də bir neçə dəfə hökumətin iclasında və bütün çıxışlarında bildirib ki, qeyri-neft sektorunun inkişafına diqqəti artırmaq lazımdır. Qeyri-neft sektoru nədir? Bu, sənayedir, kənd təsərrüfatıdır, turizmdir və sair. Hesab edirəm ki, qeyri-neft sektorunun inkişafı üçün bu sahələrə daha ciddi diqqət yetirmək gərəkdir.
R.KAMALQIZI