PDF Oxu

Müsahibə

  • 3 644

“İranın Azərbaycanda casus, kəşfiyyat şəbəkəsi var”

“İranın Azərbaycanda casus, kəşfiyyat şəbəkəsi var”

- Əli müəllim, bilirsiniz ki, Azərbaycanda beynəlxalq "Avroviziya-2012" mahnı müsabiqəsi keçiriləcək. Ölkəmiz bu müsabiqəyə çox ciddi hazırlaşır. Lakin həm ermənilər tərəfindən, həm də müxalifət tərəfindən bu hazırlığa qarşı müxtəlif aksiyaların keçirilməsi nəzərdə tutulub. Bu haqda nə deyə bilərsiniz ?

- Bu "Avroviziya" beynəlxalq mahnı müsabiqəsi sıradan bir məsələ deyil. Dünyanın bir sıra ölkələri, xüsusilə də Avropanın əksər ölkələri Azərbaycana gələcək. Bu təkcə mahnı yarışması deyil, bütün dünya ölkələri Azərbaycanın tarixindən, iqtisadi-siyasi həyatından bir növ tanış olmaq imkanı qazanacaq. Qeyd etmək istərdim ki, ötənilki müsabiqədə bizim qalib gəlməyimiz tək iqtidarın, hakim partiyanın sevincinə səbəb olmadı, bütövlükdə millətin sevinci, qürurverici bir anı oldu. Bizim əzəli düşmənlərimiz olan ermənilər də heç vaxt Azərbaycanın uğurlarını, qazandığı nailiyyətləri qəbul etməyib və bundan sonra da düşmən münasibətlərini saxlayacaqlar. Hesab edirəm ki, müxalifətin də Azərbaycanda baş verən xırda məsələləri qabardaraq, şişirtməsi reallıqda öz əksini tapmayacaq. Mən bu məsələyə optimist olaraq yanaşıram. Bu gün Azərbaycan cəmiyyətinə qarşılıqlı etimad, anlaşma lazımdır. Bununla əlaqədar fikir mübadiləsi, dialoq aparmaq lazımdır. Ölkədə yaranmış hər hansı bir problemin məsuliyyətini tək hakimiyyət daşımır. Bunun məsuliyyətini həmçinin müxalifət daşıyır. Çünki müxalifət də bu cəmiyyətin bir kəsimidir. Hesab edirəm ki, həm iqtidar, həm müxalifət bu tədbirin yüksək səviyyədə təşkil olunmasına böyük səy göstərməlidir.

- Müsavat Partiyasının rəhbəri İsa Qəmbər həm Azadlıq radiosuna verdiyi müsahibəsində, həm də "Facebook" sosial şəbəkəsində Azərbaycan dövlətinin əleyhinə aksiyaların keçirmək niyyətində olduğunu bildirib. Siz hakimiyyətə qarşı aparılan təxribatları necə xarakterizə edərdiniz?

- Azərbaycan respublikasının Konstitusiyasında da, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalarda, eləcə də siyasi partiyalar haqqında qanunda da bir sıra azadlıqlar (sərbəst toplaşmaq) göstərilib. Biz Partiya olaraq ölkədə siyasi sistemin demokratik ənənələrlə dəyişilməsinin və hakimiyyətin qollarının leqitimləşməsinin tərəfdarı olmuşuq. Bunun üçün də seçki yolu mövcuddur. Qanla, qadağa ilə, çevrişlə, inqilabla kiminsə hakimiyyətə gəlməsi və hakimiyyətdən getməsi ümumilikdə Azərbaycan dövlətinin ziyanınadır. Buna misal olaraq, Ərəb ölkələrində gedən prosesləri göstərmək olar. Mən bir müxalifətçi, Azərbaycan vətəndaşı olaraq həmin ölkədə gedən proseslərin Azərbaycanda təkrarlanmasını istəməzdim. Bu cür dəyişiklik, inqilabi proseslər qan, qırğınlar, dağıntılar, faciələr tələb edir. Bu bizə lazım da deyil. Bizim kifayət qədər faciələrimiz, problemlərimiz (Xocalı, Dağlıq Qarabağ) var. Hesab edirəm ki, dəyişikliklər yalnız seçki yolu ilə və xalqın iradəsi nəticəsində həyata keçirilməlidir.

- İranın Azərbaycana nota verməsi məsələsinə münasibətinizi bilmək istərdik. Fikrinizcə, İran bu cür addımları kimə arxalanıb atır? Niyə bu dövlət Azərbaycana qarşı "qara piar" metodunu seçib?

- Ümumiyyətlə, İran İslam Respublikası Azərbaycanın müstəqilliyini qəbul etmir. Çünki İran dövləti yaxşı bilir ki, Şimali Azərbaycanın müstəqil dövlət kimi mövcud olması, Cənubda böyük rezonansa yol aça bilər. Onlar sözdə bizimlə qonşuluq siyasəti aparır, amma əslində bu belə deyil. İran dövləti bizim üçün əsl təhlükə mənbəyidir. İran açıq-aşkar şəkildə həm məmurlarımızı, həm də Azərbaycanı təhdid edir. Xatırladaq ki, dəfələrlə İran İslam Respublikasının yüksək rütbəli məmurları Azərbaycanı İranın tərkib hissəsi elan ediblər. Bu onu göstərir ki, bu gün İranın Azərbaycanda cəsus, kəşfiyyat şəbəkəsi var. Bununla belə İran tərəfindən Azərbaycanda xüsusi hazırlanmış, təlimatlandırılmış, təsir altında saxlanılan insanlar var. Biz İrana sıradan bir ölkə kimi baxmamalıyıq. Bir halda ki, İran dövləti terrorizmi dəstəkləyən ölkələrdən biri kimi beynəlxalq təşkilatların hesabatlarında adları hallanıb. Dövlət səviyyəsində müəyyən məsələlərin, münasibətlərin qorunub-saxlanılmasına ehtiyac var. Bununla belə qeyri-hökumət təşkilatları, siyasi partiyalar vasitəsilə İranın bu cür hərəkətlərinə cavab veriləcək addımlar atılmalıdır. İran ətrafında həlqə getdikcə daralmağa başlayıb. Bu ölkə nəinki Azərbaycana, beynəlxalq sülhə təhlükə törətməyə başlayıb. Məhz bu baxımdan Azərbaycan istər hakimiyyət səviyyəsində istərsə də dövlət olaraq öz strategiyasını müəyyən etməlidir. Belə ki, İranda hər hansı bir müharibə başalayarsa, Azərbaycan buna mütləq hazır olmalıdır.

Digər xəbərlər