- Fransa Konstitusiya Şurası qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsini ləğv etdi. Sonda bu nəticə olacaqdısa Fransanın yaratdığı bu xaos nəyə gərək idi? Yəni Fransa hansı niyyətlə belə bir addıma üz tutmuşdu?
-Qondarma "erməni soyqırımı" Fransa ilə yanaşı Avropanın da gündəmində olan məsələdir. Avropa bu məsələni türklərə qarşı hər zaman silah olaraq istifadə edib. Bu gün hamıya məlumdur ki, Türkiyə bölgədə böyük güc mərkəzinə çevrilib. Türkiyənin həm yaxın və orta şərqdə, həm də şimali Afrika ölkələrində getdikcə artan nüfuzu isə Fransa ilə yanaşı bir çox Avropa ölkələrini ciddi narahat edir. Məsələyə bu cür reallıqla baxdıqda deyə bilərik ki, bu plan Fransada idarəedici qüvvələrin cəhdləridir. Çünki məlumdur ki, bir vaxtlar yaxın və orta şərq Fransanın müstəmləkəçiliyində olub. İndi isə həmin bölgələrdə Türkiyənin nüfuzunun artması Fransa üçün xoşagələn deyil. Yəni Fransanın strateji maraqalarının qorunması naminə ortaya atılmış bu soyqırımı oyunu özünü doğrultmadı. Fransa Konstitusiya Şurası bu qanun layihəsini ləğv etsə belə, bir növ Türkiyənin bölgədəki nailiyyətlərini həzm edə bilmədiyini sübut etmiş oldu.
- Qeyd etdiniz ki, Fransa Türkiyənin bölgədə artan nüfuzunu həzm edə bilmir. İndi isə Sarkozi məsələ ilə bağlı yeni qanun layihəsi təklif edib. Bu cür addımlarla Sarkozi hansı nəticəyə nail olmaq istəyir və növbəti layihə ilə bağlı gözləntiləriniz nədir?
- Əslində, məsələlərə biraz dərindən diqqət yetirsək açıq formada görərik ki, bu Sarkozinin siyasəti deyil. Fransada əgər 500 min erməni yaşayırsa, 500 minə yaxın da türk yaşayır. Əgər Sarkozinin bu siyasəti prezident seçkilərində səs qazanma kampaniyası üçün atılmış addım olsaydı, o zaman ermənilər kimi türkün də səsini qazanmağa çalışardı. Ona görə də bu fikirlər Sarkozinin deyil, Avropanın güclənən Türkiyəyə qarşı yeritdiyi siyasətin nəticələridir. Lakin hamımıza məlumdur ki, bu addımın arxasında erməni diasporunu ələ keçirmək kimi böyük bir siyasət durur. Nə qədər acı da olsa biz etiraf etməliyik ki, erməni diasporu bu gün dünyada müəyyən söz sahibidir. Konstitusiya Məhkəməsinin öz iradını bildirməsi və qərarı ləğv etməsi o demək deyil ki, artıq bu istiqamətdə atılan addımların davamı gəlməyəcək. Yəni biz bir sıra Avropa ölkələrindən də bu cür təzyiqlər gözləməliyik. Türkiyənin gücü artdıqca narahat olan dövlətlər öz qısqanclıqlarını bu cür təzyiqlərlə ifadə edəcəklər. Ona görə də yaxın gələcəkdə də bu cür məsələlərin gündəmdə olması və ya yeni formalarda üzə çıxarılması gözləniləndir.