Xəbər verdiyimiz ki, paytaxtda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin rayon və şəhər təşkilatı sədrlərinin və fəallarının iki günlük ümumrespublika müşavirəsi keçirilib. Müşavirə çərçivəsində gənclər üçün müxtəlif istiqamətlərdə seminarlar və treninqlər təşkil olunub. Burada III qrup ideoloji seminara Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı rəhbərlik edib. Mübariz Qurbanlı ikigünlük seminar çərçivəsində müzakirə olunan mövzular və əldə olunan nəticələr barədə fikirlərini SİA-ya müsahibəsində bölüşüb.
- Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin nümayəndələri üçün ikigünlük seminarın təşkil edilməsində əsas məqsəd nə idi?
- Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin rayon və şəhər təşkilatı sədrlərinin və fəallarının iki günlük ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə qarşıya qoyulan vəzifələrə uyğun olaraq həm də YAP Gənclər Birliyinin rayon və şəhər təşkilatları sədrlərinin informasiya texnologiyaları üzrə biliklərinin təkmilləşdirilməsi istiqamətində seminar keçirilib. Bu seminarlar bütövlükdə sosial şəbəkələrdə fəaliyyətlə əlaqədardır. Seminarlar 3 istiqamətdə aparılıb ki, bunlara informasiya texnologiyaları ilə əlaqədar praktik məsələlər, nəzəri məsələlər və təbliğatla bağlı ideoloji məsələlər daxildir. Həmin seminarlarda Yeni Azərbaycan Partiyası olaraq gənclərə sosial şəbəkələrdə, internetdə çalışmaqla bağlı müxtəlif istiqamətlər verilib. Bəllidir ki, müasir dünyamızda internet, sosial şəbəkələr və burada gedən diskusiyalar çox böyük əhəmiyyət kəsb edib. Bizim də apardığımız bu söhbətlərdə məqsəd gənclərin sosial şəbəkələrdəki fəaliyyətini istiqamətləndirmək, onlara tövsiyələr vermək, fikir mübadiləsi aparmaq, həmçinin gəncləri maraqlandıran bu və ya digər məsələlər barədə müzakirələr etməkdir.
- Seminar çərçivəsində əsasən hansı məsələlər müzakirə olundu və gənclərə nə kimi tövsiyələr verildi?
- Bu gün erməni lobbisinin himayəsində olan dairələr, ermənilər və onlarla həmfikir olan dairələr internetdə sosial şəbəkələr vasitəsilə Azərbyacana, dövlətin həyata keçirdiyi siyasətə, milli inkişafımıza qarşı çirkin təbliğat aparırlar. Azərbaycanın imicinə xələl gətirən məlumatlar yayırlar. Ermənistanın Azərbaycana qarşı təcavüzü Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yalan məlumatlar dərc edirlər. Bu günlərdə Xocalı soyqırımının 20 illiyi qeyd edilib. İngilis, rus və digər xarici dillərdə yayımlanan internet saytlarına baxdıqda, burada ermənilərin nə qədər böyük yalan, dəqiq olmayan məlumatların dərc etdiyini gördük. Ona görə də gənclərə ilk növbədə istiqamət vermişik ki, Azərbaycan haqqında həqiqətlərin dünyaya çatdırılması, Ermənistanın və erməni dairələrinin təsirində olan bu və ya digər qrupların Azərbaycan əleyhinə yaydıqları məlumatların saxta, yalan olduğunu yaydıqları məlumatlarda, aparılan müzakirələrdə öz həmyaşıdlarına, xaricdə olan həmfikirlərini çatdırsınlar. İkincisi, Azərbaycanın sosial-iqtisadi inkişafı, ordu quruculuğu, dövlətin mövqeyinin dünya miqyasında möhkəmlənməsi haqqında məlumatları müvafiq saytlara yerləşdirsinlər. YAP gəncləri təbliğat məqsədilə artıq bir sıra saytlar yaradıblar. Eyni zamanda, fəal gənclər özləri həm Facebook, həm də Twitterdə müxtəlif məlumatları yaymaqdadırlar. Təbii ki, hər bir gənc fəaliyyət göstərir, bu və ya digər qruplarda çalışır. Lakin onların fəaliyyəti yayğın ola bilməz. Fəaliyyət vahid bir plan əsasında aparılmalı, hədəflər bəlli olmalıdır. Məlum olmaldır ki, biz hansı hədəflərə vurmalıyıq, hansı istiqamətdə işlər aparılmalıdır, yazışmalar, diskusiyalar zamanı həqiqətləri necə çatdırmalıyıq. Hədəfimiz bəllidir. Bizim hədəflərimizin əsas istiqamətləri Azərbaycanın mövqeyinin dünya miqyasında möhkəmləndirilməsi, prezidentimiz İlham Əliyevin fəaliyyətinin təşviq olunması, ümummilli lider Heydər Əliyev ideyalarının daha yüksək şəkildə çatdırılması, ölkənin uğurlarının çatdırılması, eyni zamanda bizə qarşı yönələn müxtəlif saytlarda, şəbəkələrdə məlumatları saf-çürük edərək bizə qarşı olanları əleyhinə fikirləri yaymaqdır.
- Hakim partiyanın gəncləri həm ölkə daxilində, həm də ölkə xaricində mühüm informasiyaların çatdırılmasında lazımli işlər görə bilirmi?
- Seminarlar çərçivəsində də Azərbaycanın daxili auditoriyası, ictimai rəyi ilə bağlı müxtəlif müzakirələr aparıldı. Azərbaycanın uğurları, görülən işlər, ölkəmizdə mövcud olan çətinliklər, problemlərin həlli yolları əsas müzakirə mövzuları oldu. Bu gün hakim partiyanın gəncləri "Böyük xalq dəstəyi" adlı adlı bloq yaradıblar və burada geniş müzakirələr aparılır. Həmin müzakirələr zamanı sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlər, müxtəlif regionlarda görülən işlər, ölkənin uğurları təbliğ olunur. Həmçinin, burada siyasi müzakirə müstəvisində Azərbaycanda bizimlə siyasi müstəvidə mübarizə aparan və cəmiyyətdə gedən prosesi istədiyi kimi yozmağa çalışan və yaxud ölkədə gedən hadisələri qara rəngdə göstərmək istəyən daxildə müxtəlif qruplar var. Bu müxalif qruplarda sosial şəbəkələrdə geniş diskusiyalarda iştirak edirlər. Həmin sosial qruplara tövsiyələr edirik ki, vətənpərvərlik və ümummilli maraqlar çərçivəsində çıxış etsinlər. Bu isə o deməkdir ki, biz ilk növbədə vahid düşmənimizə, bizə qarşı təcavüz edən Ermənistana öz gücümüzü göstərməliyik. Digər tərəfdən daxili siyasi mübarizə formalarını seçərkən onun milli maraqlara ziyan vurmamısa çalışmaq lazımdır. Bizim gənclər də bu istiqamətdə fəaliyyət göstərmək istəyir. Daxili, siyasi mübarizədə də biz daxildə olan və inkişafımıza dövlətin indi həyata keçirdiyi siyasətə xələl gətirən, ziyan vuran və bütövlükdə, cəmiyyəti çaşdırmağa cəhd göstərən qruplara qarşı iş aparırıq. Gənclərə də bu istiqamətdə tövsiyələr verərək, onları vahid bir istiqamətdə fəaliyyət göstərməyə dəvət edirik, maarifləndiririk.
- Son olaraq, iki günlük seminarların nəticəsi nələri göstərdi?
- Bütövlükdə, seminarların gedişi göstərdi ki, YAP-da internet şəbəkələrdə işləməyə qadir olan, işini yaxşı bilən gənclər var. Bu gənclər Azərbaycanın maraqlarını həm daxili, həm də xarici saytlarda qorumağa qadirdir. İndiki zamanda internetdə müxtəlif axtarış saytları, bloqlar var. Bu saytlar da daima diqqət mərkəzindədirlər. Axtarış saytlarında olan məlumatlar gənclər tərəfindən mütəmadi olaraq izlənilir. Çünki Azərbaycan tarixi, gerçək vəziyyəti ilə bağlı yalnız məlumatlar yerləşdirilə bilər. Onları zaman-zaman araşdıraraq yalnış məlumatlar olduqda, onları yerləşdirən saytlara müraciətlər edilir və onların dəyişdirilməsi tələb olunur. Bu bizim haqqımızdır. Bu işlər görülür və gələcəkdə də davam etdiriləcək. Bu işlərlə əlaqədar xarakterimiz mütəmadi xarakter daşıyır və daima aparılacaq. Bu seminarlarda iştirak edənlər tədbirləri regionlarda davam etdirəcəklər. YAP İcra katibliyi və Gənclər Birliyi bu layihələri zonalarda da davam etdirmək niyyətindədir. Hesab edirəm ki, bu cür seminarlar müasir dövrün tələblərinə və çağırışlarına uyğundur və hər zaman diqqət mərkəzində saxlanılacaq.