- Hacıbala müəllim, paytaxtda qanunsuz tikililər və sənədsiz evlərlə bağlı aparılan araşdırmaların nəticələri nə vaxt açıqlanacaq?
- Prezident İlham Əliyev Bakı şəhər İcra Hakimiyyətində olarkən əhaliyə müraciət etdi. Bundan sonra prezident tərəfindən tapşırıq verildi ki, bu günə qədər tikilmiş evlərin sənədləşdirilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti təkliflərini hazırlasın. Bu ilin sonuna kimi təftişlər başa çatacaq. Araşdırmalar zamanı 1910-cu, 1950-ci, 1975-ci və 2000-ci ildə tikilən evlərin sənədləri yoxlanılır və bunların hamısı sistemləşdirilir. Artıq işlərin yarısı başa çatıb. Digər yarısı da işlər qurtaran kimi Nazirlər Kabinetinə bütün təftiş edilən binaların sayı və həyətyanı sahələr təqdim olunacaq. Nazirlər Kabinetində bütün bunlar müzakirə olunaraq məsələ qaldırılacaq ki, həmin evlər sənədləşdirilsin.
- Bu vaxta kimi araşdırma zamanı nə qədər sənədsiz evlər aşkarlanıb?
- Onların sayı çoxdur, lap çoxdur. Elə kəndlər var ki, burada 1900-cu ildən də əvvəl binalar, yaşayış evləri tikilib, orada yaşayırlar, amma sənədləri yoxdur. Yəni, araşdırma apararkən məlum olub ki, belə evlərin sayı həddindən artıq çoxdur.
- Məktəbəqədər təhsil müəsssisələri Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətinə veriləndən sonra nələr dəyişdi? Bəzi bağçalarda yeyinti hallarının qarşısını almaq üçün hansı tədbirlər görülür?
- Prezidentin sərəncamı ilə bağça, uşaq və körpələr evininin hamısı Bakı şəhər İcra Hakimiyyətinin tabeçiliyinə verildi. Bundan sonra Bakı şəhər İcra Hakimiyyətinin qarşısına məqsəd kimi qoyuldu ki, bu bağçalarda vəziyyət tam kökündən dəyişilməli, yemək 100 faiz verilməlidir, tərbiyə alan uşaqlarımız sağlam böyüməlidir. Əmin ola bilərsiniz ki, bu günə qədər bağçalarda yemək problemi yoxdur. Bu bir faktdır. Hətta əvvəllər məktəbəqədər təhsil müəssisələrində 2 soyuducu var idisə, indi 4 soyuducu vermişik. Yəni yemək məhsulları istənilən qədərdir və onların saxlanması, təminatı ilə bağlı bütün lazımi işlər görülür. Təki o körpə uşaqlar həmin yeməyi yesinlər.
- Bağçaların istiliklə təminatı məsələsi necə, həll olunubmu?
- Bəli. Bu gün təmir etdiyimiz bağçaların hamısı 100 faiz istilik alır. Bununla bağlı gedib yoxlama apara bilərsiniz.
- Azərbaycanda "Eurovision" müsabiqəsinin keçirilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bakı şəhər icra hakimiyyətinin başçısı olaraq necə düşünürsünüz, Azərbaycan mahnı müsabiqəsinin keçirilməsinə tam hazırdırmı?
- Ölkədə "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi üçün bütün tədbirlər vaxtı-vaxtında görülür. Əmin ola bilərsiniz ki, Azərbaycanda "Eurovision"la bağlı keçiriləcək tədbir bu vaxta kimi dünyada keçirilən bütün tədbirlərdən daha yüksək səviyyədə təşkil olunacaq. Buna tam əmin ola bilərsiniz.
Könül Kamilqızı