- Azər müəllim, bu yaxınlarda Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirildi. Ümumilikdə, bu proqramların bölgələrin inkişafı prosesində əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- Son dövrlərdə əldə olunan iqtisadi-sosial inkişafı əks etdirən rəqəmlər 20 illik müstəqillik tarixi olan bir dövlət üçün olduqca mühüm göstəricilərdir. Ən əsası isə regionların sosial-iqtisadi inkişafı ilə bağlı atılan addımlar, regionların əsaslı inkişafına nail olunması yönündə aparılan işlər, yeni infrastrukturların qurulması, yeni iş yerlərinin açılması Azərbaycan dövlətinin bu günki tablosunun əsas ştrixləridir. Bu mənada iki mərhələdə həyata keçirilən "Regionların sosial-iqtisadi inkişafı" Dövlət proqramları xüsusi əhəmiyyət kəsb edir.
Qeyd etmək yerinə düşər ki, fevralın 28-də regionlarin 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans ölkəmizin əldə etdiyi inkişaf yolunun əyani nümayişinə çevrildi. Möhtərəm Prezidentimiz İlham Əliyev bir daha vurğuladı ki, bu proqramın da əsas istiqaməti bölgələrin inkişafına yönəldilib.
Ümumilikdə, ötən dövr ölkəmizin inkişafı üçün uğurlu və xüsusi əhəmiyyətə malik olub. Təkcə 2011-ci ildə Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf edib və bu göstərici 10 faizdən çox olub. Ölkəmizdə sənayeləşmə yüksək inkişaf tempi əldə edib və möhtərəm dövlət başçımızın da qeyd etdiyi kimi bölgələrdə minlərlə yeni müəssisə yaradılıb. Valyuta ehtiyatlarımız 40 milyard dolları keçib. Ötən ildə ölkəmizdə səhiyyə ocaqlarının, məktəblərin tikintisi, təmiri davam etdirilib, 33 səhiyyə ocağı, 60-a yaxın məktəb tikilib və təmir edilib, 4 olimpiya idman kompleksi və bir sıra mədəniyyət ocaqları inşa edilib. Bu quruculuq işlərinin hər yerdə, o cümlədən bölgələrdə də görüldüyünü bildirən möhtərəm Prezidentimiz 2011-ci ildə 94 min yeni iş yerinin açıldığını, onlardan 73 mininin daimi iş yerləri olduğunu, 2003-cü ildən bu günə kimi isə 1 milyondan artıq yeni iş yerinin açıldığını, işsizliyin səviyyəsinin aşağı düşərək 5,4 faiz, yoxsulluq səviyyəsinin 7,6 faiz təşkil etdiyini vurğulayıb.
2011-ci ilin ən əsas özəlliyyi isə turizmin inkişafı ilə bağlı olub. Bu il ölkəmizdə "Turizm ili" elan edildi və il ərzində bu sahəyə böyük diqqət göstərildi. Turizm ili çərçivəsində ölkəmizdə ən yüksək səviyyədə turizm infrastrukturları yaradılıb ki, bunun içində Qusar rayonunda yerləşən Şahdağ Turizm Kompleksinin xüsüsi yeri var. Möhtərəm Prezidentimiz İlham Əliyev bu turizm obyektinin 2012-ci ildə istifadəyə veriləcəyini diqqətə çatdırıb: "Bu da dünya miqyasında nadir xizək kurortu olacaqdır. Mən hesab edirəm ki, dünyanın ən gözəl xizək mərkəzlərindən biri olacaqdır. Çünki dünyanın ən gözəl yerlərində olan müsbət təcrübəni biz ora gətiririk, tətbiq edirik."
- Regionların sosial-iqtisadi inkişafı daim ölkə Prezidentinin diqqətindədir. Bu diqqətin nümunəsi olaraq Prezident İlham Əliyev bu yaxınlarda Qusar rayonuna da səfər edib. Qusardan seçilmiş millət vəkili kimi bu səfərlə bağlı fikirlərinizi bilmək maraqlıdır. Dövlət başçısının bu səfəri ilə əlaqədar rayon ictimaiyyətinin təəssüratı necədir?
- Cənab İlham Əliyevin rayonumuza etdiyi səfər Qusar rayonunun əhalisi tərəfindən sevinclə qarşılanıb. Ümumiyyətlə, edilən səfərlər ölkə başçısının rayonumuza olan diqqət və qayğısının sübutudur.
Müasir Azərbaycanın inkişafı möhtərəm Prezidentimiz İlham Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Regionun lider dövləti olan ölkəmizin inkişaf konsepsiyası dövlət başçısının rəhbərliyi altında uğurla həyata keçirilir. Bu birmənalıdır ki, Prezident İlham Əliyev görülən işlərlə hər zaman şəxsən tanış olur və dəyərli məsləhətlərini, göstərişlərini verir. Bu mənada möhtərəm Prezidentimizin Qusara fevralın 16-da etdiyi səfər də tarixi xarakter daşıyır. Prezidentimizin səfəri hər zaman olduğu kimi yeni-yeni obyektlərin açılışı, o cümlədən, əhali ilə görüş baxımından böyük əhəmiyyətə malikdir. Hər zaman dövlətçiliyi sadiq, möhtərəm Prezidentimizin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyən Qusar əhalisi bu dəfə də dövlət başçısını olduqca yüksək sevgi və hərarətlə qarşıladı. Çünki ölkəmizdə gedən böyük inkişaf və quruculuq işindən Qusar rayonunun da payına düşüb. Məhz ölkə Prezidentimizin səfəri zamanı Qusar Rayon Mərkəzi Xəstəxanasının açılış mərasimi oldu. 170 çarpayılıq Qusar Rayon Mərkəzi Xəstəxanası bundan sonra əhalinin xidmətində dayanacaq, sağlamlığın keşiyində duracaq. Qeyd etmək lazımdır ki, bu xəstəxana ən son elmi-texniki yeniliklərə əsaslanan avadanlıqla təchiz olunub. Prezident İlham Əliyevin açılışını etdiyi bu möhtəşəm xəstəxana binası həm də dövlətimizin səhiyyə sahəsinin müasirləşdirilməsi istiqamətində gördüyü işlərin tərkib hissəsidir. Prezident İlham Əliyev Qusarda etdiyi tarixi çıxışında da bildirdi ki, hər bir layihəyə məhz xalqın və dövlətin birgə səyi nəticəsində təməl qoyulur, işlər sona çatdırılır.
Çox qısa zaman kəsiyində Qusarda gözəl Olimpiya İdman Kompleksi açılıb, 20-yə yaxın məktəb tikilib və təmir edilib. Bütün bunlar möhtərəm Prezidentimizin Qusar rayonuna diqqətinin və qayğısının təzahürüdür. Fevralın 16-da dövlət başçımızın səfəri çərçivəsində Qusarda Şahmat Mərkəzi də istifadəyə verildi. Bəli, 2012-ci ili "İdman ili" elan edən möhtərəm Prezidentimizin gələcək nəslin sağlam ruhda böyüyüb boya-başa çatması, ölkəmizin adının yüksəldilməsi üçün apardığı siyasi kursa uyğun olaraq Qusar rayonunda da gənclərin sağlam ruhda inkişafı üçün mühüm addımlar atılıb.
Qusara səfəri zamanı dövlət başçısı İlham Əliyev Umummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzin də açılışında iştirak edib. Mərkəzdə Ümummilli liderin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotoşəkillər və sənədlər saxlanılır. Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzində yerləşən internet mərkəzi ilə də tanış oldu. Mərkəzdə iclas zalı və elektron kitabxana, həmçinin 118 yerlik kinozal yaradılıb.
Bəli, göründüyü kimi Qusar rayonu da özünün inkişafının yeni mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi gələcək illərdə daha böyük inkişafın şahidi olacağıq.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında atılan addımlar, görülən işlər xalqımızın və dövlətimizin daha gözəl, təminatlı həyat sürməsinə şərait yaradır. İnanırıq ki, gələcək illərdə görüləcək işlər bu inkişafın daha yüksək səviyyədə təminatına yol açacaq, bu isə öz növbəsində dövlətimizin daha böyük coğrafiyada lider dövlət olmasına imkan yaradacaq. Əminik ki, 2012-ci il də dövlətimiz, xalqımız üçün uğurlu olacaq. Cari ildə də əhəmiyyətli hadisələr baş verəcək və Azərbaycan qarşısına qoyduğu hədəflərə çatacaq. Bunun üçün Azərbaycanın bütün imkanları var.
- Regionların sosial-iqtisadi inkişafının əhalinin sosial rifahının yüksəlməsindəki rolunu necə səciyyələndirərdiniz?
- Bu proses əhalinin sosial rifahının yüksəlməsində birbaşa rol oynayır. Bilirsiniz ki, bütün dünyada urbanizasiya prosesi gedir və dünya əhalisi şəhərlərə, şəhəryanı qəsəbələrə yerəşməyi üstün tuturlar. Bu məsələ Azərbaycan üçün də xasdır və ondan qaçmaq mümkün deyil. Ona görə də, regional əhəmiyyətli şəhərlərimizi inkişaf etdirmək Bakının yükünü azaltmaq baxımından çox əhəmiyyətlidir. Bu mənada bölgələrin inkişaf etməsi, yeni sənaye obyektlərinin qurulması, yeni infrastrukturun yaranması, xəstəxana, məktəblərin, ali məktəblərin açılması, sosial məsələlərin həlli təbii ki, uzaq dağ kəndindən gələn insanın paytaxtda yox, elə bölgələrdə məskunlaşmasına səbəb olacaq. Yəni regionların inkişafı birinci növbədə, urbanizasiya prosesinin sürətini azaltmaq, bütün regionlardan Bakıya axının qarşısını almaq baxımından çox əhəmiyyətlidir.
Qeyd etmək lazımdır ki, son illərdə ölkəmizdə xeyli sayda yeni iş yerləri açılıb. Bunun da çoxu daimi və yüksək maaşlı iş yerləridir. Digər tərəfdən, sosial infrastrukturun yaxşılaşdırılması, yəni qaz, işıq, su, kanalizasiya təchizatının olması insanların yaşayış səviyyəsinin keyfiyyətini yüksəldən amillər sırasındadır. Bu mənada iqtisadiyyatın inkişafı birbaşa əhalinin sosial rifah halının yüksəlməsini şərtləndirir. Bölgələrin inkişafı prosesi nəticə etibarilə Azərbaycan vətəndaşlarının sosial rifahını yüksəltməyə, onun həyat keyfiyyətini yüksəltməyə yönəlik işlərdir.
- Azər müəllim, parlamentin Regional məsələlər komitəsi bələdiyyələrin fəaliyyəti ilə bağlı bir sıra qanunlar hazırlayıb və bu qanunlar Milli Məclisdə qəbul edilib. Necə hesab edirsiniz, bələdiyyələrin ölkəmizin inkişafı prosesində rolunu qənaətbəxş saymaq olarmı?
- Bələdiyyə sağlam bir təşkilat olmalı, öz fəaliyyətini əhali ilə qarşılıqlı əlaqə müstəvisində qurmalı və bu prosesdə vətəndaşların iştirakının fəallığını təmin etməlidir. Vətəndaşlarımız da bələdiyələrin inkişafında maraqlı olmalıdır, onların inkişafına maddi və mənəvi dəstəklərini göstərməlidirlər. Əks halda, bələdiyyələrin inkişafından danışmaq olmaz. Çünki müəyyən vergilər, ödənişlər var ki, onlar vətəndaşlar tərəfindən verilir. Əgər vətəndaşlar bu vergiləri verməsə və qarşılığında da bələdiyyələrin maliyyə vəsaiti olmasa hansısa bir işin görülməsi problem olar. Fikrimcə, vətəndaşlar hər il öz bələdiyyələrinin hesabatlarını dinləməlidirlər. Bələdiyyələr də qanunvericiliyə uyğun olaraq hər 6 aydan bir öz seçiciləri qarşısında hesabat verməlidir. Bələdiyyələr də daim öz büdcəsini formalaşdırmalı, onu müzakirəyə çıxarmalı və prosesdə şəffaflıq təmin olunmalıdır.
Biz yerlərdə oluruq, vətəndaşlarla görüşürük, söhbətlər edirik. Deyə bilərəm ki, son illərdə Azərbaycan bələdiyyələri inkişaf yolundadır. Bələdiyyələr olduqca fəaldırlar. Bəzi bələdiyyələr hətta yol çəkiblər, parklar salıblar, körpülər bərpa etdiriblər, uşaq parkları yaradıblar. Bu fəaliyyəti görməmək olarmı? Bu tədbirlərin həyata keçirilməsində insanlar yaxından iştirak edirlər. Digər tərəfdən, bu gün minlərlə insan bələdiyyə büdcəsindən əmək haqqı alır. Bu da insanların iş yerləri ilə təmin olunmasında mühüm addımdır. Düzdür, bəzi bələdiyyələrin fəaliyyəti hələ də müasir tələblərə cavab vermir. Belə hallar olur və qanunvericiliyi pozan, öz fəaliyyətində nöqsana yol verən insanlar cəzalandırılırlar. Amma bələdiyyələrin fəaliyyətinə kölgə salmaq düzgün deyil, tənqid də sağlam olmalıdır. Azərbaycan bələdiyyələri ölkəmizin sosial-iqtsadi inkişafı prosesində yaxından iştirak edirlər. Bu gün bələdiyyələr digər strukturlarla, icra orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərməlidirlər. Bütün işlərdə əməkdaşlıq sağlam inkişafa daha da dəstək verir. Əgər icra strukturlarının bələdiyyələrlə qarşılıqlı əməkdaşlıq ruhunda aparılan fəaliyyəti ölkəmizə, vətəndaşlara xeyir verirsə, bunu yalnız alqışlamaq lazımdır.