- Elman müəllim, Ermənistan prezidenti Serj Sarkisyan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıdıqlarını etiraf edib. Prezidentin belə bir etirafı nədən qaynaqlanır?
- Serj Sarkisyanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmasını etiraf etməsi ondan qaynaqlanır ki, həmin etnik təmizləmənin daha dəhşətli forması olan və beynəlxalq cinayət kimi təsdiq olunan Xocalı soyqırımını həyata keçirənlərdən biri də məhz işğalçı ölkənin rəhbəri olan Serj Sarkisyan olmuşdur. Yəni, Xocalı soyqırımını törədib, cəzasız qalan S.Sarkisyan indi də NATO-nun yerləşdiyi Brüsseldə bu cür bəyanatlar verir. Ermənistan prezidentində bir arxayınçılıq da var ki, bu cür sərsəm, məhsuliyyətsiz və cinayət xarakterli bəyanatlarına dünyada elə bir reaksiya verilməyəcəkdir. Ona görə də, işğalçı ölkəyə rəhbərlik edən ağılsız Serj Sarkisyan bu cür bəyanatlarla çıxış edir. Bu da hər zaman haqqında bəhs etdiyimiz ikili standartlardır. Bir çox hallarda Avropa ölkələri hər hansı bir sözdən yapışıb, ona beynəlxalq hüquq baxımından qiymət verərək, orada cinayət tərkibi tapmaq istəyir. Amma bir halda Ermənistan prezidenti 21-ci əsrdə etnik təmizləmə siyasətinə haqq qazandırdığı halda buna göz yumur. Yəni, budur ədalətsizliklərin kökündə dayanan bir vəziyyət. Bu da təsdin edir ki, indiki müasir dünyada hüququn gücü yox, gücün hüququ işləyir.
- Serj Sarkisyan iddia edir ki, azərbaycanlılara qarşı soyqırımı siyasətinin aparılması "Daşnaqsütyun" partiyasının və "ASALA" erməni terror təşkilatının proqramından kənara çıxmayıb. Bu, onu deməyə əsas verirmi ki, Ermənistan hakimiyyəti sözügedən terror təşkilatlarının məram və məqsədlərinin həyata keçirməkdə israrlıdırlar?
- Ermənistanın dövlət terrorizmi siyasəti mövcuddur. "Daşnaqsütyun" partiyası Ermənistan hakimiyyətində və parlamentdə təmsil olunub. Yəni, onlar parlamentdə təmsil olunmaqla leqal fəaliyyət göstərirlər və özlərinin terrorçu simalarını gizlətməyə çalışırlar. Əgər bu gün Ermənistana rəhbərlik edən Serj Sarkisyan Xocalıda terror aktının həyata keçirilməsində birbaşa olaraq iştirak edibsə, o cümlədən, işğalçı ölkənin müdafiə naziri Seyran Ohanyan da Xocalıda soyqırımın törədilməsində yaxından iştirak edibsə, onda birmənalı şəkildə demək olar ki, Ermənistan dövlətində terrorçu qruplaşmalar hakimiyyətdə təmsil olunur. Yəni, sözügedən terrorçu qüvvələr Ermənistanı idarə edirlər. Hazırkı Ermənistanın hakim rejimi mahiyyət etibarilə terrorçudur və terrorçulardan təşkil olunub.
GÜLYANƏ