PDF Oxu

Müsahibə

  • 395

“Azərbaycan gəncliyi Dünya Azərbaycanlıları Birliyindən çox faydalanacaq”

“Azərbaycan gəncliyi Dünya Azərbaycanlıları Birliyindən çox faydalanacaq”

Hansısa problemin milli maraqlara qarşı çıxacaq formada qabardılması dövlət siyasətinə ziddir. Bir neçə gün öncə Azərbaycanda Dünya Azərbaycanlıları Birliyinin təsis qurultayı keçirildi. Qurultayın məqsədləri və töhfələri haqda Mədəniyyət və Turizm Nazirliyinin elmi metodik mərkəzinin bölmə müdiri Cavid Quliyev "SƏS" qəzetinə müsahibəsi zamanı məlumat verib:

- Qurultayın keçirilməsinin əsas əhəmiyyəti nədən ibarətdir?

- 2001-ci ildən Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra diasporun işi gücləndirildi. Bununla yanaşı, xaricdə yaşayan azərbaycanlıların təşkilatlandırılması sahəsində məqsədyönlü işlər görülüb. Azərbaycanlı Gənclər Forumunun təşkil edilməsi də məhz bu işlərin nəticəsidir. Gənclərin fəaliyyətinin günü-gündən yaxşılaşdırılması Azərbaycan üçün xüsusi önəm daşıyır. Bildiyiniz kimi, keçən il gənclər siyasəti ilə bağlı müvafiq bəndlərin də daxil edildiyi gənclər proqramı qəbul edilmişdi. Keçirilən qurultay da, öz növbəsində, bu proqramın bir hissəsidir. Azərbaycan gəncliyi bu təşkilatdan çox faydalanacaq. Fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində, gənclərin ictimai proseslərdə inkişafının və iştirakının sürətləndirilməsində bu qurultay xüsusi önəm daşıyacaq.

- Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanmasından söz açdınız. Konkret olaraq, bu birliyin yaradılması Azərbaycanın milli maraqlarının qorunub saxlanmasında hansı imkanları yaradacaq?

- Əvvəllər diaspor və gənclər təşkilatları pərakəndə fəaliyyət göstərirdilər. Təbii ki, Azərbaycan gəncliyinin nəyə qadir olduğunu birbaşa göstərə biləcək gücümüz və təşkilatlarımız var. Məsələn, dünyanın, demək olar ki, bütün ölkələrində "Xocalıya ədalət" kampaniyası həyata keçirilir. Bu birliyin əsas vəzifələrindən biri də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Burada Dağlıq Qarabağ probleminin həlli, Xocalı soyqırımının dünyaya tanıdılması, və erməni aqressiyasının Azərbaycana yönəlməsinin dünyada göstərilməsi kimi məsələlər ön plana çəkilib. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin təbliği və Azərbaycan gəncliyinin təşkilatlandırılaraq, böyük hədəflərə nail ola biləcəyini sübut etmək də birliyin əsas vəzifələri sırasındadır. 20 illik müstəqilliyimizə nəzər salsaq, Azərbaycan gəncliyinin nə qədər fəal olduğunu görərik. Düşünürəm ki, inkişaf etməkdə olan Azərbaycan gəncliyinin daha da uğurlara nail olması və ölkə həqiqətlərinin dünyaya çatdırılması istiqamətlərində bu birliyin əvəzsiz rolu və faydası olacaq.

-Bu gün Azərbaycan gənclərinin arasında sosial şəbəkələrdə Azərbaycan əleyhinə qeyri-qanuni çağırışlar edən, şüarlar səsləndirən qruplar mövcuddur. Bu cür cəhdləri necə qiymətləndirirsiniz?

- Təbii ki, bu cür şüarlar təəssüf hissi doğurur. Lakin ilk növbədə, baxmaq lazımdır ki, bu cəhdlər Azərbaycan gəncləri tərəfindən həyata keçirilir, yoxsa burada başqa təsirlər və qüvvələr rol oynayır. Hamımıza məlumdur ki, Azərbaycanın Dağlıq Qarabağ kimi problemi, soyqırımı kimi faktları var. Əgər bu gün Azərbaycan gəncləri fəallıq nümayiş etdirmək istəyirsə, bu həqiqətlərin və faktların dünyaya çatdırılmasına çalışsınlar. İstənilən dövlətdə problemlər olduğu da qəbulolunandır. Ona görə də, bir qrup gəncin toplaşaraq, bu kimi problemləri qabartması onların fikir, toplaşma azadlıqlarıdır və buna müdaxilə edə bilmərik. Lakin o gənclər unutmamalıdırlar ki, bu azadlıqdan süni istifadə etmək artıq düzgün deyil. Hansısa problemin milli maraqlara qarşı çıxacaq formada qabardılması dövlət siyasətinə konkret olaraq ziddir. Qərəzsiz mövqe prinsipi hamı tərəfindən birmənalı şəkildə qorunmalıdır.

-Sizcə, azadlıq anlayışları pozulmuş bu cür gənclərin doğru yola qaytarılması üçün hansı tədbirlərin görülməsi zəruridir?

-İlk növbədə, həmin gənclərə xatırlatmaq istərdim ki, hamımız bu dövlətin vətəndaşlarıyıq. Milli mənsubiyyətini daşıdığımız dövlətin milli-mənəvi dəyərlərinə sadiq olmaq hamımızın vətəndaşlıq borcudur. Hamımız eyni himni səsləndiririksə, bu himnə sadiq qalmalı, ölkənin çöküşünə deyil, inkişafına çalışmalıyıq. Son zamanlarda gənclər siyasətində mühüm inkişaf göz qabağındadır. Yanlış yolda olan gənclərin də bu siyasətə qoşulması üçün, təbii ki, bir sıra tədbirlər görülməlidir. Amma yenə də mən düşünürəm ki, ilk növbədə, gənclərin öz daxilində dövlət sevgisi hissi çirklənməkdən qorunmalı və gücləndirilməlidir.


GÜNAY MƏMMƏDOVA

Digər xəbərlər