PDF Oxu

Müsahibə

  • 506

“Bəzi müxalifət partiya sədrləri dialoqu düzgün başa düşüb, anlamırlar”

“Bəzi müxalifət partiya sədrləri dialoqu düzgün başa düşüb, anlamırlar”

Məlum olduğu kimi, Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mətbuata verdiyi açıqlamalarında hakimiyyətin müxalifətlə dialoqa hazır olduğunu bəyan edib. Bildirib ki, istənilən vaxt, istənilən yerdə və istənilən saatda müxalifətlə dialoq keçirtməyə hazırdırlar. Maraqlıdır ki, bu mövqe radikal müxalifət düşərgəsində çaxnaşma yaradıb. Radikal müxalifət funksionerləri əvvəlki dialoq təklifinə olduğu kimi, bu dəfə də fərqli, ziddiyyətli, heç zaman bu qrupun siyasi dialoqa hazır olmadığı görüntüsünü nümayiş etdirir. Söhbət etdiyimiz ADP sədri Sərdar Cəlaloğlu bunun səbəbini bəzi müxalifət partiya sədrlərinin dialoqu düzgün başa düşüb, anlamamaları ilə əlaqəldəndirib:


- Müxalifət ajiotaj yaratması ilə uzun müddət iqtidar-müxalifət arasında hər hansı bir təmasın olmaması və aralarında siyasi diskussiyanın olmamasından irəli gəlir. Gözlənilməz bu təklif, həqiqətən də, müxalifət arasında xoş əhvali-ruhiyyə yaradıb. Ona görə də, hər kəs bu dialoqa çağırışla bağlı özünün mülahizələrini söyləyir.

- Sizcə, bu təklifi irəli sürənə qarşı tənqidi fikirlər söyləmək nə dərəcədə siyasi etikaya uyğundur?

- Təbii ki, Əli Həsənovun söylədiyi dialoq təklifi müsbət dəyərləndirilir və mövcud hakimiyyətin mövqeyini də irəliyə doğru atdığı bir addım kimi qiymətləndirilir. Amma cəmiyyətdə siyasi dəyişilmələrin baş verməsinə yardımı baxımından, o qədər də əhəmiyyət kəsb etmir. Belə düşünürəm ki, bu diskussiyalar heç bir nəticə verməyəcək. Mətbuata verdiyim müsahibələrimdə cəmiyyətin müxtəlif qütblərində müsbət keyfiyyət dəyişilikləri ilə yanaşı, sağlam siyasi dialoqların aparılmasının vacibliyini də qeyd etmişəm. Təəssüf ki, demokratiyadan danışan bəzi müxalifət partiya sədrləri sözdə dediklərini əməldə həyata keçirməkdən çəkinirlər.

- AXCP (i) və Müsavat funksionerləri siyasi dialoqun yalnız dövlət rəhbərliyi ilə aparılması fikrində olduqlarını irəli sürməklə, dialoqa hazır olmadıqlarını nümayiş etdirmirlər ki?

- Bu fikir çox yanlışdır və qərəzli səslənir. Reallıqda dialoqun hakimiyyətin hansı şəxsi ilə aparılması önəmli deyil. Əsas odur ki, konkret ideyanın və ya təklifin müzakirə edilməsi üçün müxalifətlə iqtidar arasında dialoq baş tutsun.

- Demək olarmı ki, dialoq baş tutarsa, müxalifətdə kimin kim olduğu da üzə çıxar? Məhz bu qorxu partiya sədrlərini iddialı tələblər irəli sürməklə, dialoqun baş tutmasına məcbur edir.

- Bəli, bu cür iddialı tələblər irəli sürməklə, müxalifətin bəzi partiya sədrləri yanlış mövqe nümayiş etdirirlər. Əgər doğrudan da, hər hansı bir siyasi dialoq olarsa və bu dialoqda tərəflər hər hansı bir məsələ ilə bağlı ortaq qərar qəbul edərlərsə, onda hər iki tərəf üzərlərinə öhdəliklər götürmüş olacaqlar. Bunu müxalifətin iddialı partiya sədrləri də başa düşməlidirlər. Hesab edirəm ki, bunu dərk etsələr, o zaman onların dialoqla bağlı narahatlıqları da olmaz.

- Müsavat və AXCP (i) funkisionerlərinə görə dialoq yalnız "İctimai Palata"nın irəli sürdüyü təkliflər əsasında aparıla bilər. Bu halda, ADP, AMİP, "KAXCP" kimi partiyaların təkliflərinin aqibəti necə olacaq?

- AXCP (i) və Müsavat funksionerlərinin irəli sürdükləri tələb yanlışdır. Dialoqun mövzusu əvvəlcədən tərəflərin iştirakı ilə razılaşdırılmalıdır. Əgər müxalifət əvvəlcədən istədiyi təklifin müzakirə edilməsini irəli sürsə, o zaman iqtidar da deyər ki, gəlin, partiyaların buraxılmasını müzakirə edək. Müxalifət belə bir təklif irəli sürməklə, siyasi dialoqun nə olduğunu nümayiş etdirir. Siyasi dialoqda müxalifətin geniş təbəqəsi iştirak etməlidir, nəinki qrup kimi fəaliyyət göstərən "İctimai Palata". Əgər "İctimai Palata" hakimiyyətlə dialoq istəyirsə, qoy İsa Qəmbərov və Əli Kərimov gedib dialoqunu aparsın. Biz bu yolda onlara, sadəcə, uğurlar arzulayırıq.

- Deməli, müxalifətin bir tərəfi öz maraqlarını qorumaq üçün uğursuz səylərini hələ də davam etdirməkdədir?

- Qrup maraqlarından çıxış etmək, "Biz etməliyik", "Biz gələcəyik" kimi fikirlər səsləndirmək fərdi maraqlara xidmət edir. "İctimai Palata" cəmiyyətdə bir qrupdur. Bu qrup ümummüxalifət demək deyil. Onlar demokratik dəyərləri tam mənimsəmədiklərindən qrup maraqlarından çıxa bilmirlər. Mənə qaldıq da, dialoqun kiminlə aparılması önəmli deyil. Əsas odur ki, bu proses getsin.

İlqar Siyafov

Digər xəbərlər