PDF Oxu

Müsahibə

  • 1 704

Fazil Qəzənfəroğlu: “Müxalifətin dialoq təklifini rədd etməsi ən çox özünə ziyandır”

Fazil Qəzənfəroğlu: “Müxalifətin dialoq təklifini rədd etməsi ən çox özünə ziyandır”

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ölkə müxalifəti ilə istənilən zaman, istənilən yerdə görüşə hazır olduğunu deyib. Bu dialoq təklifi müxalifət düşərgələrində ciddi əks-sədaya səbəb olub. Müxalifətin məsələyə təpkisinin səbəbləri və digər məsələlərə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu "Səs" qəzetinə müsahibəsi zamanı aydınlıq gətirib.

- Fazil müəllim, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov müxalifət nümayəndələrinə dialoq təklifi ilə çıxış edib. Lakin müxalifət düşərgəsində bu təklif birmənalı qarşılanmayıb. Bunun səbəbini nə ilə izah edə bilərsiniz?

- Bunun əsas səbəbi müxalifətçilərin böyük bir qismində maksimalist yanaşma tərzinin olmasıdır. Onlar hər şeyin öz tələbləri və düşüncələrinə uyğun şəkildə dərhal həll olunmasını istəyirlər. Ona görə də, heç nəyə nail ola bilmirlər. Qəbul etmək lazımdır ki, Azərbaycan proseslərin tədricən inkişaf etdiyi cəmiyyətə malikdir. Ona görə də bütün məsələlərin həlli gec-tez dialoqlardan keçir. Əgər hakimiyyətlə hansısa dialoqa getmirlərsə, beynəlxalq təşkilatlardan istənilən məsələnin həlli üçün yardım gözləməyin nəticəsi ola bilməz. Ona görə də, müxalifət nümayəndələri bu təklifi normal qiymətləndirərək müəyyən addımlar atmalıdırlar. Yəni müsbət təkliflərə rədd cavabı verməkdənsə, müzakirə olunası mövzuları seçmək daha əlverişli ola bilərdi. Məsələn, siyasi partiyaların statusları ilə bağlı məsələni başlanğıc müzakirə obyekti kimi götürmək olar. Daha sonra isə əgər müxalifətin fərqli yanaşması varsa, Dağlıq Qarabağ mövzusu da müzakirə edilə bilər. Lakin ümumilikdə dialoqun baş tutmasına maneçilik törətmək və ya bu təklifə laqeyd yanaşmaq düşüncəsi birmənalı olaraq yanlışdır. Bu cür davranışlar, hər şeydən əvvəl, müxalifətin özünə də, mövqeyinə də ziyandır.


- Zaman-zaman hakim Yeni Azərbaycan Partiyasında da dialoq fikirləri səsləndirilir. Lakin buna baxmayaraq, müxalifət nümayəndələri dövlət rəsmiləri ilə görüşmək istəyirlər. Sizcə, bu istək dialoqun prinsiplərinə nə dərəcədə uyğundur?

- Məncə, burada məsələyə obyektiv yanaşmaq lazımdır. Əgər siyasi partiyaların rolundan söhbət gedirsə, burada əsas sözü deyəcək olan qarşı tərəf məhz dövlətdir. Yəni müzakirə olunan məsələlərlə bağlı qanun qəbul olunmasında yalnız dövlət əsas rol oynayır. Yeni Azərbaycan Partiyasının bu prosesdə yer alması, təbii ki, müsbət haldır. Lakin sonda qərarı partiyalar deyil, dövlət qurumları verir. Düşünürəm ki, məhz bu məqsədlə məsələnin partiyalar deyil, dövlət çərçivəsində müzakirəsi tələb edilir. Lakin bütün bunlarla yanaşı, düşünürəm ki, mövzudan asılı olaraq, Yeni Azərbaycan Partiyası ilə də dialoq qurmaq mümkündür. Yəni bu məsələdə YAP-la birgə dövlət orqanlarının iştirakı olmadan müzakirələr aparmaq olar. Lakin bütövlükdə dövlətə yönəldilən bu təklifin əsas məqsədi məsələlərin daha operativ həll olunmasıdır. Ola bilər ki, müxalifət partiyaları qanun çərçivəsində bərabər statuslu hesab olunan Yeni Azərbaycan Partiyası ilə səmərəsiz müzakirə olacağını və heç bir nəticə əldə oluna bilməyəcəyini düşünürlər. Lakin bütövlükdə, bu cür təkliflərə rədd cavabı belə müəyyən nəzakət qaydaları çərçivəsində verilməlidir. Çünki ölkədə sivil qaydada hansısa dialoqların təşkil olunması, ilk növbədə, elə müxalifətin öz xeyirinədir. Çünki əgər müxalifət nümayəndələri ölkədə təzyiq olduğunu deyib bunu pisləyirlərsə, onda bunun alternativi olan daha sivil yollarla məsələnin həllinə mane olmaqdansa, şərait yaratsınlar.

- Fazil müəllim, Cenevrədə bundan sonra icazəsiz mitinq keçirənlər 110 min avro cərimə ilə cəzalandırılacaq. Böyük Britaniyada sosial şəbəkələrdə müəyyən qadağalar qoyulub. Azərbaycanda bu cür tədbirlər keçirilmir. Sizcə, müxalifətin davranışları bundan sui-istifadə etdiklərini göstərmir ki?

- Təbii ki, icazəsiz mitinqlərin keçirilməsi doğru addım deyil. Lakin düşünürəm ki, icazəli mitinqlər ətrafında da dialoqların keçirilməsi əsasdır. Yəni bu üsulla həm sərbəst toplaşma hüquqlarından istifadə edilər, həm də icazəsiz aksiyaların keçirilməsi cəhdlərinin qarşısı alınar. İstər müxalifət, istər iqtidar hamımız bu ölkənin vətəndaşlarıyıq. Düşünürəm ki, aksiyalarla bağlı yerlərin müəyyənləşdirilməsi məslələsi də vacibdir. Çünki konkret yerlər müəyyənləşdirilərsə, ən azından müxalifətin bəhanələri kəsilər. Təbii ki, Fəvvarələr meydanında və ya əhalinin sıx məskunlaşdığı digər yerlərdə hansısa mitinqin keçirilməsinə mən də qarşıyam və bunun fəsadları da ağır ola bilər. Ona görə də bu məsələnin də dialoqda müzakirə olunması vacibdir. Gec-tez bu kimi məsələlərə aydınlıq gətirilməlidir ki, bəzi ziddiyyətlər aradan qaldırılsın.


GÜNAY MƏMMƏDOVA

Digər xəbərlər