- Cümşüd müəllim, müxalifətin radikal qanadının iqtidarı icazəsiz aksiyalarla hədələməsi və bu hədələrin reallaşması nə dərəcədə mümkündür?
- Məsələ ondadır ki, Azərbaycanda mitinqlər keçirməyə elə bir əsas yoxdur. Zaman-zaman radikal müxalifət bu kimi üsullardan istifadə edib. Azərbaycan hakimiyyətinin ağıllı siyasət aparması və beynəlxalq səviyyədə imicinin yüksəlməsi bəzi daxili və xarici qüvvələri olduqca narahat etməsinə gətirib çıxarıb. Onlar inkişafa doğru atılan inamlı addımları axsatmaqla, ölkəni zəlil vəziyyətinə salmaq niyyətindədirlər. Buna görə də beynəlxalq müstəvidə Azərbaycana siyasi təzyiqlər artmaqdadır. Bu qüvvələrin təsir dairəsini artırmaq üçün radikal müxalifət verilən sifarişləri həyata keçirməyə və ölkədə siyasi sabitliyi pozmağa çalışır. Bu "siyasətçilər" özləri də şüurlu şəkildə dərk eləyirlər ki, Azərbaycanda bu kimi pozuçuluq hallarına hər hansı bir zəmin yoxdur. İstər hadisələrin gedişi, istər ölkədəki siyasi mühit, birmənalı şəkildə Azərbaycanda siyasi sabitliyin pozulması üçün iqtisadi, siyasi, mənəvi, əxlaqi, mədəni və hərbi əsasın olmadığını, hətta sosioloji əsasın da olmadığını göstərir. Belə ki, ölkə rəhbərinin atdığı ardıcıl uğurlu addımlar radikal müxalifəti, doğrudan da, çox narahat eləyib. Keçirilən icazəsiz aksiyalar zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasından daim dəm vuran radikal müxalifət partiya sədrləri hələ də dərk eləmirlər ki, dünyanın hər bir yerində eyni prosedur var və buna görə aksiyalar icazəli olmalıdır. Heç bir normativlərə və hüquqi sənədlərə əməl etməyən radikal partiya sədrləri hər gün öz mətbuatlarında boş-boş və həqiqətə uyğun olmayan fikirlər səsləndirməklə, "azadlıq" deyə qışqırırlar . Savadsız radikal müxalifət partiya sədrləri Azərbaycan dilinə xas olmayan "vicdan məhbusları" terminini işlətməklə, bir daha özlərini gülünc vəziyyətinə salırlar. Gündəlik həyat yaşayış normalarını qarışdıran bu savadsızlar anlaya bilmirlər ki, Azərbaycanda indiyə kimi vicdanına görə saxlanılan vətəndaş yoxdur. 3-5 nəfərin toplaşıb fikir söyləməsini, xalqın adından danışmaq kimi qəbul etmək yanlış fikirdir.
- Cümşüd müəllim, indiki ictimai-siyasi sabitliyi pozmaq üçün İsa Qəmbər, Əli Kərimli və Rəsul Quliyevin canfəşanlıq etməsini nə ilə izah etmək olar?
- Adları sadalanan radikal partiya sədrlərinin xarici qüvvələrə meyilli olmaları geç kimə sirr deyildir. Hələ onların 1992-ci illərdə hakimiyyətdə olduqları dövrü yada salsaq, Azərbaycanın hansı bəlalara mübtəla olduğunu görərik. İsa Qəmbəri, Əli Kərimlisi, Rəsul Quliyevi və digərləri ölkədə vətəndaş qarşıdurması yaratmaqla, Azərbaycana silinməz yaralar vurublar. Yaxın keçmişə nəzər salsaq, İsa Qəmbərin spiker vəzifəsində olduğu günlərdə respublikamızın necə ağrılı-acılı bəlalar yaşadığını və boş-boş danışmaqda, vaxt ötürməkdə mahir olan bu səriştəsiz insanın necə çarəsiz qaldığını görərik. Ə. Kərimli, İ. Qəmbər və digər radikal partiya sədrlərinin zaman-zaman utopik fikirlər səsləndirməsi elə də təəccüblü hal deyil. R.Quliyevin isə indiki mövcud vəziyyətdə atdığı addımlara, əslində, onun özünün yox, xarici qüvvələrin sifarişləri əsasındadır. Tarixdə heç nə unudulmur. Hakimiyyət ləzzətini yaxınlarına daddıran, xalqın mənafeyini tapdalayan dövlətçilik və millətçilik prinsiplərini kobud şəkildə pozan radikal müxalifət partiya sədrləri, hakimiyyətdə olduqları zaman nəyə qadir olduqlarını göstərdilər.
İlqar Siyafov