- Azərbaycanda kifayət qədər nüfuzlu və dövlət idarəçiliyində iştirak edən bir xanım olaraq, ölkəmizdə qadınların fəallığının artırılması, gender bərabərliyinin qorunması istiqamətində atılan addımları, həyata keçirilən siyasəti necə qiymətləndirirsiniz?
- Mən hesab edirəm ki, həm tarixi ənənələrmiz, həm də Sovet dövründə, nə qədər tənqid etsək də, qazandığımız nailiyyətlər bu gün bu sahədə çox mütərəqqi addımların atılmasına zəmin yaradıb. Bu gün qadınlarımızın ictimai, siyasi proseslərdə yaxından iştirakı, öz sözlərini demələri üçün kifayət qədər imkan var. Bizim qoşulduğumuz beynəlxalq konvensiyalar, qanunlarımızın qabulu sırasında atdığımız addımlar, ümumiyyətlə, bütün qanunların gender ekspertizasından keçməsi, vaxtilə Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə atılan çox ciddi addımlar, bu gün o addımların zamanın tələbinə uyğun, daha dinamik, daha çevik həyata keçirilməsi şərait yaradıb ki, qadınlarımız istənilən sahədə öz potensiallarını göstərə, öz imkanlarını reallaşdıra bilsinlər. Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən kifayət qədər fəal qadınlarımız var ki, onlar nəinki Azərbaycanda, dünyada gedən proseslərə öz töfhələrini verirlər. Əsas odur ki, qadınlarımız özləri özlərini bu şəraitdə işləməyə, uğur qazanmağa hazır bilsinlər, daim çətinliklərdən qorxmayaraq, çəkinməyərək irəliyə doğru addımlasınlar, ən əsası vətəndaşı olduğu cəmiyyətin, nümayəndəsi olduğu millətin, bizim hər birimizin inkişafını istədiyimiz bu dövlətin qurulmasında, yüksək cəmiyyət quruculuğu işində öz məsuliyyətlərini hiss etsinlər.
- 2010-cu ildə parlament seçkiləri ərəfəsində seçicilərinizlə görüşlərinizdə belə bir fikir səsləndirmişdiniz ki, "millət vəkili olmaq nə qədər məsuliyyətli və şərəflidirsə, bu bölgənin insanlarının seçdiyi bir millət vəkili olmaq, qarabağlıları təmsil edən bir millət vəkili olmaq ikiqat daha məsuliyyətlidir". Siz, məsuliyyətinizi iki qat artıran səbəbləri nədə görürsünüz?
- Bu gün Qarabağ işğal altındandır. Bu gün təkcə qarabağlıların yox, bütün Azərbaycan xalqının, Azərbaycan dövlətinin qarşısında duran bir nömrəli məsələ Qarabağın işğaldan azad edilməsidir. Əlbəttə, bu, davamlı bir prosesdir və bu prosesdə hər kəsin öz yeri və rolu var. Amma mən düşünürəm ki, öz torpaqlarından didərgin düşmüş insanlar, onların təmsil edən insanlar daha fəal olmalıdırlar. Çünki bizim evlərimiz yağmalanıb, yurdlarımız talanıb, dağıdılıb, bu müharibənin dəhşətlərinin nə olduğunu öz həyatımızda hiss etmişik, yurd içində yurd həsrəti çəkməyin nə demək olduğunu yaxşı bilirik. Ona görə də, hesab edirəm ki, biz daha artıq səy göstərməliyik. Bu gün mənim seçicilərim qaçqın, köçkün həyatı yaşayan insanlardır. Düzdür, dövlətimiz bu insanların yüksək həyat şəraiti ilə təmin olunması üçün müvafiq işlər görür, mümkün olan hər şeyi edir, amma bu insanlar sosial cəhətdən yaxşılaşmış həyatlarını öz yurdlarından kənarda sürdürmək məcburiyyətindədirlər. Bunun özü psixoloji gərginlik, kompleks yaradır ki, bütün bunlar nəzərə alınmalıdır. Əlbəttə ki, ikiqat diqqətli, ikiqat qayğıkeş, ikiqat həssas, ikiqat məsuliyyətli olmalısan ki, bütün bu vəzifələrin öhdəsindən gələ, həm də bu incə məqamları nəzərə ala biləsən.
- Bahar xanım, Azərbaycan dövlətinin rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həllindən danışarkən həmişə əminliklə və böyük inamla bu problemin həll olunacağını vurğulayırlar. Bu inam və əminliyi yaradan səbəblər nələrdir?
- Bu əminliyin çox ciddi səbəbləri var. Əvvəla, biz heç kəsin ərazisini işğal etməmişik, bizim torpaqlarımız işğal olunub. Beynəlxalq hüququn prinsipləri, insan hüquqları, insanların yaşamaq, mülkiyyət hüquqları bizə münasibətdə pozulub. Bu isə onu deməyə əsas verir ki, beynəlxalq hüququn tələbləri, haqq və ədalət bizim tərəfimizdədir. Əminlik ilk növbədə burdan doğur ki, əvvəl - axır haqq - ədalət qalib gəlməlidir. Bu haqq - ədalətin zəfər gününü yaxınlaşdırmaq da bizim fəaliyyətimizdən asılıdır. Bu istiqamətdə də əminliyimiz var. Ona görə ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün ölkə Prezidentinin rəhbərliyi ilə uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan dövləti çox böyük nailiyyətlər əldə edib, Azərbaycan regionun ən güclü dövlətinə çevrilib, dünyanın diqqət və marağı ölkəmizə yönəlib. Bu isə deməyə əsas verir ki, biz öz problemimizi gec - tez aradan qaldıracağıq. Biz o torpaqlara mütləq qayıdacağıq.
- Maraqlıdır, biz Qarabağ danışıqlarında hansı nöqtədəyik?
- Biz danışıqlara müsbət nəticə baxımından yanaşsaq, artıq neçə ildir ki, eyni nöqtədəyik. Amma erməni lobbisinin, erməni maraqlarına xidmət edən beynəlxalq dairələrin, dünya erməniliyinin başlatdığı bir prosesdə artıq keçən hər gün onlar üçün uğursuzluq sindromunu möhkəmləndirir, Azərbaycan üçün isə uğur qazanmaq ehtimallarını daha çox artırır. Ən əsası, dünyada erməni mifi dağılmaqdadır. Azərbaycan həqiqətləri artıq daha geniş anlamda dünyada qəbul olunmaqdadır. Əgər vaxtilə, qondarma "erməni soyqırımı" qərarlarının qəbulu, xarici dövlətlərin parlamentlərində erməni maraqlarına xidmət edən qərarların qəbulu müşahidə edilirdisə, bu gün artıq Azərbaycan mövqeyindən qəbul edilən qərarlar və məsələlərə yanaşma özünü daha çox göstərməyə başlayıb. Artıq dünya ermənilərin öz siyasətlərini yalan üzərində qurduqlarının fərqindədir. Bunun özü Qarabağ məsələsinin haqq-ədalət çərçivəsində həllinə şərait yaradan amillərdən biridir.
- Azərbaycanın əldə etdiyi uğurlardan söz düşmüşkən, sizə belə bir sual ünvanlamaq istərdik. Bildiyimiz kimi, ölkəmiz may ayında keçiriləcək beynəlxalq musiqi yarışması "Eurovision 2012"yə evsahibliyi edəcək və bu istiqamətdə çox böyük işlər görülməkdədir. Amma istər ölkə xaricində, istərsə də ölkə daxilində bəzi qüvvələr bu məsələdən ciddi "narahatlıq" keçirirlər. Onlar hətta bəzi dövlətləri bu yarışmanı boykot etməyə çağırırlar. Bu "narahatçılığın" kökündə nə dayanır?
- Azərbaycanda uzun illərdir öz siyasi ambisiyalarını reallaşdıra bilməyən bir qrup uğursuz narazılar bu prosesləri gərginləşdirməklə öz niyyətlərinə çata biləcəklərini düşünürlər. Onlar hesab edirlər ki, vəziyyət nə qədər gərgin olacaqsa, özlərini bir o qədər yaxşı hiss edəcəklər. Bu, onlar üçün yeganə "saman çöpüdür". Azərbaycanın bütövlükdə uğuru sayılan, ölkəmizin dünyaya açılması və dünyanın Azərbaycana maraq və diqqətinin artması, ölkəmizi bir növ kəşf etməsi üçün çox gözəl bir şans olan musiqi yarışmasının gətirəcəyi dividentləri, nailiyyətləri bir kənara qoyaraq, özünün sırf qrup maraqlarından çıxış edənlər şaiələrlə, dezinformasiyalarla beynəlxalq aləmdə ölkəmizin nüfuzuna xələl gətirmək istəyirlər. Bu fəaliyyət Azərbaycanda yeni deyil. Mən hesab edirəm ki, bu da baş tutmayacaq. Kimlərsə öz siyasi ambisiyalarını bu yarışmanın hesabına reallaşdırmaq, bu yarışmanın ətrafında qalmaqal yaratmaq istəyirsə, əmin ola bilərsiniz ki, bunlar boş cəhdlərdir. Yaxşı olar ki, hər bir vətəndaş bu məsələyə daha çox azərbaycançılıq nöqteyi-nəzərdən yanaşsın.
Bu gün hər kəs ümumi məsələlərdə birləşməli, siyasi maraqları bir kənara qoymalıdır. Amma çox təəssüf ki, biz bir çox hallarda bunu müşahidə etmirik. Bu artıq onların həyatı, yaşayış tərzi, ifadə forması, "vətəndaşlıq mövqeyidir" ki, ümumxalq məsələlərindən də öz cılız siyasi ambisiyaları üçün istifadə edirlər. Ona görədir ki, zaman keçdikcə, sıraları daha da seyrəlir, ətraflarındakı insanlar onları tərk edirlər.
- Bir neçə gün öncə Azərbaycan Prezidenti cənab İlham Əliyev keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında Fərman imzalayaraq, uzun illərdir həllini gözləyən daha bir məsələni tamamilə aradan qaldırdı. Təbii ki, bu məsələnin iqtisadi tərəfləri mütəxəssislər tərəfindən geniş müzakirə olunur və olunacaq. Biz istərdik, bu qərarın humanizm, sosial, ictimai tərəflərindən danışaq...
- Bu, hər kəsin gözlədiyi və yerində bir addımdır. Mən həm öz adımdan, həm seçicilərimin adından cənab Prezidentə bir daha təşəkkür edirəm və inanıram ki, Azərbaycan hökuməti öz vəzifələrini qısa müddətdə yerinə yetirəcək və biz bütün digər problemlərimiz kimi, bu problemi də aşacağıq. Bu qərar ilk növbədə insanlarda öz dövlətinin onun mülkiyyətini, hüquqlarını yüksək səviyyədə qoruduğu qənaətini daha da möhkəmləndirir. Bu, həm də o cəhətdən əhəmiyyətlidir ki, Azərbaycan dövləti öz məsuliyyətini bilir, öz məsuliyyətini yerinə yetirmək üçün lazımi olan addımları atır. Əlbəttə ki, bu addımı atmaq üçün iqtisadi şərait olmalı idi. Bu illər ərzində Milli Məclis iclaslarında elə gün, elə toplantı olmayıb ki, əmanətlərə dair fikirlər səslənməsin. Onda da bilirdik ki, bu məsələ öz həllini tapacaq. Çünki bu gün dövlətin kifayət qədər ciddi iqtisadi potensialı var ki, bu addım uğurla reallaşdırılsın. Bu, insanlarımızın dövlətə inamını möhkəmləndirməklə yanaşı, dövlətin də öz imkanlarına etimadını artırır.
- Bahar xanım, 1993-cü ildə siyasi fəaliyyətinizə Yeni Azərbaycan Partiyasında başlamısınız. Bu 19 ildə siravi üzvlükdən, partiyanın rəhbər orqanlarına, İdarə Heyətinə qədər yüksəlmisiniz və bir çox qərarların qəbulunda birbaşa iştirak etmisiniz. Ona görə də, hesab edirik ki, bu sualı sizə ünvanlanmağa tam mənəvi haqqımız çatır. Ötən il 20 illik müstəqilliyini qeyd edən Azərbaycan üçün bu il yaranmasının 20-ci ildönümünü qeyd edən Yeni Azərbaycan Partiyası nə anlam daşıyır, bu partiyanın Azərbaycan dövlətçiliyi və xalqımız qarşısındakı xidmətləri nədən ibarətdir?
- Hər şeydən əvvəl YAP-ın Azərbaycan dövləti, xalqı və onun tarixində rolu əvəsizdir, misilsizdir. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan dövlətinin formalaşmasında, möhkəmlənməsində YAP-ın rolunu heç kəs inkar edə, onun üzərinə kölgə sala bilməz. YAP-ın fəaliyyəti həm də Azərbaycan dövlətinin, xalqının fəaliyyətidir. Çünki biz müstəqilliyimizi bərpa etdikdən sonra bu partiya yaranıb və yarandıqdan bir müddət sonra hakimiyyətə gəlib. Azərbaycanın ən çətin vaxtında üz tutulan qüvvə məhz Yeni Azərbaycan Partiyası, müraciət edilən şəxsiyyət YAP-ın yaradıcısı, Ulu öndərimiz Heydər Əliyev olub. Heydər Əliyev, Yeni Azərbaycan Partiyası və müstəqil Azərbaycan Respublikası XX əsrin sonunda Azərbaycan həyatının faktıdır. Bunu istəyən də, istəməyən də qəbul etməlidir. Bu gün YAP təkcə ölkə daxilində fəaliyyət göstərmir. Regional və dünya miqyasında fəaliyyət göstərən partiyaya çevrilib. Bu əməkdaşlığımız xalqlarımız arasında əlaqələrin sıxlaşmasına töfhələr verdiyi kimi, dünyada gedən proseslərdə YAP-ın rolunu da gücləndirir. Hesab edirəm ki, bu nailiyyətlərin əldə edilməsində Ümummilli liderimiz Heydər Əliyevin, partiyanın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin və YAP-ın hər bir üzvünün əvəzsiz xidməti var. Mən bundan qürur duyuram ki, belə bir partiyanın sıralarındayam.